Bu dəfə İranın səfirini XİN-ə yox, Qafqazın şeyxi Allahşükür Paşazadənin hüzuruna aparmaq lazımdır. Ki, Şeyxin yanında Qurana əl basıb, and içsin ki, İran Xankəndiyə yük daşımır. Çünki Avqustun 11-də İranın səfiri Seyid Abbas Musəvi Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub. O da and-aman elədi ki, şərdir-böhtandı, Xameneinin canı üçün belə şey yoxdur.
Yenixeber.org: Niyə Şeyxin hüzuruna deyirəm, çünki Şeyx hər vəchlə iddia edir ki, Xamenei belə qələt etməz, Xameneinin “fətvası” olmasaydı, Azərbaycan Qarabağa gedib çıxa bilməzdi.
Amma Xamenei gözümüzün içinə baxa-baxa qələt edir, o tərəfə də keçir. Madam ki, Şeyx İranla bu qədər dost-qardaşdır, bir qardaşyana qulaqburması versin onlara. Bir həyatı başa salsın. Yoxsa axırı çox pis qurtaracaq bu məsələnin. Müdafiə etməklə iş düzəlməyəcək, ya Şeyx. Azərbaycanın maraqlarını qorumaq lazımdır. Tökülən şəhidlərin qanına və onların ruhuna hörmət etmək lazımdır.
Məsələ ondan ibarətdir ki, Azərbaycan tərəfi bu ilin avqustunda çoxlu sayda İran yük maşınlarının Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasına rəsmi Bakının icazəsi olmadan qanunsuz keçdiyi barədə məlumat əldə edib. Belə ki, iyulun 11-dən avqustun 8-dək İrana məxsus 35 maşın (4 yük maşını və 31 yanacaq tankeri) Laçın dəhlizindən 70 dəfə girib və çıxıb. Giriş-çıxış tarixləri də məlumdur - 11, 14, 16, 17, 20, 21, 27, 28, 29, 31 iyul, həmçinin 3, 4, 5, 6, 7 avqust.
Deməli iranlılar öz xislətinə uyğun yenə də dələduzluq edir. 11 avqustdan 10 sentyabradək müxtəlif məqsədli 58 yük maşını (xüsusən yanacaq və sürtkü yağları ilə yüklənmiş) girib, daha sonra onlardan 55-i geri qayıdıb.
İrəvandan Xankəndiyə gedən İrana məxsus yük maşınlarının dəqiq sayını gizlətmək üçün İrana məxsus yük maşınlarına Ermənistanın qeydiyyat nömrələri qoyulur. Görüntü yaradılır ki, bu yük maşınları İranın yox, Ermənistanındır.
İrana hələ də çatmır ki, Azərbaycanın peyki var. Rəsmi Bakı nəinki onun ərazisinə daxil olan yük maşınlarının, uçan quşların sayını bilir. Kim nə vaxt gəlir, nə gətirir, nə aparır, onu da bilir. İndi sual yaranır: Bütün günü Azərbaycan bizim dostumuz, qardaşımızdır deyən İran niyə belə alçaqlıq edir ki?
Məqsədi nədir? Məqsədi odur ki, İran Qafqazda yeni müharibənin alovlanmasında maraqlıdır. İran yenə də Azərbaycan türklərinin qanının axıdılmasını istəyir. İran yenə də bizim cavan oğullarımızı şəhid görmək istəyir. İran yenə də 90-cı illərin Qarabağ müharibəsində olduğu kimi Ermənistana kömək edir. Xankəndidə olan ermənilərə silah-sursat daşıyır. Yanacaq və sürtkü vasitələri göndərir ki, yenə də gecə vaxtı Gəncəyə raket atsınlar. Erməniyə sursat, bizə də fətva göndərir. Deyən lazım ki, o fətvanı bük, qoy cibinə. Bizə İranın fətvası lazım deyil.
Qeyd edim ki, Ağdamın, Füzulinin və digər işğal altında olan ərazilərimizin yağmalanmasında ən birinci İran olub. Bunu bilirdinizmi? İşğal altında olan torpaqlarımızda olan evlərin daşlarını İran maşın-maşın söküb, aparıb öz xarabasına.
Özü də erməniyə 100 dollar verərək.
İndi də arsız-arsız deyir ki, “biz Qarabağda yenidənqurma işlərində iştirak etməyə hazırıq!” Siz öləsiniz elə. Pul qazanmaq üçün Qarabağa gəlmək istəyən İranın başı üçün deyil bu məsələlər. İran ən yaxşı halda sinə vura bilər. O da Yerablurda uzanan erməni qardaşları üçün. Şeyx də iranlı “mərsiyəxanlara” bir yağlı şillə çəksə, yaxşı olar. Əminəm ki, Şeyxin buna gücü çatar.