PAŞİNYANIN ERMƏNİ XİSLƏTİ VƏ HİYLƏGƏRLİYİ –Münaqişəni bütün dünyaya yaymaq planının arxasında nə var?
Yerləşdiyimiz bölgədən kənarda ermənilərlə yaşanan qarşıdurmalar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regionun hüdudlarını xeyli aşmasından və qlobal konfliktə çevrilməsindən xəbər verir. Bu, o deməkdir ki, münaqişə artıq yeni mərhələyə qədəm qoyur.
Yenixeber.org: Tovuz istiqamətində ərazilərin bir hissəsini ələ keçirməklə bağlı uğursuz cəhddən sonra erməni tərəfinin ABŞ, Avropa və Rusiyada təxribatlara əl atması ondan xəbər verir ki, düşmən vəziyyətin öz xeyrinə dəyişməməsindən narahatdır. Və bu qeyri-müəyyənliyin, vaxt uzadaraq status-kvonun saxlanmasının problemin Ermənistanın xeyrinə həlli şanslarını heç də artırmadığını anladıqlarından erməni tərəfinin aqressivliyi daha da artıb.
Digər tərəfdən gərginliyin regiondan kənara daşınması Ermənistan cəmiyyətinin diqqətinin Tovuz istiqamətində baş verən uğursuzluqdan yayındırmaq və Azərbaycan Silahlı Qüvvələrinin vurduğu itkiləri gizlətmək cəhdindən də xəbər verir. Belə ki, Paşinyan hökuməti hər vəchlə sərhəd boyu ərazilərdə erməni ordusunun canlı qüvvələrinə, dayaq nöqtələrinə, kommunikasiyalarına vurulan zərbələrin gizlədilməsində maraqlıdır. Lakin istər daxildəki, istərsə də xaricdəki erməni cəmiyyətləri vurulan zərbənin miqyasından xəbərdardır və bu qüvvələrin aqressivliyini artıran amillərdən biri də budur.
Həmçinin, Tovuz istiqamətində baş verənlər Paşinyan hökumətinin bir qədər nəfəs almasına və Ermənistan ictimaiyyətinin diqqətini daxili siyasi böhrandan və pisləşən iqtisadi vəziyyətdən yayındırmağa xidmət etmiş oldu. Və təəssüf ki, Qarabağ problemi, ümumilikdə bu münaqişə daxili siyasi problemlərin həllində alət olaraq qalmaqdadır. Ancaq bunun çıxış yolu olmadığını Ermənistandakı siyasi hakimiyyətlər öz taleləri ilə dəfələrlə sübut etmiş olublar. Lakin buna baxmayaraq, Paşinyan hakimiyyəti də eyni yolu tutmağa məcburdur. Çünki heç bir hakimiyyət Ermənistanın kasad iqtisadi gücünü ermənilərin xəyal etdiyi səviyyəyə qaldırmaq imkanında deyil. Baxmayaraq ki, məntiqlə Ermənistanın iqtisadi inkişafının yalnız Qarabağ probleminin beynəlxalq hüququn tələblərinə uyğun şəkildə həlli, Azərbaycan və Türkiyə ilə normal münasibətlərin, iqtisadi və nəqliyyat əlaqələrinin qurulmasından keçdiyini anlamaq üçün dahi şəxsiyyət olmağa ehtiyac yoxdur. Sadəcə, Ermənistanda bunu etiraf edərək, problemin kordinal şəkildə həllinə cəsarəti çatan siyasi qüvvə indiyədək yetişməyib və bu gedişlə çətin ki, yetişə.
Ancaq hər necə olsa, ermənilər köhnə şakərlərindən əl çəkmədiklərini yenidən biruzə verməkdədirlər. Çünki xaricdə törədilən son təxribatlar 1988-ci il Sumqayıt hadisələrini xatırladır. Qarşı tərəfi təhrik etmək, qıcıqlandırmaq, özü açıq cinayət törədərək, günahı qarşı tərəfin üstünə atmaq erməni xisləti üçün adi haldır. Və erməni tərəfi növbəti dəfə bu “istedadından” yararlanmağa çalışır.
Lakin ermənilərin son hadisələrlə bağlı hədəf aldıqları nöqtələr, sadəcə yuxarıda qeyd olunanlarla yekunlaşmır. Hədəflərdən biri də Dağlıq Qarabağın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması tələbi üçün ermənilərin və azərbaycanlıların birgə yaşayışının mümkün olmaması və yolverilməzliyi ideyasını təbliğ etməkdir. Göstərməyə çalışırlar ki, bu iki millətin nəinki Dağlıq Qarabağda, Azərbaycanın tərkibində, hətta regiondan kənarda da birgə sülh, əmin-amanlıq şəraitində yaşaması mümkün deyil.
Daha bir hədəf danışıqların formatını dəyişdirmək cəhdi, danışıqlar prosesini dondurmaq və status-kvonu qorumaq məqsədidir. Bunu Paşinyanın hakimiyyətə gəldikdən sonra atdığı bütün addımlar, səsləndirdiyi bəyanatlardan görmək olar. Xüsusilə ermənilərlə azərbaycanlıların eyni cografi ərazidə, eyni ölkədə, eyni vətəndaşlıq altında yaşamasının mümkünsüzlüyün göstərməyə çalışan Ermənistan və onun havadarlarının əsas məqsədlərindən biri də danışıqlar prosesinə üçüncü tərəf kimi qondarma rejimin nümayəndələrinin iştirakının vacibliyini əsaslandırmaqdır.
Bütün bunların fonunda beynəlxalq aləmdə beynəlxalq hüququn və ayrı-ayrı beynəlxalq qurumların problemə səthi yanaşması məyusedici haldır.
(azpolitika)