Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində iş görən kim,pul alan kimdir?-ARAŞDIRMA
Yenixeber.org: Ölkə başçısı İlham Əliyevin 05 fevral 2019-cu il tarixli Sərəncamı ilə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmiş Elşən Salahov ona qədər elə sözügedən İcra Hakimiyyətinin uzun illər başçısı olmuş Gülağa İslamovun birinci müavini olub. Gülağa İslamov Xəzər rayonuna rəhbərlik etdiyi dönəmdə ətrafına ən yaxın qohum-əqrəbasını topladıği heç kimə sirr deyil. Hazırki başçı Elşən Salahov keçmiş başçıya qohum olmasa da ona yaxınlığı ilə tanınıb və onun kadrı hesab olunur. Gülağa İslamovun Xəzər rayonunu ailəliklə idarə etdiyi barədə mətbuatda yayılanlara görə oğlu İlham İslamov Şüvəlanda bələdiyyə sədri, qardaşı Böyükağa İslamov isə əvvəllər qəsəbələrin birində icra nümayəndəsi,daha sonra isə qardaşının vasitəçiliyi ilə Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi sədri vəzifəsinə gətirilib.
Qeyd edək ki, Elşən Salahov 2018-ci ilin sentyabr ayına qədər Xəzər rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışıb və daha sonra başçının birinci müavini təyin olunub.Yəni bununla onu demək istəyirik ki, İcra başçısı Elşən Salahovla keçmiş başçı Gülağa İslamovun qardaşı,Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Böyükağa İslamovun işbirliyi çoxdan var və bu gün də davam edir. Əvvəllər bu birlik rayon ərazisində boş torpaq sahələrinin satılmasına və qanunsuz tikililərin rəsmiləşdirilməsinə nəzarət edirdilər.İndi isə Xəzər rayonu ərazisində satılası torpaq sahəsi qalmadığından onlar dövlət vəsaitlərinin çıxdaş edilməsi ilə məşğuldurlar.
Böyükağa İslamovun rəhbəri olduğu Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 2020-ci il üçün satınalmalar yolu ilə həyata keçirdiyi dövlət sifarişləri ətrafında araşdırma aparmışıq. Birlik son üç ayda Xəzər rayonunda asfalt örtüyünün təmir işlərinə,maşın və mexanizmlərin,xüsusi texnikaların, avadanlıqların,təsərrüfat mallarının satınalınmasına və abadlaşdırma işlərinin görülməsinə ümumi olaraq,bizim təxmini hesablamalarımıza görə 1769711 manat dövlət vəsaiti ayırıb. Sözügedən satınalmalar hansılardır və müqavilələr kimlərlə bağlanıb?
Xəzər rayon Mənzil kommunal Təsərrüfatı Birliyi tərəfindən asfalt örtüyünün təmir işlərinin ( Xəzər rayon ərazisində yerləşən Türkan qəsəbəsi, Bağ sahəsi 1, 2, 3, 4, 5 və 6 ünvanlarında asfalt örtüyünün təmir işləri) satınalınması üzrə 296 365.61 məbləğinə satınalma müqaviləsi 18.12.2020-ci il tarixdə “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanılıb.
Xəzər rayon Mənzil kommunal Təsərrüfatı Birliyi tərəfindən 09.12.2020-ci il tarixdə kommunal təyinatlı maşın və mexanizmlərin satınalınması üzrə 457 151.35 manat dəyərində tenderin qalibi “İMPROTEX TRUCKS AND BUSES” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və əsas şərtlər toplusunda göstərilmişdir
09.12.2020-ci il tarixdə nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə keçirilmiş tenderin qalibi “AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və MMC ilə birlik arasında 158 120 manat müqavilə bağlanıb.
Birlik tərəfindən avadanlıqların satınalınması üzrə keçirilmiş tenderin nəticələri də 09.12.2020-ci il tarixdə açıqlanıb və “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” Qapalı Səhmdar Cəmiyyəti ilə 434 263.6 manat məbləğində müqavilə bağlanıb.
Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 23.11.2020-ci il tarixdə Dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə keçirdiyi tenderi də “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” Qapalı Səhmdar Cəmiyyəti udub və aralarında 174 657.7 manat müqavilə bağlanıb.
07.10.2020-ci il tarixdə abadlaşdırma xidmət haqqının ödənilməsi (Asfalt örtüyün təmiri işləri) üzrə birlik tərəfindən keçirilmiş tenderin qalibi “STAR CONSTRUKTİON-12” Qapalı Səhmdar Cəmiyyəti olub və 249 153.06 manat məbləğində dövlət sifarişinin həyata keçirilməsi üçün müqavilə bağlanılıb.
Qeyd edək ki,tender elanlarında işin başlanma tarixi ilə bitmə tarixi arasında cəmi 12 gün var.Bu müddət ərzində göstərilən işlərin həyata keçirilməsi mümkündürmü? Birliyin müqavilə bağladığı şirkətlərin buna maddi texniki bazası varmı? Yoxsa elə Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri, texnikaları,fəhlələri işləyəcək, əmək haqqları isə saxta MMC-lər vasitəsi ilə silinəcək?Bu O MMC-lərdir ki,Birlik onların bəziləri ilə ötən il başqa ad altında yarım milyon manat dəyərində müqavilələr bağlamışdı.Bunu Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov da,Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Böyükağa İslamov da,biz də yaxşı bilirik.(aktualinfo.org)