Natiq Cəfərli: “Azərbaycan bu layihədə iştirakçı olmasaydı, gerçəkləşməsi mümkünsüz olardı”
Yenixeber.org: İran, Azərbaycan və Gürcüstan İran körfəzini Qara dənizə birləşdirən tranzit marşrutunun yaradılması üzrə razılığa gəlib. Bunu İranın Yollara Texniki Xidmət və Nəqliyyat üzrə Təşkilatının (RMTO) rəsmisi deyib.
RMTO-nun Beynəlxalq Tranzit və Daşımalar İdarəsinin Baş direktoru Cavad Hedayətinin sözlərinə görə, Azərbaycan və Gürcüstanla (avtomobil nəqliyyatı ilə bağlı) iki görüş keçirilib: “Biz iki ölkəyə regional yaxınlaşma üçün yeni tranzit dəhlizinin yaradılması təşəbbüsünü təklif etdik. Əlbəttə, bu plan artıq səkkiz il əvvəl təklif edilib, lakin bir çox ölkələrin bu sazişə cəlb olunması səbəbindən hələ də həyata keçirilməyib və tərəflər konsensus əldə edə bilməyib. Bu yeni marşrutun yaradılması İran körfəzini Qara dənizə birləşdirə bilər”.
“Gürcüstan və İran sazişin iki əsas tərəfidir, çünki İran körfəz vasitəsilə sərbəst sulara bağlıdır. Gürcüstan isə Qara dənizin şərqində iki mühüm ticarət limanına malikdir. Digər tərəfdən, Gürcüstan və Azərbaycan öz nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq və inkişaf etdirmək üçün böyük səylər göstərib, ona görə biz bu iki ölkə ilə əməkdaşlığı artırmağa çalışdıq”, - deyə İran rəsmisi söyləyib.
Cavad Hedayəti müqaviləyə əsasən qeyd edib ki, ilk növbədə, yaxın 4 ay ərzində İran mallarının Astara sərhədindən Azərbaycana, həmçinin Gürcüstanın Qara dənizdəki limanları vasitəsilə Bolqarıstana və ya digər Şərqi Avropa ölkələrinə çatdırılması üçün İrandan bəzi pilot yüklər göndəriləcək: "Biz bu layihənin pilot mərhələsini (cari İran təqvimi ilə) ilin sonunadək (2022-ci ilin martın 20-dək) həyata keçirməyə çalışırıq ki, maneələr və problemlər müəyyən olunsun və nəhayət, üç ölkə arasında göndərmə xərclərini və vaxtı azaltmaq üçün mexanizmin yaradılması ilə bağlı yekun üçtərəfli görüş keçirilsin”.
Azərbaycanın da yer aldığı, İran körfəzini Qara dənizlə birləşdirən tranzit marşrutun ölkəmizə hansı iqtisadi və siyasi dividendlər qazandıracağını şərh edən ReAl Partiyası Siyasi Komitəsinin üzvü, iqtisadçı ekspert Natiq Cəfərli xatırladıb ki, Azərbaycan bölgədə logistik mərkəzdir: “Şimal-Cənub dəhlizinin bir hissəsi Azərbaycan olmalıdır. İran ərazisində İran körfəzinə qədər yeni dəmir yolları xətlərinin çəkilməsində Azərbaycan maraqlıdır. Bir neçə il öncə Azərbaycanla İran arasında 500 milyon dollarlıq bir müqavilə də bağlanmışdı - Rəştdən Qəzvinə, oradan da İran körfəzinə qədər uzanan yolların yenidən qurulması üçün”.
“Burada Azərbaycan əsas bağlayıcı həlqədir. Çünki Azərbaycanla Gürcüstan arasında həm dəmir yolu, həm avtomobil yolu baxımından kifayət qədər infrastruktur mövcuddur. İranın da bu tranzitə qoşulması yeni logistik marşrutların açılmasına səbəb olacaq. Bu, üç ölkənin hər birinin marağındadır. Çünki İran körfəzindən Qara dənizə tez getmək üçün, rahat getmək üçün marşrutun yaradılması kifayət qədər zamanın azalmasına xidmət edəcək. Bu marşrut Qara dəniz ölkələrinin Çindən, Hindistandan aldıqları məhsulların tez bir zamanda təyinat məntəqəsinə çatmasına səbəb olacaq. Kifayət qədər maraqlı layihədir. Azərbaycan bu layihədə iştirakçı olmasaydı, gerçəkləşməsi mümkünsüz olardı”, - deyə həmsöhbətimiz bildirib.
