Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Ruhlar şəhərində... Salam, Şuşa!-FOTOLAR

 31 oktyabr 2024-cü il... Səhər saat 4-00-dır... Yolumuz Türk Dünyasının Mədəniyyət Mərkəzi - Konservatoriyası olan Şuşa şəhərinədir. Hər kəsin gözündən bir həsrət, bir nisgil boylanır. Bəzilərimiz buranı ilk dəfə, bəzilərimiz isə bir neçə dəfə görsək də, amalımız eynidir:

Yenixeber.org: Şuşanı ziyarət etmək, şəhidlərimizin qəhrəmanlığını öz gözümüzlə görmək. Çünki bizimlə yolçuluğa çıxan şəhid ailələrinin övladları məhz Şuşa döyüşlərində sıldırımlı qayaları dırmanaraq buranı fəth edib, şəhidlik zirvəsinə yüksəliblər. Yolçuluq etdiyimiz insanlarla bir-birimizi tanımasaq da, tez isinişdik. Yol boyu söhbətlərimiz yalnız şəhidlərimizin göstərdikləri şücaətlərdən idi. Bir-bir rayonlarımız arxada qalır: Hacıqabul, Kürdəmir, Ucar, Yevlax...

 
Budur, artıq günəş də üfüqdən boylanır. Bizi aparan avtobus qədim Bərdə torpaqlarını geridə qoyub Ağdam ərazisinə daxil olur. Bir az aralıda ermənilərin vəhşicəsinə məhv etdikləri, xarabalığa çevirdikləri Ağdam şəhəri görünür. Bu şəhərə heyrətlə baxmamaq mümkün deyil. Erməni vandalları evlər, binalarla yanaşı, asfalt döşənmiş küçələri belə dağıdıblar. Vandalcasına dağıdılmış evlərin yanından ötüb keçdikcə kinolardan seyr etdiyimiz Xatın, Xerosima, hətta 2-ci Dünya müharibəsi zamanı məhv edilmiş şəhərlər gözümüzün önundə canlanır. Yox, əsla, o yerləri Ağdamla bir sıraya qoymaq olmaz. O yerlər topun, tüfəngin zərbələrindən dağılmışdır. Ağdam isə erməni vandallarının zavalına gəlmişdir. Türk yurdu olduğuna görə qəsdən, bilərəkdən dağıdılmışdır. Budurmu insanlıq?   

 
Avtobus uçuq, dağıdılmış binaların qarşısından ötüb Ağdam Şəhidlər xiyabanının qarşısında dayanır. Əgər bura Şəhidlər xiyabanı demək mümkünsə... Erməni vandalları bu məzarlığı da Ağdam şəhəri kimi xarabalığa çevirib. Şəhid Rövşən Nurzadənin atası, Xalq artisti Əli Nur  şəhidlərimizin ruhuna fatihə verir, dualar oxunur. Bu xiyabanda bir çox tanınmış şəxsiyyətlər uyuyur: Milli Qəhrəman Allahverdi Bağırov, Xocalıdan olan Milli Qəhrəman Araz Səlimov, onun qardaşı Mikayıl Səlimov və  b... 
Şəhidlər xiyabanının qarşısına bir lövhə asılıb. Burada 6000 mindən artıq şəhidin ad-soyadları yazılıb. 
Şəhidlər xiyabanında ziyarətimizi bitirib, yolumuza davam edirik. Qaraqaya, Fərrux yüksəklikləri, Qarqar çayı bizi salamlayır. Buraların hər daşında, hər kolunda bir şəhid qanı axıb. Qarqar çayında neçə-necə soydaşımız o soyuq qış günündə donaraq həlak olub. Elə bu düşüncələrlə məşhur Əsgəran qəsəbəsinə çatırıq. Bu qəsəbə uğrunda da çoxlu qanlar axıdılıb. 1920-ci il martın 29-da Azərbaycanın qoşun hissələri Əsgəran üzərinə ilk hücuma keçir. Döyüşün gedişində Xramort (indiki Pirlər) kəndi, Daşbaşı yüksəkliyi, Fərrux kəndi ələ keçirilir və qüvvələr Xanabad kəndinə xeyli yaxınlaşır. Döyüş planına əsasən, qüvvələr bu mövqelərdə dayanıb möhkəmlənməli, daha irəliyə getməyə can atmalıydı. Lakin Əsgərandan əlavə kömək alan erməni-daşnak dəstələri Azərbaycan silahlı qüvvələrinin qarşısını saxlayır, hətta geri çəkilməyə məcbur edirlər. Bununla da ilk hücumda Əsgəranı azad etmək mümkün olmur. Sonradan orduya əlavə qüvvələr gətirilir, 1920-ci il aprelin 3-də bu döyüş Azərbaycanın tam qələbəsi ilə nəticələnir. 
Əsgəran qalasının yanından örüb keçəndə, bu döyüşləri xatırlamamaq mümkün deyil. 
Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, bu dəhşətlər zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi! Bəli, biz artıq Xocalı şəhərindəyik. Yüzlərlə soydaşımızın əsir, girov götürüldüyü, min bir əzab-əziyyətlə qətl edildiyi bir şəhərdə... Şəhəri ötüb keçdikcə sanki o faciəni özün də yaşayırsan. Avtobusa tam sakitlik çöküb. Hiss edirsən ki, hər kəs o faciəni xatırlayır. Bir az dərindən nəfəs alsan, sanki bu gün də havadan qan qoxusu gəlir. Bu şəhərdə az sayda döyüşçülərimiz olmasına baxmayaraq, düşmənə layiqli müqavimət göstərdilər. Azərbaycanın Milli Qəhrəmanları Ələsgər Novruzov, Füzuli Rüstəmov, Tofiq Hüseynov, İnqilab İsmayılov, Əlif Hacıyev, Araz Səlimov, Hikmət Nəzərli, Aqil Quliyev kiçik dəstələrə bölünərək Xocalı əhalisinin çıxarılmasında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucaldılar. 
Artıq avtobus Xocalı aeroportunun yanından keçib Xankəndinin giriş hissəsi tərəfdən dolama yollarla üzü Şuşaya doğru irəliləyir. Dolayları qalxdıqca bir vaxt daşnak yuvasına dönmüş Xankəndi ayağımızın altında qalır. 

