İş adamının polkovnikdən 193 min manatlıq tələbi –MTN işi
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə zərərçəkmiş kimi tanınan iş adamı apelyasiya şikayəti verib.
"Yenixeber.org" Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hökmündən apelyasiya şikayəti verən zərərçəkmiş Vidadi Əzizov təqsirləndirilən Mirəziz Əsgərovun cəzasının ağırlaşdırılmasını istəyib.
İş adamı həmçinin Mirəziz Əsgərova qarşı 193 min manat, Azərbaycan dövlətinə qarşı 1 milyon 200 min manat mülki iddiasının təmin olunmasını da tələb edib.
Mirəziz Əsgərovun özü də məhkəmə hökmündən apelyasiya şikayəti verib. O, günahsız olduğunu, Vidadi Əzizov tərəfindən şərlənməsi nəticəsində həbs edildiyini qeyd edib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mirəziz Əsgərov 4 il müddətinə azadlıqdan məhrum edilib. O, 1 il 6 ay rəhbər vəzifə tuta bilməz.
Hökmə əsasən, zərərçəkmişin mülki iddiası rədd edilib.
Təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş əmlakı və onun evindən götürülmüş pul Mirəziz Əsgərovun özünə qaytarılması barədə də qərar qəbul edilib.
Prokuror çıxışında Mirəziz Əsgərovun 2 il rəhbər vəzifə tutmaq hüququnu itirməklə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Dövlət ittihamçısı Vüqar Quliyev söyləyib ki, zərərçəkmiş Vidadi Əzizov Azərbaycan dövlətinə qarşı 1 milyon 200 min manat və Mirəziz Əsgərova qarşı isə 193 min manatlıq mülki iddia qaldırıb: “Zərərçəkmiş dövlətə qarşı iddiasını əsaslandıra bilməyib. Qeyd edib ki, vəzifəli şəxs ona qarşı cinayət törədibsə, dövlət məsuliyyət daşıyır. Vidadi Əzizova qarşı 2012-ci ildə cinayət törədilib və bu müddət ərzində müvafiq qurumlara müraciət etməyib. Yalnız 2015-ci ildə rəsmi müraciət edib.
Vətəndaşın şikayəti ilə bağlı ciddi tədbir görülüb. Buna görə də onun dövlətə qarşı mülki iddiası tam rədd edilməli, Mirəziz Əsgərova qarşı iddiası isə baxılmamış saxlanılmalıdır”.
Prokuror əlavə edib ki, Mirəziz Əsgərovun üzərinə həbs qoyulmuş əmlakları ilə bağlı tədbirin görülməsi məhkəmənin mülahizəsinə buraxılsın.
İttihama görə, Mirəziz Əsgərov Vidadi Əzizovu İran və digər dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandıraraq həbs edib. Ondan hədə-qorxu yolu 500 min manat alıb. Bundan sonra Vidadi Əzizov sərbəst buraxılıb.
Daha sonra Mirəziz Əsgərov Vidadi Əzizovun sahibkarlıq fəaliyyətinə mane olmamaq üçün 100 min dollar tələb, amma son nəticədə 40 min manat alıb.
O, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilib.