Yenixeber.org: Prezident İlham Əliyev əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda 2022-ci il yanvarın 1-nə 2021-ci il üzrə Dövlət Statistika Komitəsinin (DSK) müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2022-ci il yanvarın 1-dək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin indekslərşdirilməsi və 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulub.
Sərəncam 1,1 milyon nəfəri əhatə edəcək, ümumilikdə 352 milyon manat vəsait xərclənəcək. Bəs pensiyaçıların büdcəsinə daxil olacaq əlavə vəsait 2021-ci il ərzində baş vermiş inflyasiya və bahalaşmadan itirilən vəsaitləri kompensasiya edə biləcəkmi? Xatırladaq ki, ötən il bütün kommunal xidmətlər, yanacaq, rüsumlar əhəmiyyətli şəkildə artırılıb, habelə ərzaq məhsullarının qiymətində kəskin bahalaşma qeydə alınıb. O cümlədən ən zəruri ərzaqlardan çörək, un məmulatları, yağlar, düyü, qarabaşaq, kənd təsərrüfatı malları 30-50 faizə qədər bahalaşıb.
İqtisadçı, deputat Vüqar Bayramov sərəncamı şərh edərək bildirib ki, pensiya məbləği və eləcə də kapitalının indeksasiyası ilə yanaşı, əmək pensiyaçılarına rüblük yardımların edilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, yardım COVID-19 pandemiyasının, habelə beynəlxalq bazarlardakı qiymət artımlarının ölkədaxili inflyasiyaya və əmək pensiyaçılarının sosial rifahına mənfi təsirlərinin yumşaldılmasına xidmət edir:
“Belə ki, əmək pensiyası məbləğləri 2021-ci ildəki orta aylıq məbləğinə, pensiya kapitalı isə illik inflyasiya səviyyəsinə indeksasiya olunacaq. Ötən il orta aylıq əmək haqqı 3.4 faiz artıb, rəsmi inflyasiya səviyyəsi isə 6.7 faiz olub. Qeyd edək ki, indeksləşdirmə, yəni artımlar bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq”.
Deputat əlavə edib ki, sənəddə əmək pensiyaçılarına il ərzində yardımın nəzərdə tutulması həmin vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi baxımından vacib addımdır: “Həmin vəsait rüblər üzrə bölünməklə pensiyaçılara ödəniləcək və ilkin ödəniş fevral ayının pensiyaları ilə birgə veriləcək. Eyni zamanda, yanvar ayı üçün nəzərdə tutulan indeksasiya artımı da fevral ayının pensiyası ilə birlikdə ödəniləcək”.
V.Bayramovun sözlərinə görə, sərəncamda nəzərdə tutulan yardım orta pensiya alan vətəndaşlarımızın pensiya məbləğlərində artımlara təsir göstərəcək. “Belə ki, 250 manat pensiya alan vətəndaşımızın pensiya məbləğinə aylıq olaraq orta hesabla 17 manata yaxın əlavə deməkdir. Bu, 250 manat pensiya alan vətəndaşımızın pensiya məbləğində 6.6 faiz artım deməkdir İndeksasiya faizini də nəzərə aldıqda, bu, 250 manat pensiya alan vətəndaşımızın pensiya məbləğinin son sərəncamla 10.0 faiz (6.6 % +3.4 %) artacağı anlamına gəlir. Nəzərdə tutulan yardım 300 manat pensiya alan vətəndaşımızın pensiya məbləğində isə 5.6 faiz artım deməkdir. İndeksasiya faizini də nəzərə aldıqda, bu, 300 manat pensiya alan vətəndaşımızın pensiya məbləğinin 9 faiz artmasıdır”.
Deputat qeyd edir ki, sərəncam qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxsləri də əhatə edir: “Belə ki, dövlət başçısı tərəfindən Nazirlər Kabinetinə bu kateqoriyadan olan pensiyaçıların pensiyalarının indeksləşdirilməklə artırılması, habelə 2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərini 1 ay müddətində təqdim edilməsi tapşırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxslər 99 min nəfərdir və əsasən pensiyaya çıxmış hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçuları və b. ibarətdir. Yeni Sərəncam isə bu şəxslərə də 2022-ci ildə dövlət dəstəyinin göstərilməsinə və ümumi pensiya məbləğlərinin hər il artırılmasına imkan yaradacaq”.
İqtisadçı Rövşən Ağayev isə deyib ki, 200 manatlıq yardımdan başqa pensiyaların indeksasiya edilməsi qanunun tələbidir. Ekspert qeyd edib ki, artımlar ötən ilki qiymət artımlarını kompensasiya etmək üçün yetərli deyil. Ekspert bildirib ki, 2021-ci ildə illik inflyasiya 12% olub: “Ərzaq inflyasiyası 15%-dən çox oldu. Amma hazırda ödənilən pensiyalar orta maaş artımı qədər indeksasiya olundu. 2021-ci ildə isə orta maaş artımı illik inflyasiya səviyyəsindən təxminən 4 dəfə aşağı olmuşdu. Yanlış olan budur ki, pensiayalar illik inflyasiya tempinə uyğun indeksləşdirilmir”.(pressklub)
Turqut