Məşhur həkimdən onkoloji xəstələrlə bağlı mühüm çağırış Yenixeber.org: "Ölkəmizdə təqribən 70 000 (yetmiş min) onkoloji xəstə var. Hər il təqribən 10 000 (on min) vətəndaşımız onkoloji xəstəlikdən dünyasını dəyişir və təqribən 14 000 (on dörd min) insanda onkoloji xəstəlik aşkar edilir. Onkoloji yardım haqqında Azərbaycan Respublikasının qanununa görə onkoloji xəstəliklərin diaqnostikası və müasir dünya standartlarına uyğun müalicəsi dövlət büdcəsi hesabına aparılmalıdır! Ancaq aparılırmı? Xeyr! Aparılmır! Onkoloji xəstələrə demək olar ki, heç bir pulsuz tibbi xidmət göstərilmir, onlar dövlət qayğısından kənarda qalıblar. Bu, birbaşa qanun pozuntusudur! Lütfən, bu sözləri həkimlərə qarşı istifadə etməyək! Çünki, həkimlər xidməti həyata keçirənlərdir, maliyyəsini isə dövlət ayırmalıdır, yəni xəstələr və tibb işçiləri üçün prosesin maddi tərəfini dövlət həll etməlidir! Bunun edilməməsi onkoloji xəstələrin əksəriyyətinin vaxtında və keyfiyyətli müalicə almasını əhəmiyyətli dərəcədə əngəlləyir və bu da onların vaxtından tez vəfat etməsinə səbəb olur, sağ qalanların ömrü qısalır və həyat keyfiyyəti azalır. Düzdür, sayına görə dünyada və bizdə birinci yerdə duran ürək-damar xəstəliklərinin diaqnostika və müalicəsi İcbari Tibbi Sığortanın xidmətlər zərfinə daxil edilib, ancaq təəssüflər olsun ki, ikinci-üçüncü yerləri tutan onkoloji xəstəliklərin müalicəsi İTS xidmətlər zərfinə hələ də daxil edilməyib və bu səbəbdən minlərlə insanımız vaxtsız həyatını itirir. Müasir, yaxın perspektivlərinin proqnozlaşdırılması çətin olan dünyada hər bir ölkənin müdafiə xərclərinin artırılması başa düşüləndir, ancaq bu qədər onkoloji xəstəsi olan ölkənin yüz milyonlarla dollar və ya manat xərcləyərək digər ölkələrdə otellər alması, xəstəxana və məktəb tikdirməsi doğru deyil, kəsinliklə doğru deyil! Necə deyərlər: Əvvəl evin içi, sonra çölü düşünülməlidir. Sağlam olun". Aydın Əliyev. Azadlıq Qəzeti