Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qarabağın Azərbaycanlı İcmasından həmsədrlərə etiraz

 

Bayram Səfərov: “Həmsədrlərə o zaman etimadım olacaq ki, mən Şuşada, öz evimdə yaşayacağam...”; Elxan Şahinoğlu: “Həmsədrlər vaxt öldürür, İrəvanın nazıyla oynayırlar...”

 

"Xeberinfo.com":  ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycandan sonra Ermənistandakı rəsmilər, həmçinin işğal olunmuş ərazilərimizdə kök salmış separatçı rejimin qondarma rəhbərliyi ilə görüşlərdən sonra onların sərgilədiyi mövqe haqlı narazılıq doğurdu. Diplomatlar beynəlxalq prinsipləri tapdayaraq, həmçinin Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik sərgiləyərək Xankəndindəki təmaslarını Dağlıq Qarabağın “faktiki rəhbərliyi ilə görüş” kimi təqdim etdilər.
Həmsədrlərin bundan əvvəlki bəyanatının da Azərbaycanın əleyhinə yönəldiyini nəzərə alsaq, onların tutduğu mövqe səbəbsiz görünmür. Əgər tərəfsiz olduqlarını bəyan edən bir qurumun rəhbərliyi təcavüzə məruz qalan ölkəyə qarşı davamlı şəkildə təxribatçı mövqe sərgiləyirsə, bunun səbəblərinin araşdırılması təbii ki, zərurudir. 
Diqqət edin, erməni tərəfi işğal zonasında hansısa itkilər verəndə həmsədrlər dərhal narahat olduqları barədə bəyanat verir, hətta rəsmi Bakını qınamağa cəhd göstərirlər. Ancaq elə onların bölgəyə səfərindən dərhal sonra düşmənin təxribat-diversiya hücumunun qarşını alarkən Azərbaycan ordusu şəhid verdi. Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Cavadov Zəlimxan Eybalı oğlu şəhid oldu. Ancaq daşdan səs çıxdı, həmsədrlərdən yox. Bunun əvəzində onlar Qarabağdakı terrorçu-separatçı qurumu “tərəf” kimi təqdim etmək üçün yeni variantlar uydururlar. 
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədri Bayram Səfərov “Yeni Müsavat”a dedi ki, həmsədrlərə onların çoxdan etimadı yox idi: “Mənim onlara əvvəldən etimadım olmayıb. Həmsədrlərə o zaman etimadım olacaq ki, mən Şuşada, öz evimdə yaşayacağam. Ancaq onların dedikləri nəyisə həll etmir. Azərbaycan xalqının, dövlətinin öz siyasəti var və biz milli maraqlarımızı əsas tuturuq”.
Ancaq bununla belə, Bayram Səfərovun mövqeyi belədir ki, həmsədrlər erməni və azərbaycanlı icmalar arasında dialoq məsələsində ciddi səy göstərməli və təkliflər irəli sürməlidirlər. “Dağlıq Qarabağın Azərbaycanlı İcması daim konstruktiv mövqe sərgiləyir və daim dialoqa açıq olduğunu bildirir. Biz dəfələrlə bildirmişik ki, Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmaları arasında dialoq vacibdir və bu qarşılıqlı inamın bərpa olunması və sülh sazişinin əldə olunmasından sonra əhəmiyyətli rol oynaya bilər. Lakin Ermənistan tərəfi bu məsələdə də konstruktiv mövqe sərgiləmir. Biz dəfələrlə bu cür görüşlərin təşkil olunmasına çağırsaq da, qarşı tərəf buna imkan vermir və hər vəchlə maneə olur. Dialoq və etimadın qurulmasında həmsədrlərin də rolu çox vacib və önəmlidir”, - deyə B. Səfərov amerikalı həmsədr Ceyms Uorlikin dialoq təşəbbüsünə münasibət bildirərkən söyləyib. 
Azərbaycanlı girovların taleyi ilə bağlı hansı proseslərin getdiyinə gəldikdə, icma rəhbəri bildirdi ki, bu məsələ dövlətin daim diqqətindədir: “Möhtərəm prezident də bu məsələni daim diqqətdə saxlayır. Elə bunun nəticəsidir ki, Rusiya XİN-dən tutmuş ABŞ diplomatlarına qədər hər kəs girovların azad olunmalı olduğunu bəyan edib. Erməni yəqin ki, sonda cəzasını alacaq. Dünya başa düşür ki, azərbaycanlılar öz evinə gedərkən ermənilər tərəfindən tutulublar. Erməninin mənim torpağımda nə işi var? Əslində cinayətkar onlardır və cəzasını almalıdırlar”. 
