
Xəbər verdiyimiz kimi, ötən il dövlət hesabına 1 634 məcburi köçkün ailəsi mənzillə təmin olunub.
Yenixeber.org: Açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 1 634 məcburi köçkün ailəsində ailə üzvlərinin ümumi sayı 6 492 nəfər olub.
Qeyd edək ki, məcburi köçkün ailələrinə verilən mənzillərin ümumi sahəsi 153 502,3 kvadratmetr olduğu üçün hər bir məcburi köçkünə orta hesabla 23,6 kvadratmetr mənzil sahəsi düşüb.
Onu da bildirək ki, adambaşına düşən mənzil sahəsi ayrı-ayrı rayonlarda fərqli olub. Məsələn, Laçın rayonunda hər bir məcburi köçkünə orta hesabla 34,2 kvadratmetr mənzil sahəsi düşdüyü halda, Biləsuvar rayonunda bu göstərici 9,4 kvadratmetr olub.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda adambaşına düşən minimum mənzil sahəsi 12 kvadratmetrə bərabərdir. “Yaşayış minimumu haqqında” Qanunun tətbiq edilməsi barədə Prezidentin 2004-cü il 29 dekabr tarixli, 170 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti 2005-ci il 23 iyun tarixində Qərar qəbul edib. “Minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında” Qərarda açıq şəkildə göstərilir ki, Azərbaycanda adambaşına düşən minimum mənzil sahəsi 12 kvadratmetr təşkil edir. Qanuna görə bu ölçü elmi normalar əsasında müəyyən edilib və insanın sağlamlığı və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan normadır.
Siyahıda ötən il məcburi köçkünlərə dövlət hesabına verilən mənzillərdə adambaşına düşən mənzil sahəsi göstərilib:
Laçın r. – 34,2 kv.m;
Cəbrayıl r. – 31,7 kv.m;
Xocalı r. – 23,2 kv.m;
Şuşa r. – 21,3 kv.m;
Füzuli r. – 19,7 kv.m;
Sumqayıt ş. – 18,5 kv.m;
Abşeron r. – 16,7 kv.m;
Mingəçevir ş. – 16,5 kv.m;
Binəqədi r. – 16,4 kv.m;
Kürdəmir r. – 16 kv.m;
Ağcabədi r. – 15,9 kv.m;
Şirvan ş. – 15,9 kv.m;
Sabunçu r. – 15,8 kv.m;
Qaradağ r. – 15,2 kv.m;
Pirallahı r. – 14,8 kv.m;
Tərtər r. – 14,5 kv.m;
Şabran r. – 13,6 kv.m;
Ağdam r. – 13,4 kv.m;
Yevlax r. – 13,2 kv.m;
Zaqatala r. – 13,2 kv.m;
Ucar r. – 13 kv.m;
Qəbələ r. – 13 kv.m;
Bərdə r. – 12,8 kv.m;
Goranboy r. – 12,5 kv.m;
Sabirabad r. – 11,7 kv.m;
Gəncə ş. – 11,7 kv.m;
İmişli r. – 11,2 kv.m;
Saatlı r. – 10,1 kv.m;
Göygöl r. – 9,8 kv.m;
Beyləqan r. – 9,7 kv.m;
Biləsuvar r. – 9,4 kv.m.
Açıqlanan məlumatlardan da göründüyü kimi, 7 şəhər və rayonda məcburi köçkünlərə verilən mənzillərdə adambaşına düşən mənzil sahəsi minimum səviyyədən də aşağı olub.
Onu da xatırladaq ki, Mənzil Məcəlləsinin 49-cu maddəsində göstərilir ki, dövlət mənzil fondunun minimal ölçüsü müvafiq icra hakimiyyəti tərəfindən müəyyən olunur. 2022-ci ildə müvafiq icra hakimiyyəti, yəni Nazirlər Kabineti “Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilməsi məqsədləri üçün uçot normasının müəyyən edilməsi barədə” qərar layihəsini açıqlayıb və bildirilib ki, mənzillərin minimal sahəsi 12 kvadratmetr nəzərdə tutulacaq. Bu qərar layihəsi bu günə kimi təsdiq olunmasa da, 2019-cu ildə sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasını təsdiq edib. Həmin qərarda dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması 16 kvadratmetr müəyyən edilib.(yeniavaz.com)