Vüqar Bayramovdan Mərkəzi Banka təklif
“Dollar ilə kredit götürənlərə kompensasiyanın və ya güzəştlərin tətbiq edilməsinə ehtiyac var”
"Xeberinfo.com": Məlumata görə, bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, əgər əvvəl 500 dollar aylıq ödəniş edən kredit götürən şəxsin aylıq ödənişi 390 manat idisə, indi yeni məzənnə tətbiq olunarsa, həmin pulu ödəyən vətəndaşın, aylıq ödənişi 525 manatdır. Bu isə o deməkdir ki, hər 500 dollar kredit ödənişi edən vətəndaş 135 manat artıq aylıq vəsait ödəməlidir. Bu isə aylıq ödənişlərdə çətinlik yaradacaq.
Vüqar Bayramov məsələnin həll olunması üçün Mərkəzi Banka dünya praktikasında belə hallarda tətbiq edilən 3 yoldan birini seçməyi təklif edib:
“Əvvəla, daha yaxşı olar ki, məzənnələr arasındakı fərq Mərkəzi Bank tərəfindən kompensasiya edilsin. Nəzərə alsaq ki, Mərkəzi Bankın sözügedən fərqi kompensasiya etməsi üçün kifayət qədər rezervləri var, bu zaman nə kredit götürən əlavə vəsait ödəyəcək, nə də bank ziyana düşəcək. Bununla da, develvasiyadan əvvəl kredit götürənlər əvvəlki məzənnə ilə ödənişlərini davam etdirəcəklər. Kredit götürən şəxs pulu alan zaman aylıq ödənişlərini manatın əvvəlki məzənnəsinə əsasən hesablayıb. Yeni məzənnə nəzər alınarsa, onun aylıq ödənişi gözlənilmədən artır. Bu da xoşagəlməz hal olmaqla yanaşı, kreditin qaytarılmasını sual altına alır. Buna görə də, həmin gözlənilməz xərcin Mərkəzi Bank tərəfindən örtülməsi vacibdir”.
İqtisadçının təklifinə əsasən Mərkəzi Bank kompensasiya ödənişi həyata keçirməsə, o zaman, bir sıra inkişaf etməkdə olan ölkələrdə olduğu kimi bu kreditlərin milli valyuta ilə dəyərinin hesablanması üçün orta məzənnə prinsipindən istifadə edə bilər. Bu zaman bank və müştəri üçün ağırlığın paylaşdırılması həyata keçirilə bilər. Məsələn, müştəri kredit götürən zaman dolların kursu 0.78 manat idisə və indi bu məzənnə 1.05-dək yüksəlibsə, o zaman bundan sonra ödənilən kreditlər üzrə orta faiz 1 dollar=0.92 manat götürülə bilər. Bu zaman aylıq 500 dollar ödəniş etməli olan şəxs 525 manat deyil, 460 manat ödəyəcək. Bu isə o deməkdir ki, müştəri əvvəlkinə nisbətən hər 500 dollarda 135 manat deyil, 70 manat əlavə ödəmə həyata keçirəcək. Bu həm, müştərinin yeni məzənnənin təsirindən müəyyən qədər sığortalanmasına, həm də bankın gəlirlərinin kəskin azalmasının qarşısının alınmasına imkan verəcək. Çünki bu məsələdə həm müştərilərin, həm də bankların maraqlarının qorunmasına ciddi ehtiyac var.
V. Bayramov Mərkəz Bankın dollarla kredit götürən vətəndaşlar üçün güzəştlər tətbiq etməsini təklif edir:
“Yəni Mərkəzi Bank kommersiya banklarına dollarla kredit götürən vətəndaşların kredit müqavilələrinə yenidən baxılsın və həmin vətəndaşlar üçün aylıq kredit faizlərinin aşağı salınmasının təmin edilməsi ilə bağlı tövsiyə məktubu göndərə bilər. Bu zaman dollar ilə olan kreditlərin faizlərində hiss edilən azalma tətbiq etməklə onların aylıq ödənişlərində kəskin artımın qarşısını almaq olar”.
Vüqar Bayramovun sözlərinə görə, həm vətəndaşların sosial təminatı baxımından, həm də problemli kreditlerinin həcminin artmasının qarşısının alınması baxımından Mərkəzi Bankın prosesə müdaxilə etməsi və qeyd edilən təkiflərdən ən azı birini qəbul etməsinə ehtiyac var.
AzNews.az