Cəbhə xəttindəki gərginliyin hər an böyük müharibəyə gətirib çıxaracağı ehtimalları da gündən-günə ciddiləşir. Həmsədrlərin bölgəyə son səfəri də hesab olunur ki, bu gərginliyin səngidilməsinə yönəlmişdi. 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu həmsədrlərin səfərindən bu dəfə də fövqəladə nəsə gözləmədiyini vurğuladı: “Həmsədrlərin bölgəyə budəfəki səfəri sadəcə bir mövzuyla bağlı idi: necə edək ki, atəşkəs pozulmasın və bu barədə prezidentlərdən zəmanət alaq. Doğrudur, yaxın gələcəkdə prezidentləri görüşdürmək kimi bir başqa mövzunu da müzakirəyə çıxartdılar. Ancaq danışıqlarda irəliləyiş yoxdursa, prezidentlərin görüşünə də ehtiyac yoxdur. Digər tərəfdən, Ermənistan prezidenti Serj Sərkisyanın başı aprel ayında keçiriləcək ”erməni soyqrımı"nın yüz illiyinə qarışıb. Bu tədbir ona Türkiyə və Azərbaycana əlavə problem yaratmaq üçündür. Ona görə Sərkisyan belə bir ərəfədə azərbaycanlı həmkarı ilə görüşmək istəməz". 
Atəşkəs hallarının intensiv şəkildə pozulmasına gəldikdə, politoloq deyir ki, atəşkəsin ən azı iyun ayına qədər qorunmasında ilk növbədə rəsmi Bakı maraqlıdır: “İyun ayında Bakıda Avropa Olimpiya Oyunları keçiriləcək. Azərbaycan hakimiyyəti həmin tarixə qədər sakitlikdə maraqlıdır. Əks halda, olimpiya oyunlarına kölgə salına bilər. Demək, ermənilərin olimpiya oyunları ərəfəsində təxribata əl atacaqlarını istisna etmək olmaz. İyuna qədər atəşkəsə riayət olunsa belə, biz bu il ərzində cəbhə bölgəsində hələ çox lokal toqquşmaların şahidi olacağıq. Həmsədrlər vaxt öldürür, özlərinin hazırladığı planı Ermənistan hakimiyyətinə qəbul etdirmək istəmirlər, İrəvanın nazıyla oynayırlar. Halbuki, onlar erməni separatçılarını sülhə məcbur etmək iqtidarındadırlar. Necə olur, Minskdə yığışaraq Donbas separatçılarını Ukraynanın ərazi bütövlüyü çərçivəsində geniş muxtariyyətə razı salırlar, Qarabağ separatçılarını buna razı sala bilmirlər? Ukraynadakı böhranın həlli məqsədilə ”Normand formatı"ndakı 4 dövlətdən ikisi - Rusiya və Fransa Minsk Qrupunda həmsədrdilər. Yəni bu dövlətlər istəsələr, Ermənistanı məcburi sülhə məcbur edə bilərlər. Amerikalı diplomatlar son zamanlar açıq deyirlər ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmalıdır".
E.Şahinoğlu həmsədrlər arasında mövcud fikir ayrılığına da diqqət çəkdi: “Amerikalı diplomatlar ayrıca, erməni separatçılarını iki azərbaycanlı girovu sərbəst buraxmağa da çağırırlar. Bəs niyə eyni fikirləri fransalı və rusiyalı diplomatlardan, həmsədrlərdən eşitmirik? Halbuki, həmsədr dövlətlər sözü bir yerə qoysalar, həm girovlarımızı azad edərlər, həm də ilkin mərhələdə heç olmazsa Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun boşaldılması prosesini sürətləndirərlər. Bu ümumi sülhün əldə olunması güclü təkan verər. Demək, münaqişənin həlli böyük dövlətləri maraqlandırmır, münaqişənin dondurulmuş vəziyyətdə qalması onlara mane olmur. Ancaq anlamalı olduqları önəmli amil var: Azərbaycan münaqişənin əbədiyyətə qədər dondurulmuş vəziyyətlə qalmasıyla barışmayacaq, lazım gəlsə işğalçının helikopterini də vuracaq, cəbhə xəttini keçərək, düşmənə başqa lokal zərbələr də endirəcək”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam