Rusiyalı nazir müavini:“Bu cür yanaşmaları rədd edirik”
“Öz dominantlığını qorumaq üçün bir qrup ölkə və transmilli korporasiyalar qeyri-bərabər və eqoist yanaşmalarını, ikili standartlarını utanmazcasına demokratiyanın ali ideyaları, liberalizm adı altında gizlədir”.
Yenixeber.org: Bunu Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Verşinin Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə Görüşündə deyib. Onun sözlərinə görə, bu hərəkətlərinə haqq qazandırmaq üçün beynəlxalq birliyə özlərinin qaydalarına əsaslanan dünya düzəni konsepsiyası sırıyırlar.
“Bu cür qaydalar BMT-nin nizamnaməsini, beynəlxalq hüquq normalarını rədd edir, konfrontasiya və bloklar arasında qarşıdurma dövrünə yol açır. Gündəlik olaraq ölkələrin daxili işlərinə qarışmamaq prinsipləri pozulur. Qoşulmama Hərəkatına üzv olan və öz sosial-iqtisadi inkişaf modelini seçməyə cəhd edən bir sıra ölkələr xaricdən olan aqressiv siyasətdən əziyyət çəkir. Dünya hələ də rəsmi Vaşinqton və onun tərəfdaşlarının İraqa, Suriya, Liviyaya qanunsuz hərbi müdaxiləsindən özünə gələ bilmir”.
S.Verşinin bildirib ki, bu gün Venesuelada qanuni hakimiyyətin sarsıdılması və devrilməsinə dair açıq şəkildə yürüdülən siyasəti görmək mümkündür.
“Birləşmiş Ştatların Venesuelaya qarşı münasibəti Qoşulmama Hərəkatına üzv ölkələrin qətiyyətli qınağına layiqdir. Hərbi şantaj və sanksiyalar yolu daxil olmaqla suveren ölkələrin hakimiyyətlərinin xaricdən dəyişdirilməsi cəhdləri tamamilə qəbuledilməzdir. Biz bunu BMT-nin çoxsaylı qətnamələrinə baxmayaraq, Kubaya qarşı tətbiq olunanda görürük”.
XİN rəsmisi əlavə edib ki, Fələstin probleminə də toxunmamaq mümkün deyil:
“Bu problemin ədalətli həlli bütün Yaxın Şərq regionunda vəziyyətin yaxşılaşması üçün olduqca əhəmiyyətlidir. Bu münaqişənin nizamlanması prosesinin monopoliyaya alınması yaxşı bir nəticəyə gətirib çıxarmayacaq. Bu gün BMT qətnamələri və “Ərəb sülh təşəbbüsü” əsasında danışıqlara dair beynəlxalq birliyin konsolidasiyasına ehtiyac var. Rusiya Qoşulmama Hərəkatı, Ərəb Ölkələri Liqası və İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq da daxil olmaqla bu prosesə öz töhfəsini verməyə davam edəcək. Paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması mövqeyindən çıxış edirik. Avropa koloniya imperiyaları hələ də dəniz ərazilərini və adaları nəzarət altında saxlayır. Özlərini müstəqil ölkələrə qarşı yalnız onların təbii və insan resurslarının istifadəsində maraqlı olan metropol kimi aparırlar. Rusiya bu cür yanaşmaları rədd edir. Rusiya Qoşulmama Hərəkatına üzv olan ölkələrlə münasibətləri onların suverenliyinə hörmət və öz gələcəklərini özlərinin təyin edə biləcəyi prinsiplərinə əsasən qurur. Biz bundan sonra da beynəlxalq sabitlik, xalqlarımız və ölkələrimiz, dünya birliyinin maraqların naminə Qoşulmama Hərəkatına üzv ölkələri ilə əməkdaşlığı genişləndirməyə hazırıq”. (modern)