Qarabağda müharibə planı - Putin savaş istəyirmi?
Moskva dilemma qarşısında; rusiyalı politoloqdan sensasion iddia: “Bakı torpaqları güc yolu ilə azad eləməyə başlasa, Moskva bu dəfə qarışmayacaq...”
Yenixeber.org: Rusiya Dövlət Duması (parlamentin aşağı palatası) dünən ölkə konstitusiyasına düzəlişləri qəbul edib. Düzəlişə əsasən, bir şəxs ardıcıl iki müddətdən artıq (2 x 6 = 12 il) ölkə prezidenti ola bilməz. Lakin əlavədə o da vurğulanır ki, bu, indiki prezidentə aid olmayacaq. Vladimir Putinin prezidentlik müddəti isə 2024-cü ildə başa çatır. Yəni nəzəri cəhətcə o, 2036-cı ilədək Rusiyaya rəhbərlik edə bilər. Lakin düzəlişi yuxarı palata - Federasiya Şurası da təsdiq eləməlidir. Yəqin ki, edəcək də.
Putinin Rusiya dövlətinin sükanı arxasında daha 16 il qalmaq şansı sövq-təbii Azərbaycanı da öz xarici siyasət kursuna, o cümlədən 1 nömrəli problemimiz olan Dağlıq Qarabağla bağlı apardığı kursa yenidən baxmaq zərurəti qarşısında qoyur. Çünki Rusiya Azərbaycanın ən böyük qonşusu, Qarabağ ixtilafının həllində mühüm söz sahibidir.
Əfsus ki, Putinin hakimiyyətdə olduğu 20 ildə də konfliktin dinc həllində heç bir irəliləyiş baş verməyib. Bu da o anlama gəlir ki, müharibə variantı öz aktuallığını saxlayır və hətta getdikcə artırır. Hər halda, Azərbaycan rəhbərliyi zaman-zaman bəyan edib ki, işğal rejiminə sonsuzadək dözmək və öz torpaqlarında ikinci qondarma erməni dövlətinin qurulmasına imkan vermək fikrində deyil. Bunu gözləyən boşuna gözləyir. Bakı əlverişli şərtlər yetişən kimi masa üzərindəki hərb variantını həyata keçirəcək. Müharibə variantı önündə yeganə çəkindirici faktor isə hələlik Rusiyadır. Ancaq situasiya günün birində dəyişə də bilər.
*****
“Azərbaycan Ordusu Qarabağda genişmiqyaslı hərbi əməliyyatlara başlasa, Moskva Bakıya sanksiya tətbiq etməyəcək”.
Bu sözləri Tert.am erməni portalına açıqlamasında tanınmış rusiyalı təhlilçi Aleksandr Skakov deyib. Politoloqun fikrincə, Moskva-Ankara münasibətlərinin ciddi şəkildə pisləşməsinin nəticələrindən biri kimi, Azərbaycan işğalçıya qarşı hərbi gücə əl ata bilər.
“Bakı torpaqlarını geri qaytarmaq üçün mütləq bundan istifadə edəcək. Nədən ki, o zaman Moskvanın mövqeləri zəifləyəcək və bu mövqelər başqa faktorlardan asılı olacaq (NATO üzvü Türkiyə ilə münasibətlər və s.) Məhz belə bir ssenarini biz yaxınlarda görmüşük (2016-cı ilin aprelindəki ”4 günlük" müharibə nəzərdə tutulur - “YM”)" - rusiyalı ekspert qeyd edib.
Analitik hesab edir ki, Rusiya bu dəfə Bakının hərəkətlərinə reaksiya verməyəcək. “Niyə Moskva özünə həll edə bilməyəcəyi izafi problemlər yaratmalıdır ki?”, - deyə o, sözünə əlavə edib.
