"Sahil - S İnşaat" MTK-dan yenə saxta möhür, yenə...165 ailə Korrupsiya ilə Baş Mübarizə İdarəsinə üz tutdu

Paytaxtın Suraxanı rayonu, Yeni Günəşli ərazisində yerləşən "Sahil - S İnşaat" MTK-dan mənzil almış sakinlər Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinə müraciət ünvanlayıb.
Yenixeber.org: Redaksiyamıza verilən məlumatda qeyd olunub ki, onlar növbəti bir dələduzluq və saxtakarlıq faktı ilə üzləşiblər. Sakinlər bu dəfə də Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinə sığınır və özbaşınalığın qarşısının alınacağına inanır. Müraciətdə əvvəlcə vurğulanıb ki, sözügedən MTK-nın rəhbəri Taley Alaverdiyev və onun şəriki Pənah Kərimov bir mənzili bir neçə adama satdığı üçün həbs olunublar. Bundan sonra 165 ailənin mənzil problemi ortada qalıb. Lakin prokurorluğun xüsusi nəzarəti altında bir sıra məsələlər həllini tapıb. Müraciətdə bildirilir ki, bu dəstəyə görə 165 ailə hər zaman Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinə minnətdardır: "Məhz həmin vaxt aparılan düzgün istintaq Taley Alaverdiyev və Pənah Kərimovun fırıldağını üzə çıxardı, onlar həbs edildilər. Sonra aldadılmış sakinlərin mənzil probleminin həllində idarənin bizə böyük köməyi dəydi. Bunun davamı olaraq, Korrupsiya ilə Mübarizə Baş İdarəsi sakinlərə kömək olaraq qaz, su, işıq təminatında böyük dəstək verdi. Bu gün mənzillərin kommunal təchizatında heç bir problem yoxdur. Səbəb idarənin məsələni daim diqqətdə saxlamasıdır. Buna görə bir daha təşəkkür edirik. Ancaq hazırda daha bir ciddi problemin həllinə ehtiyac var".
Sakinlərin müraciətində deyilir ki, məsələ MTK adından növbəti saxtakarlıq edilməsindən gedir. Belə ki, Abuzərov Rusif Abuzər oğlu saxta imza və möhür çıxararaq MTK sədri kimi özünü təqdim etməyə başlayıb. Sakinlərin sözlərinə görə, əvvəllər də bu saxtakarlığa yol verilib, mənzilləri təkrar satmağa cəhd olunub: "Həmin vaxt biz müraciət etdik və Rusif Abuzərov, eləcə də onunla bir yerdə olan adamlar Korrupsiya ilə Mübarizə Baş İdarəsinə çağırıldı, xəbərdarlıq edildi, bu şəxslər də həmin saxta peçatı ləğv etdilər. Lakin yenidən bu qanunsuzluğa yol verilib. Rusif Abuzərov özünü MTK sədri kimi qələmə verərək saxta möhür çıxarıb. Bunu hansı niyyətlə etdiyini bilmək istəyirik. Görünür ki, yenə də mənzilləri satmağa cəhd edir. Halbuki onun MTK sədri kimi heç bir səlahiyyəti yoxdur, binanın əsl sənədləri onlarda ola bilməz. Buna görə də bir daha Korrupsiya ilə Mübarizə Baş İdarəsinə müraciət edirik ki, biz sakinlərin narahatlığına son qoyulsun. Xahişimiz budur ki, Rusif Abuzərov və onunla əlbir olan şəxslər prokurorluğa çağırılsın və onların bu qanunsuz hərəkətləri araşdırılsın. Hazırda 165 ailə narahatdır ki, bu dələduzlar təzədən nə etmək fikrindədirlər...
Eyni zamanda, digər bir xahişimiz ondan ibarətdir ki, ümumiyyətlə, bu problemlərin köklü və birdəfəlik həlli üçün binanın idarəçiliyinin bizə verilməsinə köməklik göstərilsin. İnanırıq ki, bu xahişlərimizə də həmişə olduğu kimi müsbət cavab veriləcək və dəstək olacaq. Əgər binanın idarəçiliyi sakinlərdə olarsa, bu qanunsuz hərəkətlərə kimlərinsə cəhd etməsinə imkan verməyəcəyik. Bunun üçün sakinlər olaraq kollektiv idarəçilik yaratmaq və aramızdan birini sədr seçmək ən yaxşı yoldur. Əks halda, kimlərsə yenə saxtakarlıqlara yol verəcək. Xahiş edirik ki, bu məsələdə bizə köməklik göstərilsin".(siyaset.info)










AZ
RU