Xəbərdarlıq:Bu sürücülər 200 manat cərimələnəcək
“Koroğlu” metrosunun ətrafı daim ən qalmaqallı və problemli ərazi olub. Son günlər sözügedən ərazidə daha da artan xaosun səbəbi yeni dərs ilinin başlaması ilə əlaqədardır. Ərazidəki avtobuslar əhalini vaxtı-vaxtında mənzil başına çatdıra bilmir.
Yenixeber.org: Bu sözləri yol-nəqliyyat eksperti Elməddin Muradlı son bir neçə gündür “Koroğlu” metrostansiyasının Hava Limanı istiqamətində olan çıxışında yaşanan avtomobil sıxlığının səbəbi barədə danışarkən deyib.
E.Muradlı bildirib ki, həmin ərazidə birmanatlıq taksilərin həddən artıq çox olmasına səbəb Bakı kəndlərinə gedən avtobusların sayının az olması və intervalın düzgün tənzimlənməməsi ilə əlaqədardır:
“Belə olduğu təqdirdə 1 manata işləyən taksilərə ehtiyac yaranır. Əvvəl taksilər bir cərgə olaraq düzülürdüsə, indi 2-3-cü cərgə düzülürlər. Həmçinin onu da qeyd edim ki, həmin ərazidəki sıxlığa səbəb təkcə taksi sürücüləri deyil. Bakı kəndlərindən şəhərə şəxsi maşını ilə işləməyə gələnlərin əksəriyyəti də axşam saatlarında kəndə qayıdarkən metronun çıxışında dayanaraq, sərnişin götürür. Bu da həmin ərazidə sıxlığı daha da artırır. Buna əslində normal yanaşmalıyıq, çünki tələbat var bu taksilərə. Səbəb isə sadədir – avtobusların olmaması, olanların ya gec gəlməsi, düzgün intervalla işləməməsidir. Vətəndaş işə, dərsə gecikməmək üçün 30 qəpiklik iki avtobus dəyişməkdənsə, birmanatlıq taksiyə üstünlük verir”.
Ekspert bildirib ki, günün pik saatlarında vəziyyət daha da acınacaqlı vəziyyətə düşür. Ən pisi isə heç bir sürücünün yol polisinin əmrinə tabe olmaması, polisə əhəmiyyət verməməsidir:
“Çünki sürücülər hesab edir ki, dayanma-durma ilə bağlı cəriməni Bakı Nəqliyyat Agentliyi yazırsa, yol polisi onlara heç nə edə bilməz. Ancaq bu, qətiyyən belə deyil və məsələyə bu şəkildə yanaşmanı doğru hesab etmirəm. Çünki yol polisinin hərəkətin təşkili və təhlükəsizliyini təmin etmək səlahiyyəti var. Ancaq sürücülər polisin əmrinə məhəl qoymurlar. Sürücülərin bu məsuliyyətsizliyi sonra o həddə çatacaq ki, polisin qanuni tələbini yerinə yetirməməyə görə onlara 200 manatlıq cərimə tətbiq edəcəklər.
Məsələn, İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə görə, polisin və hərbi qulluqçunun qanuni tələbini yerinə yetirməməyə görə 200 manat cərimə, 1 aya qədər də inzibati həbs nəzərdə tutulub. Polis humanistlik edib bu addımı atmırsa, bir manata işləyən sürücüyə xoşgörü nümayiş etdirirsə, bundan sui-istifadə etmək olmaz. Ancaq bir çox sürücü polisi ciddi tədbirlərə vadar edir. Sürücülər niyə başa düşmür ki, polis onlara cərimə yazmaqda maraqlı deyil. Sadəcə, problemi sivil yolla həll edə bilmədikdə məcbur qalıb cərimə yazırlar”.
E.Muradlı əlavə edib ki, polisin əmrinə məhəl qoymayan sürücülər üzündən BNA ilə yanaşı, DYP əməkdaşları da dayanma-durma qaydalarını pozanları cərimələməyə məcbur olacaq:
“Sürücülər axırda o həddə çatdıracaq ki, dayanma və durmaya görə BNA ilə yanaşı, polislər də onlara cərimə tətbiq edə biləcəklər. Zərurət yaranacağı təqdirdə bu addım da atıla bilər. Bu səbəbdən sürücülər fikirləşməsin ki, polis ona cərimə yazmırsa, onun əmrinə məhəl qoymaya bilərlər. Sürücülər birdəfəlik dərk etsin ki, polis ona göstəriş verirsə, bu, qanuni tələbdir, bu göstərişə tabe olmaq isə vacibdir”.
Qeyd edək ki, pik saatlarda “Koroğlu” metrostansiyası ətrafında yaranan xaos zamanı polisin qanuni tələbinə sürücülərin laqeyd yanaşması müşahidə edilir. Bu isə polisin yol təhlükəsizliyini təmin etməsinə mane olur.
Bəzi ekspertlər sürücülərin polisin əmrinə dərhal tabe olması üçün dayanma-durma ilə bağlı cərimə yazılması səlahiyyətinin polisə qaytarılmasını çıxış yolu kimi görür. (Axar.az)