Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin təqdimatında:Pestisidlərlə işləyən zaman təhlükəsizlik qaydaları...
Pestisidlər ziyanverici, xəstəlik və alaq otları ilə mübarizə aparmaq, onlara nəzarət edə bilmək və zərərlərini azaltmaq, eləcə də məhsuldarlığı artırmaq məqsədilə geniş istifadə olunan kimyəvi maddələrdir.
Yenixeber.org: Pestisidlərdən istifadənin bir çox problemləri onların ksenobiotik, yəni təbiət üçün yad kimyəvi birləşmələr olmasından irəli gəlir. Pestisidlərin daşınması, tətbiqi və saxlanılması təhlükəsiz qaydada həyata keçirilməsidir.
Pestisidlər texniki təhlükəsizlik qaydaları və sanitariya gigiyena tələbləri gözləməklə hermetik qablarda saxlanılmalıdır və xüsusi nəqliyyat vasitələri ilə daşınmalıdır.
Kimyəvi mübarizə aparılacaq sahənin ətrafına “Sahə dərmanlanmışdır”, “Sahə zəhərlidir” və sair sözləri yazılmış xəbərdaredici lövhələr vurulmalıdır.
Dərmanlama zamanı təhlükəsizlik tədbirlərinə ciddi əməl edilməlidir. Belə ki,pestisidlərlə aparılan mübarizə tədbirləri zamanı küləyin sürəti və istiqaməti nəzərə alınmalıdır. Küləyin sürəti çox olduqda və yağışlı havada dərmanlama işi dayandırılmalıdır.
Dərmanlamadan sonra da təhlükəsizlik tədbirləri görülməlidir. Preparatın tətbiq təlimatına uyğun olaraq göstərilmiş müddətdə dərmanlanmış sahədə hər hansı aqrotexniki tədbirin aparılması, 30 gün müddətdə ərazidə mal-qaranın otarılması qadağandır. Civə tərkibli, fosfor və xlor üzvi birləşməli preparatlarla iş gnü 4 saat, qalan pestisidlərlə isə 6 saat müddətində nəzərdə tutulur. 18 yaşına çatmayanların, hamilə və südəmər uşaqlı qadınlaın pestisidlərlə işləməsinə icazə verilməməlidir.
Pestisidlərlə işləyərkən qoruyucu geyim və fərdi mühafizə vasitələrindən (xüsusi geyim, rezin əlcək və çəkmə, qoruyucu eynək, respirator və s.) istifadə edilməsi vacibdir. Həmçinin şəxsi gigiyena qaydalarına ciddi əməl olunmalıdır. Çünki, yüksək toksiki ekoloji təhlükəli preparatlar orqanizmə tənəffüs yolları, dəri, göz və selikli qişa vasitəsilə daxil olur.
Pestisidlərlə zəhərlənmə zamanı ilkin olaraq baş gicəllənməsi, mədə bulanması, baş ağrıları kimi əlamətlər müşahidə olunur. Bu zaman zərərçəkən mütləq təmiz havalı yerə aparılmalı, üzərindən fərdi mühafizə vasitələri soyundurulmalı və ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılmalıdır.
Zəhərli maddə ağız vasitəsi ilə təmas edibsə bir neçə stəkan ilıq su və ya kalium permanqanatın zəif narıncı məhlulunu və ya 2 faizli çay sodası məhlulu içirdilərək zərərçəkmiş qusmağa məcbur edilməlidir. Eləcə də işlətmə duzu məhlulu (MgSO4) verməklə həm mədə, həm də bağırsaqlar təmizlənir
Yuxarı tənəffüs yollarının qıcıqlanması zamanı isə boğaz 2 faizli çay sodasının ilıq məhlulu ilə qarqara edilməlidir.
Pestisid dəri üzərinə düşdüye zaman onu silmədən pambıq və ya parça ilə ehtiyatla götürüb, yerini sabunlu su və ya 2 faizli çay sodası ilə yumaq məsləhətdir.
Gözə düşdüyü zaman isə ilkin tibbi yardım olaraq göz qapağını açıq saxlamaqla 10-15 dəqiqə müddətində axar su ilə davamlı yumaq lazımdır.
Pestisidləri tətbiq edərkən işçilərin təlimatlandırılmasına və qaydalara riayət olunmasına torpaq mülkiyyətçiləri, fermerlər də ciddi nəzarət etməlidirlər.
Həmkarlar ittifaqı komitələri də daim pestisit və bioloji preparatların daşınması, saxlanılması və tətbiqi ilə bağlı qaydalara əməl olunması, baş verə biləcək təhlükələrin qarşısının alınması və digər zəruri tədbirlərin icrası məqsədilə yerlərdə geniş təbliğat işləri aparır və ictimai nəzarəti davam etdirirlər.
Söhrab Mansırov,
Aqrar Sahə İşçilərinin Həmkarlar ittifaqı Birliyinin sağlamlığı üzrə mütəxəssis - etimadlı həkim