Dağlıq Qarabağ münaqişəsi və-Helsinki Yekun Aktı
8-10 iyul 1992-ci ildə Helsinkidə keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (o vaxt Müşavirə adlandırılırdı) zirvə toplantısında Azərbaycan Respublikasının bu qurumun sənədlərinə, o cümlədən 1975-ci il Helsinki Yekun Aktına qoşulması baş verdi.
Yenixeber.org: Bununla da ölkəmiz dünyada və Avropada dövlətlərarası münasibətlərin tənzimlənməsi, sülh və təhlükəsizliyin qorunması prinsiplərinə sədaqətini nümayiş etdirdi. Bu sənədlərin içində Helsinki Yekun Aktı xüsusi yer tutur.
Helsinki Yekun Aktı güc yolu ilə ərazi əldə edilməsini qadağan edib. Sənədə görə gücdən istifadə olunmaması prinsipi bilavasitə sərhədlərin zorla dəyişdirilməsinin qəbuledilməzliyi ilə bağlıdır. Bu məqsədlə Helskin Yekun Aktı BMT Nizamnaməsinin 2(4) bəndini genişləndirərək ərazi bütövlüyü prinsipini xüsusi vurğulamaq üçün ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və gücdən istifadə edilməməsini ayrı prinsiplər kimi kodifikasiya edib. Nəticə etibarilə, bunlar Helsinki Yekun Aktında ərazi bütövlüyü fundamental normasından irəli gələn ardıcıl prinsiplər kimi müəyyən olunub. Helsinki Yekun Aktının 8-ci bəndi isə öz müqqəddəratını təyinetmə prinsipinin BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə uyğun şəkildə ifadə edilməsini təsbit edib.
ATƏT-in üzv dövləti olaraq Ermənistan Respublikası Helsinki Yekun Aktı ilə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf regionlarını işğal edib. İşğal edilmiş ərazilərdə mülki Azərbaycan əhalisinə qarşı qanlı etnik təmizləmə törədib. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu Azərbaycana qarşı gücdən istifadə etmək və gücdən istifadə etməklə hədələmək siyasətinin davamıdır.
Ermənistan Azərbaycana qarşı qeyri-qanuni əməllərini, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı güc tətbiqetmə və ya güclə hədələmə, işğal olunmuş ərazilərin ilhaqı cəhdləri və əhalinin zorla öz doğma yurdlarından qovulması kimi beynəlxalq hüquqa zidd hərəkətlərini ört-basdır etmək məqsədilə Helsinki Yekun Aktında təsbit olunan xalqların bərabər hüquqluluğu və öz müqəddəratını təyinetmə prinsiplərini hər vəchlə təhrif edir.
Helsinki Prinsiplərinin və ATƏT-in digər öhdəliklərinin Ermənistan tərəfindən pozulması, bu prinsiplərin tətbiqində seçimli yanaşma və ikili standartlara yol verilməsi Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllinin uzanmasına və nəticə etibarilə, gərginlik riskinin saxlanmasına səbəb olur.
1995-ci ilə aid müvafiq ATƏT sənədində qeyd olunduğu kimi, ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatının əsasını da BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə bərabər Helsinki Yekun Aktı təşkil edir.
Helsinki Yekun Aktında təsbit olunmuş prinsiplərə uyğun olaraq, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini təmin edəcək.