 
Budur Şuşanın giriş hissəsi - Şuşa qalası qolarını açıb bizi bağrına basır. Düzü, bu şəhəri görmək çoxdankı arzum olsa da ilk dəfəydi bura gəlirdim. İnsanları mülayim, qonaqpərvər, xoşxasiyyət olur. Hər dəfə əslən Şuşadan olan dostlarla görüşəndə, mütləq onların mətbəxindən, qonaqpərvərliyindən söhbət açılır.
Şuşa sıldırımlı qayaların üzərində yerləşən bir şəhərdir. Şəhərin küçələri ilə yeridikcə, tarixi memarlıq abidələri adamı valeh edir. Yuxarı və Aşağı Gövhərağa məscidləri, Xurşidbanu Natəvanın sarayı bizə keçmişimizdən xəbər verir. Burada hər şeyi elə nizamla qurub yaradıblar ki, sıldırımlı qayaların üstündə daha nəsə yaratmağa ehtiyac qalmayıb. 
Saat 12.00... Şuşa şəhər 1 nömrəli tam orta məktəb... Tədbirimizin keçiriləcəyi məkan... Məktəbin əsası 1830-cu ildə qoyulub və 1992-ci ildə Şuşa işğal olunana qədər fəaliyyətini davam etdirib.  Ermənilər bu 30 ildən artıq bir müddətdə qədim tarixə malik bir binanı da yerlə- yeksan etmişlər. 
Bizi bu günə qovuşdurana şükür.  Haqq yolunda savaşaraq şəhidlik zirvəsinə ucalanlara Allahdan rəhmət diləyirik. Məhz onların sayəsində artıq Şusada, Xankəndidə həyat öz axarına düşür, abadlıq, quruculuq işləri sürətlə davam etdirilir. Məhz elə bu səbəbdəndir ki, 1 nömrəli orta məktəb də yenidən qurularaq əhalinin istifadəsinə verilib. 
Şuşaya gəlib  Xankəndini görməmək ən azı insafsızlıq olardı.  Bir vaxtlar ermənilərin murdar nəfəsi buranın havasını da zəhərləmişdi. Bu gün buranın təmiz havasını udmaq, bu gözəl şəhəri gəzib-dolaşmaq insanda qürur verir. 
Respublika Xatirə Kitabı Redaksiyası illərdir öz nəcib, xeyirxah işlərini davam etdirir. Qalın-qalın cildlərlə kitablar, ensiklopediyalar nəşr edərək şəhid ailələrinə təqdim edir. Məhz Şuşa şəhərində təşkil edilən tədbir də bu qəbildən idi. 27 sentyabr 2020- ci ildə başlayan Vətən müharibəsi zamanı şəhid olanların xatirəsinə həsr olunmuş "44 gün- Tarixi zəfər" ensiklopedik toplunun 3-cü cildi  Şuşada - 1saylı orta məktəbdə şəhid ailələrinə, ziyalılara təqdim edildi. Tədbir yüksək əhval-ruhiyyə ilə başa çatdı və biz xoş ovqatla geri döndük.

Vüqar Əsgər
Respublika Xatirə Kitabı Redaksiyasının əməkdaşı. Araşdırmaçı-ssenarist.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam