Buralar "Azərsun" şefinə dədəsindən qalıb? -NARAZILIQ
Yenixeber.org: Bir vaxtlar insanların duz yığıb satdığı, həmçinin müalicəvi yer kimi istifadə olunan Masazır gölünü indi yalnız kənardan izləmək olur. Gölün ətrafı hasarlanıb, duzları isə artıq "Azərsun" tərəfindən istismar olunur.
Bu barədə Cebhe.info-ya ərazidə yaşayan sakinlər bildirib. Onların sözlərinə görə, vaxtı ilə adı çəkilən göl yaz-yay aylarında müxtəlif xəstəlikləri olan insanların güman yeri olub. Bununla yanaşı sakinlər iddia edir ki, ərazidə yaşayan kasıb, işsiz insanlar da buradakı duzu yığıb satmaqla özlərini dolandırırmışlar:
"Uzun zamandır Masazırda yaşayıram. Yadıma gəlir əvvəllər insanlar gəlib gölün ətrafında gəzərdilər. Çünki eşitdiyimə görə buranın suyu müalicəvidir. Elə adamlar var idi ki, həkim məsləhəti ilə gəlib ayağını burada suya qoyardı. Buranın suyu əsasən astma xəstələri və ayağında revmatizması olanlar üçün çox yararlıdır. Amma indi çox təəssüf ki, gölü sadəcə dəmir hasarlardan izləyirik. Axı bu göl xalqındı, bunu niyə hasarlamalıdırlar ki?. Aidiyyatı orqanlar gərək bu məsələ ilə məşğul olsunlar".
Eyni problemdən narazı olan başqa bir Masazır sakini isə deyir ki, bu göl əvvəllər ehtiyacı olanların qazanc, işsizlərin iş yeri idi:
"Mənim özüm 25 yaşında oradan duzu çıxarıb biraz təmizləyib satırdım. İndi "Azərsun" gəlib öz malı kimi hər yeri hasarlayıb. Halbuki, buradan xeyli insan evinə çörək aparırdı. Ondan da əlavə müalicəyə ehtiyacı olanlar gəlirdi, hətta rayonlardan belə gələnlər vardı. Görün neçə-neçə insanlar buradan yararlanırdı. Çox təəssüfləndirici haldır ki, heç bir əsas gətirilmədən buranı öz xeyirlərinə hasarlayıb, insanları bura buraxmırlar" .
Məsələ ilə bağlı Abşeron rayon icra hakimiyyətinin başçısının köməkçisinin (012) 342-11-88 nömrəli telefonuna dəfələrlə zəng etsək də, cavab verən olmadı. Eyni məsələ ilə bağlı hazırda ərazinin sahiblərindən olan "Azərsun" şirkətinə də müraciət etdik. Şirkətin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Afiq Səfərov suallarımıza yalnız sorğu göndərdikdən sonra cavab verə biləcəyini bildirdi. Öz növbəmizdə Cebhe.info olaraq sorğunu göndərsək də, suallarımıza cavab gəlmədi. Sözügedən şikayətlərlə bağlı qarşı tərəflərin mövqelərini də yazmağa hazırıq.