Şadlıq evləri də qiymətləri qaldıracaq
Xeberinfo.com: Səbəb aydındır: ölkə əhalisinin kifayət qədər böyük qisminin, yəni 3,5 milyondan çox adamın banka borcu var. İyul ayına olan statistik məlumata görə, bu, 9 milyon yarım əhalisi olan ölkənin 26 faizi hesab olunur.
Manatın fevral ayındakı 33 faizlik ucuzlaşmasından sonra uzun müddət bankların yalnız dollarla kredit verdiyini nəzərə alsaq deyə bilərik ki, banka borcluların kifayət qədər böyük qismi dollarla borclananlardır.
İndiki vəziyyət isə onların borcunun, eləcə də aylıq faiz ödənişlərinin 50 faiz artmasına səbəb oldu.
Vəziyyət təkcə bank sektorunda deyil, hər sahədə dəyişib. Elə ən azı bank borcları qədər vacib olan ərzaq məhsulları da 50 faiz bahalaşıb. Bu isə o deməkdir ki, bu bahalaşma özünü təkcə ərzaqda, gündəlik tələbat mallarında yox, şadlıq evləri, kafe və restoranlarda da biruzə verəcək.
Məhərrəmlik ayının bitib toy mövsümünün başladığını nəzərə alsaq deyə bilərik ki, hazırda Azərbaycan xalqının iki əsas problemi var - bank borcları və toylar. Çünki toy xərcləri orta statistik azərbaycanlının ailə büdcəsində əhəmiyyətli paya malikdir.
Bəs hətta rayon sakinlərinin də övladlarına Bakıdakı şadlıq evlərində toy mərasimi keçirməsi hallarının kütləviləşdiyi indiki günlərdə bu sual avtomatik olaraq aktuallaşır: hər şeyin az qala yarıbayarı bahalaşdığı bir vaxtda şadlıq evlərində qiymətlər nə qədər artıb?
Virtualaz.org saytının müxbiri bu suala cavab axtarıb.
Bəri başdan deyək ki, şadlıq evlərinin bir çoxunda qiymətlər artıq ilk gündən dəyişib. Onlar da təbii ki, bunu ərzaq məhsullarının bahalaşması ilə izah edirlər.
Əlaqə saxladığımız bir neçə şadlıq evinin administratoru da təsdiqlədi ki, qiymətlərdə devalvasiyadan əvvəlki vaxtla müqayisədə fərqlər var.
“Movida Plaza”nın inzibatçısı deyir ki, hazırda qiymətlər minimum 35-37 manat arasında dəyişir: “Qiymətlərdə əvvəlki ilə müqayisədə fərqlər var. Məsələn, əvvəllər 32 manat olan masa indi 35 manatdır. Amma müştərilər gəlir, burada danışırıq, razılaşırıq, bəzən endirim olur”.
Müştərinin təklif olunan menyudakı yeməkləri azaldaraq əvvəlki qiyməti saxlamaq təklifinə gəlincə isə restoran əməkdaşı bildirdi ki, bu da müştəri ilə danışıqdan, qonaqların sayından, toyun baş tutacağı zaldan asılıdır.
Devalvasiyadan sonra qiymət dəyişikliyi edən restoranların sayı az deyil. İndi qiymətləri dəyişməyənlər isə yanvardan etibarən dəyişikliklərin olacağını istisna etmir.
“Ay işığı” restoranının əməkdaşı ilə söhbətimizdə qeyd olunan mənzərənin şahidi olduq.
“Hələ ki, köhnə qiymətlərdir, amma təzə qiymətlər müzakirə olunur. Ərzaq məhsulları bahalaşıbsa, bu, yəqin ki, bizə də təsir edəcək. Baha alsaq - baha olacaq, ucuz alsaq - ucuz” - deyə şadlıq evinin administratoru bildirib.
“Hollywood” şadlıq sarayından da eyni cavabı eşitdik: “Hazırda qiymətlər bir nəfər üçün 120-150 manatdır, amma sonrasının necə olacağı bilinmir. Qiymətlərin qalxmaq ehtimalı var. Yəqin ki, yanvar ayından sonra dəyişiklik olacaq”.
Qeyd edək ki, köhnə qiymətləri saxlayıb endirim kampaniyalarını ləğv edənlər, müəyyən müddətə qədər ümumiyyətlə bahalaşma etməyi planlaşdırmayan restoranlar da var. Bəziləri isə əvvəlki qiymətləri saxlamaq üçün təklif olunan menyulara dəyişiklik etməyi planlaşdırır.
Ümumilikdə isə manatın ucuzlaşması bütün qiymətlər kimi şadlıq evlərindən də yan keçmir. Ötən il toy məclislərinin qanunla tənzimlənməsi və “Toy haqqında” qanun qəbul olunması müzakirə olunurdu. Bu qanun layihəsində məclislərdə təklif olunan yeməklər, müştərilərin ona dəyişiklik edə bilmək imkanı və s. detallar da yer almışdı, amma layihə qəbul olunmadı.
İnzibati yolla tənzimlənmə yoxdursa, bəs çıxış yolu nədir? Necə etmək lazımdır ki, toyxanalar onsuz da böhranlı vəziyyətdə olan əhalinin halını bir az da çətinləşdirməsin?
Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Musa Quliyev hesab edir ki, burada əsas iş vətəndaşların üzərinə düşür.
M.Quliyev virtualaz.org saytına açıqlamasında bildirib ki, vətəndaşlar özləri bəzi detallara fikir verməlidir: “Toy sahibləri ilə restoran sahibləri arasında müqavilə olmalıdır. Digər tərəfdən isə vətəndaş çalışmalıdır ki, daha az adamı qonaq çağırsın və daha ucuz menyu seçsin. Onları heç kim dəbdəbəli menyu seçməyə məcbur etmir ki... Heç bir şadlıq evinə məcburiyyət qoymaq olmaz ki, toyu filan qiymətə etməlisən. Bu, bazar iqtisadiyyatının prinsiplərinə ziddir. Vətəndaşlar özləri bu məsələ üzərində düşünməlidir”.
Deputatın fikrincə, hazırkı situasiya hər sahəyə təsir edəcək: “Azərbaycan artıq yeni iqtisadi situasiyada yaşayır və neft erası başa çatıb. Bu iqtisadi situasiya da öz tələbini hər sahəyə diqtə edəcək. Ola bilsin ki, yaxın gələcəkdə təmtəraqlı şadlıq evləri bağlansın, ya da fəaliyyət istiqamətini dəyişsin, yəni əvvəlki israfçı toy məclislərini yaxın gələcəkdə görməyəcəyik. Bunlar qanunla tənzimlənən işlər deyil, tələb-təklif prinsipi ilə tənzimlənməlidir”.
M.Quliyev əlavə edir ki, vergi orqanları da bu məsələdə diqqətli olmalıdır: “İstər şadlıq evlərində oxuyan müğənnilər, istərsə də menyuların qiymətləri rəsmiləşdirilməli və müqavilə əsasənda müəyyən olunmalıdır. Əgər çox vergi verməli olsalar, restoran sahibləri özü çalışacaq ki, yersiz israfçılıqdan boyun qaçırsın”.