"Lamiyə olayına son qoyulmalıdır"
“Lamiyə Quliyeva ilə bağlı məsələni mətbuatın gündəminə atan dairələr var. Düşünmürəm ki, məsələnin bu şəkildə meydana çıxması təsadüfü xarakter daşıyır”
"Xeberinfo.com": Məlumata görə, bunu AzVision.az-a açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
Vitse-spiker Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə günahlandırılan məhkum Lamiyə Quliyeva ilə bağlı xəbərlərin bu gün ölkə mətbuatının gündəmini zəbt etməsinə münasibət bildirib.
Qeyd edib ki, Azərbaycanın bəzi mətbuat orqanları bu məsələdə alət rolunu oynayırlar:
“Mən hadisələrin bu şəkildə cərəyan etməsinə çox təəssüf edirəm. Bu gün dünyanı, həmçinin Azərbaycanı narahat edən çox ciddi məsələlər var. Bu gündəmi kənara qoyub, belə bir məsələnin ətrafında geniş diskusiyalar açmaq, bu və ya digər fərziyyələr irəli sürmək, yəni bu cəfəngiyyatla Azərbaycan ictimaiyyənin gündəmini məşğul etmək hesab edirəm ki, tək bizim mətbuatın işi deyil. Bu məsələni mətbuatın gündəminə atan dairələr də var. Düşünmürəm ki, bu gün Lamiyə olayının bu şəkildə meydana çıxması təsadüfü xarakter daşıyır. Bu mənim qənaətimdir. Qəti şəkildə düşünürəm ki, bu, Azərbaycanın gündəmini hay-küy, ajiotaj yaratmaqla, əhəmiyyətsiz və cılız bir məsələlərlə zəbt etmək məqsədi daşıyır”.
Daha sonra Milli Məclis sədrinin müavini qeyd edib ki, bu məsələlər fonunda Azərbaycanın ədliyyə, məhkəmə sistemi, hüquq mühafizə orqanlarının işini və Pentensiar Xidmət istiqamətində aparılan islahatları, əldə olunan nailiyyətləri gözdən salmaq və məsələləri tamamilə başqa istiqamətə yönəltmək istəyirlər:
“Mən buna çox təəssüf edirəm ki, Azərbaycan mətbuatı bu kimi məsələlərdə alət rolunda çıxş edir. Söhbət bəzi mətbuat orqanlarından gedir. Hüquqda təqsirsizlik deyilən bir maddə var. Hər hansı bir konkret hökm olmadan, konkret hərəkət və fəaliyyətlə bağlı hüquq mühafizə orqanlarının dəqiq mövqeyi olmadan kimisə cinayətdə suçlamaq, adını hallandırmaq, bu və ya digər cinayət əməlində ittiham etmək hesab edirəm ki, düzgün deyil.
Hüquq-mühafizə orqanlarının araşdırmasından sonra aydınlıq gətiriləcək olan məsələlərin ətrafında ehtimallara söykənən fikirlərlə ictiamiyyəti çaşdırmaq, ictimai rəyə nələrisə sırımaq hesab edirəm ki, doğru deyil.
Mən mətbuatı və ictimaiyyəti Azərbaycanı əslində narahat edən problemlər ətrafında bu cür həssaslıq göstərməyə çağırıram. Həm bu məsələni körükləyən, həm də bundan öz məqsədləri üçün istifadə edən dairlər hesab edirəm tamami ilə başqa məqsədlərə xidmət edirlər. Hər gün cəbhə xəttində atışma nəticəsində sağlamlığını, həyatını itirən gənclərimiz olduğu halda, Azərbaycan ərazilərinin Ermənistanın daimi təcəvüzkar siyasəti nəticəsində atəşə məruz qaldığı halda bu kimi məsələləri bir kənara qoyub, xüsusi ilə də beynəlxalq aləmdə, dünyanı təhdid edən məsələlər olduğu halda bu kimi məsələlər baş qatmağı mən məqsədə uğun hesab etmirəm. Azərbaycanın milli mənəvi dəyərləri, hər zaman vurğuladığımız mentaliteti bir sıra məsələlərin ətrafında belə çılpaqlığı ilə və çirkincəsinə aparılan müzakirələri qəbul etmir. Mən bütün bunlara məhz mənəvi dəyərlərimizin gözündən yanaşmağı lazım bilirəm. Müvafiq orqanlara da öz fəaliyyətlərini həyata keçirməyə imkan versinlər. Mətbuatı və bu məsələdə öz maraqlarını müdafiə edənləri bir az Azərbaycançı və vətənpərvər olmağa çağırıram”.