Azərbaycanda 16 kişi insan alverinin qurbanı olub -Şok hesabat
“Ötən il həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 144 insan alveri, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 35 cinayət qeydə alınıb, 28 nəfərdən ibarət 13 cinayətkar qrup zərərsizləşdirilib, axtarış elan olunmuş 51 təqsirləndirilən şəxsdən 66,6 faizi və ya 34-ü tutulub".
Yenixeber.org: bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatında əksini tapıb.
Sənəddə bildirilib ki, insan alveri və məcburi əmək cinayətlərinə görə başlanılmış cinayət işlərindən 27-nin istintaqı tamamlanaraq 34 təqsirləndirilən şəxs (29-u qadın, 5-i kişi) məhkəmə məsuliyyətinə verilib, 23 insan alverçisi barədə ittihamedici hökmlər çıxarılıb.
Müəyyən edilən 98 insan alveri qurbanından (82 qadın və 16 kişi, hamısı Azərbaycan Respublikasının vətəndaşı) 71-i istismar məqsədilə Türkiyə Respublikasına, 20-si Rusiya Federasiyasına, 3-ü İran İslam Respublikasına aparılıb, 2-si isə Birləşmiş Ərəb Əmirliklərində, 1-i Malayziyada, 1-i isə Azərbaycanda istismara məruz qalıb.
Zərərçəkənlərdən 95-i Daxili İşlər Nazirliyinin sığınacağına yerləşdirilərək hər birinə tibbi, psixoloji, hüquqi yardımlar göstərilib, 61-i sosial xidmətlərlə əhatə olunması məqsədilə qeyri-hökumət təşkilatlarına, 92-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan alveri qurbanları üçün Yardım Mərkəzinə istiqamətləndirilib. Nəticədə onlardan 32-si işlə təmin edilib, 46-sı peşə kursuna göndərilib, 69-u ailələrinə qaytarılıb, eləcə də hər birinə 400 manat məbləğində birdəfəlik müavinət ödənilib. Qurbanların övladları da diqqət mərkəzində saxlanılaraq 25 uşaq məktəbəqədər təhsil proqramına yönəldilib, 16-nın atalığı müəyyən edilərək alimentlə təmin olunmasında, 13-nə lazımi sənədlərin alınmasında köməklik edilib.
Xarici ölkələrdə əmək fəaliyyəti, təhsil, əcnəbilərlə nikah, məişət zorakılığı, miqrantların müvəqqəti qeydiyyatı, övladlığa götürmə və digər məsələlərlə bağlı "152 saylı Qaynar xətt" telefon xidmətinə daxil olan 6 310 müraciət araşdırılaraq qanunauyğun ölçülər götürülüb, təşəbbüskarlara zəruri izahlar verilib.
Qeyd edək ki, illik məlumatı Milli Məclisin mayın 3-də keçiriləcək plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov təqdim edəcək.(Report)