DGK 6 milyonluq tenderi bu şirkətə verdi –“Azeri MED” dövlət qurumlarının “sevimli” şirkətinə çevrilib
Bütün tənqidlərə, araşdırmalara, üzə çıxarılan korrupsiya faktlarına baxmayaraq, Azərbaycanda tenderlər və dövlət satınalmaları əsas dövlət vəsaitlərinin talanması vasitəsi olaraq qalır. Bu sahədə şəffaflığın nə zaman təmin olunacağı isə hələ bəlli deyil...
Yenixeber.org: Son olaraq, “maraqlı” tenderlərdən birini “Azeri MED” adlı şirkət udub.
Dövlət Gömrük Komitəsi (DGK) Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı “Azeri MED” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə ümumi maliyyə dəyəri 5 993 268. 79 AZN təşkil edən 8 satınalma müqaviləsi imzalayıb.
Bu müqavilələrdə “İntensiv terapiya tibbi ləvazimatların satınalınması” (126465.3 AZN), “Tibbi ləvazimat və dezinfeksiya vasitələrinin satınalınması” (925727.05 AZ), “Reaktiv və PZR testlərin satınalınması” (902348.76 AZN), “Antibakterial və Mukolitik dərman vasitələrinin satınalınması” (602367.01 AZN), “Narkotik və Hepatoprotektor dərman vasitələrinin satınalınması” (520760.55 AZN), “Antiviral dərman vasitələrinin satınalınması” (931682.29 AZN), “İmmunostimulə edici dərman vasitələrinin satınalınması” (987182.21 AZN) və “Antifunqal və İmmunomodulə edici dərman vasitələrinin satınalınması” (996735.62 AZN) nəzərdə tutulur.
Nəticələrdən belə məlum olur ki, bütün bu satınalmalar üzrə ən sərfəli təkliflər məhz bir şirkət tərəfindən verilib. Hansı ki, Azərbaycanda eyni işi görə biləcək şirkətlərin sayı heç də az deyil...
“Azeri MED”lə bağlı maliyyə məlumatlarına nəzər yetirdikdə məlum olur ki, sözügedən şirkət bundan bir müddət əvvəl daha bir iri tenderi qazanıb. Belə ki, həmin şirkət Dövlət Sərhəd Xidməti ilə yarım milyonluq iki müqavilə bağlayıb. Zərdab və vaksinlərin, həmçinin tibbi materialların satın alınmasını nəzərdə tutan müqavilələrin toplam dəyəri 441 703.85 manatdır. Rəsmi sənədlərdə “Azeri Med” QSC-nin 2 iyul 2004-cü ildə 10 000 manatlıq nizamnamə kapitalı ilə qeydiyyata alındığı göstərilib. Onun rəsmi qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur.
Normalda bir şirkətin tender udması, dövlət qurumlarına xidmət göstərməsi adi hal kimi qəbul olunmalıdır. Lakin Azərbaycan reallıqları nəzərə alındıqda, bir şirkətin bir neçə dövlət qurumunun, özü də DGK və DSX kimi qurumların ardıcıl olaraq, milyonlarla qiyməti olan tenderlərini qazanması yuxarıda qeyd etdiyimiz məqamlarla bağlı şübhələrə yol açır. Çünki bu tip qurumların “sevimli” şirkətinə çevrilmək hər biznes subyektinə nəsib olmur...