*****
Qeyd edək ki, bir sıra digər tanınmış analitiklər də vaxtaşırı eyni yanaşma ortaya qoyurlar. Bu zaman onlar belə bir geosiyasi və hüquqi gerçəyi də əsas gətirirlər ki, yalnız Ermənistan KTMT-nin (“Rus NATO-su”) üzvü kimi Rusiyanın təhlükəsizlik çətiri altındadır, işğal altındakı Azərbaycan əraziləri, Dağlıq Qarabağ yox. Hərçənd biz Krım məsələsində Moskvanın beynəlxalq hüquqa nə dərəcədə sayğılı olduğunu görmüşük.
O da maraqlıdır ki, bugünlərdə Rusiya prezidenti Vladimir Putin verdiyi müsahibədə Qarabağda müharibə məsələsinə də dolayısı ilə dəxli ola biləcək fikir söyləyib.
“Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Cənubi Osetiya və Abxaziya məsələlərini güc yolu ilə həll etməyəcəyinə dair mənə söz versə də, buna əməl etmədi”. Bunu o, “Vladimir Putinə 20 sual” layihəsi çərçivəsində TASS-a müsahibəsində deyib.
“Biz onunla bu məsələ ilə bağlı o, prezident olanda (2004-2013) dəfələrlə söhbət etmişik. Mən ondan heç vaxt Cənubi Osetiya və Abxaziya məsələsinin güc yolu ilə həllinə cəhd etməməyi xahiş etdim. O da bunu heç vaxt etməyəcəyi barədə vəd verdi. Ancaq vədini tutmadı. Əksinə getdi - cavabını aldı!”, - deyə Rusiya prezidenti vurğulayıb.
*****
Doğrudur, Azərbaycan Gürcüstan deyil. Gürcüstandan fərqli olaraq, bizim Rusiya ilə quru sərhədimiz də yoxdur. Həmçinin işğal altındakı Dağlıq Qarabağ bölgəsi Abxaziya və Cənubi Osetiya kimi Rusiya ilə birbaşa quru sərhədə malik deyil. Dağlıq Qarabağ yalnız işğal altındakı digər ərazilərimiz vasitəsilə Ermənistanla quru əlaqəyə malikdir. İşğalçı Ermənistan isə Rusiyanın vassalı, hərbi qalasıdır. Bundan əlavə, Türkiyə faktoru da yaddan çıxarıla bilməz. Gürcüstanın bölgədə belə bir güclü müttəfiqi yoxdur, olmayıb.
Yəni Moskva Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində aparacağı azadlıq müharibəsinə müdaxilə etmək istəsə belə, Türkiyə faktorunu göz önünə almalı olacaq. İndi ötən əsrin 90-cı illəri deyil. Lakin 2016-cı ilin aprelindəki uğurlu “4 günlük” savaş göstərdi ki, Rusiya, hər halda, müharibə məsələsində təsir rıçaqını əlində saxlamağa çalışır və genişmiqyaslı hərbi toqquşmada maraqlı deyil. Ola bilsin, bu, indi həm də Türkiyə amilinə görədir.
Təsadüfi deyil ki, Ermənistanın baş naziri Nikol Paşinyan ötən il verdiyi açıqlamaların birində ümid elədiyini bildirmişdi ki, Rusiya Azərbaycanı müharibə etməyə qoymayacaq. Ancaq müharibə arzulamayan ölkə gərək sülh üçün nəsə eləsin. İrəvan isə illərdir mövcud status-kvodan və Rusiyanın himayəsindən işğal rejimini rəsmiləşdirmək üçün istifadə eləməyə çalışır. Bu isə gec-tez bölgədə yeni müharibəni alovlandıracaq - Rusiya istəsə də, istəməsə də.
Bu mənada zaman indi işğalçı Ermənistanla yanaşı, Rusiyaya da işləmir. Çünki yeni genişmiqyaslı hərbi əməliyyatlar Moskvanı regionda Gürcüstanın ardınca iki daha mühüm dövləti - Türkiyə və Azərbaycanı da itirmək təhlükəsi qarşısında qoya bilər...
“Yeni Müsavat”