Nyutonun başına alma, bəs Nəriman Əliyevin başına nə düşüb?
Bu gün Azərbaycanda onlarla, bəlkə də yüzlərlə insan saxta ali təhsil diplomu ilə müxtəlif dövlət qurumlarında çalışır.
Yenixeber.org: Dəfələrlə bu şəxslərin siyahısını müvafiq qurumlardan əldə etməyə çalışsaq da mümkün olmayıb. Bu siyahını sanki dövlət sirri kimi qoruyurlar.Ancaq bizdə olan məlumata görə, dövlət qurumları saxta diplom sahibi olan bəzi şəxslərə “öz xahişi ilə ərizə yazıb sakitcə işdən uzaqlaşmağı” məsləhət bilirlər.
Bəs ortada olan cinayət əməli..?Dövlət büdcəsindən illərlə ödənən əmək haqqı..?
Ən dəhşətlisi odur ki, saxta diplom sahibləri arasında 50 yaşında universitetə daxil olanlar, 60 yaşında alim olanlar da az deyil. Yəni bu şəxslərin saxta universitet qurtarmasını sübut etməyə heç bir ehtiyac yoxdur.Axı, 18-20, yaxud 25 yaşında, yəni beyninin güclü vaxtında ali məktəbə daxil ola bilməyən gənc necə olur ki, 45, yaxud 50 yaşında universitetə daxil olur..? 55 yaşında diplom alır...Bəlkə bunlara gecənin birində vergi verilir..? Bəlkə bunlara göydən vəhy gəlir..?
Bu elementar məntiqə sığmır, axı. Görəsən bu şəxslərin sənədləri mühüm dövlət adamlarının masasının üstünə gedəndə sual verən olmur ki, necə oldu, sən 50 yaşında universitetə daxil oldun..?Ən dəhşətlisi odur ki, belələri hətta “xalqın səsini qazanıb Milli Məclisə deputat seçilirlər”.Heç kimə sirr deyil ki, Azərbaycanda yuxarının icazəsi olmadan, nə YAP-çını, nə də hansısa müxalifət partiyasının sədrini Milli Məclisin kandarına buraxmazlar. Kimin xoşuna gəlsə də, gəlməsə də, bu Azərbaycan reallığıdır və mən siyasətdən az-çox başı çıxan adam kimi bunu başa düşməyə və hətta qəbul etməyə çalışıram.Ancaq niyə, saxta yolla diplom alanlar deputat seçilsin..?Əlavə problem yaratmağa nə ehtiyac var..? Deputat qoymaqdırsa, elə ali təhsilli birini qoyun və əlavə problem yaranmasın. Axı, hər seçkidə deputat olacaq şəxslərin siyahısı PA-da diqqətlə öyrənilir. Mən bunu da təbii qəbul edirəm. Ancaq niyə ölkə başçısı sual etmir ki, bu şəxsə 50 yaşında peyğəmbərlik verilib..? Ki, 50 yaşında tələbə olub...
50 yaşında vəhy verilənlərdən biri də Milli Məclisin Masallıdan olan üzvü Nəriman Əliyevdir. O, 20 yaşında Bakı Ticarət Texnikumuna, 55 yaşında isə Rostov Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub.Görəsən, 50 yaşdan sonra hansı möcüzə baş verib ki, Nəriman müəllim əcnəbi dildə universitet təhsili alıb.
Bəllllidir ki, dahi İsak Nyutonun başına alma düşüb və alim Ümumdünya cazibə qanunu kəşf edib. Bəs görəsən, Nəriman müəllimin başına göydən nə düşüb ?
Məlumdur ki, sovet dövründə Ticarət texnikumunu bitirənlər ən yaxşı halda dükanda satıcı işləyər, kooptorqda meyvə-tərəvəz satar, ya da yol qırağındakı pavilyonda çalışardı.Bax, əsl Azərbaycan möcüzəsi budur: kooptorqdan Milli Məclisə hoppanmaq...Əslində hörmətli Nəriman müəllimi qınamalı deyil, bütün ölkə bu gündədir.Yaxşı olar ki, bu rüsvayçılıq barədə ölkəni idarə edənlər düşünsün.(nuh.az)
Kamran Məhərrəmli