İKİ SABİQ XANIM DEPUTAT “ATIŞDI” –Qarşılıqlı ittihamlar
Sabiq deputat Gültəkin Hacıbəylinin öz “facebook” səhifəsindən paylaşdığı status onun eks-deputat həmkarı Gülər Əhmədovanı möhkəm qəzəbləndirib. Gülər Əhmədova da öz səhifəsindən ona cavab verib.
Yenixeber.org: İki sabiq xanım deputatın sosial şəbəkədəki “atışmasını” təqdim edirək, kimin nə qədər haqlı olduğunu müəyyənləşdirməyi oxucuların ixtiyarına buraxırıq.
Gültəkin Hacıbəylinin statusu: “Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dövlət adından bir milyon dollar həcmində dələduzluq cinayəti törətməkdə təqsirli bilinib həbs olunan keçmiş millət vəkili Gülər Əhmədovanın ayda üç min manat deputat pensiyası aldığı ölkədə, o ölkəyə müstəqillik qazandırmış istiqlalçı millət vəkili Məryəm xanım Həsənova evi olmadığı üçün ağbirçək yaşında yaşadığı yataqxanada, səfalət içində gözlərini həyata əbədi yumub. İstiqlal düşmənlərinin vəzifə, parlament kürsülərində əyləşdiyi ölkədə gerçək istiqlalçıların taleyi məhz belə də olmalıdır. Allah Məryəm xanıma rəhmət eləsin, nur içində yatsın. Onun haqqını yeyənlərin yediklərini qusacağı günü də görəcəyik, inşallah!”
Gülər Əhmədovanın statusu: “Gültəkin o qədər gülməli birisidir ki, onun əməllərinin üstü hələ çox açılacaq… Bu, hələ qanmır ki, artıq bunun iç üzünü hətta AŞPA da tanıdı. Və buna cəza kəsdi ki, ay yalançı, sən artıq AŞPA-nın bütün binalarına belə girə bilməzsən. Gültəkin getsin, yazsın ki, niyə 10 il deputat olanda həmin istiqlalçı qadın deputatın hayına getməyib, amma ölkədə əl qoymadığı biznes, ev almadığı bina, torpaq almadığı bələdiyyə qalmamışdı. Gültəkin yazsın, görək, niyə mitinqə gələn bu qədər müxalifətçini aldadırdı ki, guya AŞPA və digər Qərb institutları ilə gözəl münasibətləri var. Gültəkin harda, hansı siyası qüvvənin yanında olubsa, qeyri-səmimi və riyakar davranıb. Burdan sənə səslənirəm: “Sakit ol, sənin üzünə qapılarını əbədi bağlamış AŞPA-nın niyə məhz sənə belə davrandığının səbəblərini yaz. O dilsiz-ağızsız qadının ruhu ilə alver eləmə. Sən siyasi alverçisən. Bu heç, məlum məsələdir. Gündəmi bu qadının ruhu ilə dəyişməyə çalışırsan, bu da sənin alver predmetindir. Amma məni müzakirəyə çıxarmağa çalışma. Mən sənə və sənin kimi dəxli oldu-olmadı, mənim adımı çəkən kompleksli adamlara cavab vermirəmsə, bu mənim sizdən qorxduğuma və ya cavab üçün arqumentlərimin olmadığına dəlalət etmir. Əgər bir qadın xanımlığına və yaşına hörmət edib, hər kəsə cavab vermirsə, bu qorxaqlıq deyil. Mənə lap gənc yaşlarımdan verilən öyüdlərdən biri də budur ki, “Qaravaşın işi xanımın arxasınca danışmaqdır”. Böyüklük məndə qalsın deyə, çox hədyan və mənasız sözlərə cavab vermirəm.
Amma unutma ki, səni mənim qədər bu ölkədə çox az adam tanıyır və mən sağam, sənə də gözləmədiyin çox mətləbləri xatırladaram ki, AŞPA-nın sənin üzünə bağlanan əbədi qapıları bu mətləblərin qarşısında yalan olar. Sən heç vaxt Gülər Əhmədova kimi davrana bilməzsən. Sənin başına mənim yaşadıqlarım gəlsəydi, indi çoxdan Avropada siyasi mühacir statusu alıb, dünən sənə arxa duranlara şər-böhtan yağdırırdın. Sən özündən başqa heç kimi sevə bilməyən, təkəbbür və nifrətdən boğulan, hər dəqiqə vəzifə və mandat üçün bütün yollara baş vuran bir əqidəsizsən. Sən illər keçsə də, nə heç kimlə dost ola bildin, nə də kimsəyə yaxşılıq etmədin. Yalnız şəxsi çıxarların ucbatından kiməsə” dost” kimi görünə bilərsən. İqtidarda olarkən müxalıfətə, müxalifətdə ikən iqtidara şpionluq etmək ən böyük siyasi fəaliyyətindir. Belə də davam elə… Dünyasını dəyişmiş bir qadınla alverin alınmadı. Sağkən bir addım atsaydın, bu gün sənə kimsə inanardı… Gecikdin… Həyatda hər bir məsələdə olduğu kimi, yenə də gecikdin…”(azpolitika)