Ekspertin qənaətincə, Azərbaycan həm tranzit ölkə kimi, həm də İran və Gürcüstanla normal münasibətləri olan ölkə kimi sözügedən layihədə aktiv iştirak edə bilər: “Bu, Azərbaycana logistik mərkəzə çevrilmək istiqamətində üstünlük qazandıra bilər. Sadəcə logistik mərkəzə çevrilmək üçün Azərbaycan tərəfindən bir neçə məsələ həllini tapmayıb. Birincisi, tariflər məsələsidir. Əlbəttə, hər bir ölkənin öz tarif siyasəti var ki, Azərbaycanın logistika ilə bağlı tariflər məsələsini həll etməməsi doğru deyil. İkincisi, "yaşıl dəhliz" məsələsidir ki, burada da ciddi problemlər var. Dövrümüzdə "yaşıl dəhliz" ciddi məsələdir. Bu problemlər həllini tapsa, Azərbaycan hökuməti addımlar atsa, danışıqlar uğurla nəticələnsə, bu, gələcəkdə yaxşı nəticələr verə bilər. Və Azərbaycan doğrudan da logistika mərkəzinə çevrilə bilər”.
Azərbaycanın siyasi baxımdan qazanacağı dividendlərə gəlincə, Cəfərli vurğulayıb ki, əslində Azərbaycanın qonşu ölkələrlə münasibətləri nə qədər yaxşı olarsa, qarşılıqlı maraq doğuran iqtisadi maraqları olacaqsa, bu, ölkənin siyasi çəkisinin, nüfuzunun artmasına xidmət edəcək: “Ümumiyyətlə, bu cür layihələrdə iştirak gələcəkdə sülh quruculuğu prosesində mühüm amilə çevrilə bilər. Çünki bu layihələrdən Ermənistan da yararlana bilər. Əslində, Ermənistan yararlanmalıdır. Bunun üçün sərhədlərin dəqiqləşdirilməsi, sülh müqaviləsinin bağlanması məsələsi həll olunmalıdır”.
“Ermənistan görəndə ki, Gürcüstan, İran, Azərbaycan və bölgənin digər ölkələri yeni ticarət xətləri yaradır, bu ticarət xətlərinin yaranması ölkələrin iqtisadi inkişafına səbəb olur, bu, onlar üçün də əlavə stimul yaradacaq. Ermənistan anlayacaq ki, yekun sülh imzalanmalıdır ki, proseslərə qoşulsun, logistik yollardan qazanc əldə etsin. Azərbaycanın üzərindən nə qədər logistik xətlər keçəcəksə, bir o qədər ölkənin siyasi çəkisi artacaq”, - deyə ReAl təmsilçisi söyləyib.
Ekspert Rusiyanın bu layihəyə yanaşmasını şərh edərkən bildirib ki, Şimal-Cənub dəhlizi əslində Moskvanın da marağındadır: "Bu tranzit xətti İran körfəzini təkcə Qara dənizlə yox, həm də Baltik dənizi ilə bağlaya bilər. Bu, Rusiyanın birbaşa maraqlarına uyğundur. Belə layihələrdə prinsip "qazan-qazan"dır. Rusiya bu layihəyə mane olmağa çalışsa, gələcəkdə Azərbaycan Rusiya ilə İranı bağlayan tranzit keçidlərində müəyyən problemlərin yaradılması kimi şans qazana bilər”.
“Ümumiyyətlə, Rusiya ticarət müqavilələrinə o qədər də aqressiv yanaşmır. Moskvanın aqressiya ilə qarşıladığı məsələlər daha çox hərbi-siyasi məsələlərdir. Logistika məsələsi sırf ticarətlə bağlı olduğundan, hətta gələcəkdə Rusiya da buradan xeyir götürər. Ona görə də Rusiyanın bu məsələdə hansısa aqressiv yanaşmasının olacağını hesab etmirəm", - deyə iqtisadçı fikrini tamamlayıb.(AYNA)