PAŞİNYAN “KÖHNƏLƏR”İN MÜQAVİMƏTİNİ NİYƏ BMT TRİBUNASINA DAŞIDI? –Təhlil
Aram Amatuni
“1in.am”, Ermənistan, 28 sentyabr 2019-cu il
Yenixeber.org: Sabiq müdafiə naziri Viqen Sarqsyan Xüsusi İstintaq Xidmətinin (XİX) bu yaxınlarda haqqında informasiya yaydığı cinayət işi üzrə özünün müttəhim sifətində cəlb olunması haqqında qərarı siyasi təqib kimi qiymətləndirib. Söhbət Müdafiə Nazirliyində evlərin paylanması prosesindən gedir. Viqen Sarqsyan prosesin nəzarət komissiyasının iştirakı ilə getdiyini deyərək, ittihamları rədd edib.
Bu yaxınlarda hüquq-mühafizə orqanları iki sabiq məmurun ittiham olunması haqqında məlumat veriblər. İttihamlardan biri, əlbəttə, “1 Mart işi” çərçivəsində sübutların saxtalaşdırılmasına görə birbaşa respublika polisinin sabiq rəisi Alik Sarqsyana qarşı irəli sürülüb. Viqen Sarqsyan isə qeyd edilən evlərin paylanması işinə görə müttəhim kimi cəlb olunub.
Hüquq-mühafizə orqanlarının yüksək rütbəli iki sabiq məmura qarşı bu hərəkəti respublika polisinin sabiq rəisi Ayk Arutyunyanın səs-küyülü ölüm hadisəsinin – ilkin versiyaya görə, intiharının – və Milli Təhlükəsizlik Xidməti (MTX) və respublika polisi rəislərinin istefalarının ardınca baş verir.
Paralel olaraq, Nikol Paşinyan Nyu Yorkda bəyan edib ki, bu istefaların səbəbi korrupsiya ilə mübarizənin effektivliyi ilə bağlı narazılıqdır.
Viqen Sarqsyan və Alik Sarqsyana yönəlik hüquqi proseslər dəyişikliklərlə şərtlənir, yoxsa siyasi hakimiyyət sadəcə köhnə hakim sistemin təbliğat-informasiya və siyasi aktivliyinə cavab olaraq, bu aktivliyin qarşısının alınması üçün təzyiqi artırmağa cəhd edir?
Diqqətçəkəndir ki, Nikol Paşinyan öz çıxışında köhnə sistemin böyük müqavimət göstərməyə, ədalət məhkəməsinə mane olmağa cəhd etdiyini qeyd edərək, məsələni BMT Baş Assambleyasının tribunasınadək qaldırıb. Əgər Nikol Paşinyan bu məsələni BMT Baş Assambleyasının sessiyasının tribunasından qaldırırsa, fərz etmək olar ki, o, məsələnin kontekstinə Ermənistanın daxili siyasi həyatından böyük baxır. Yoxsa belə alına bilər ki, Nikol Paşinyanın BMT Baş Assambleyasının sessiyasının tribunasından etdiyi çıxışında köhnə sistemin müqavimət göstərməsinə toxunması sadəcə yeni hakimiyyətin Ermənistanda fəaliyyəti üçün müəyyən “alibi” yaratmaq məqsədinə heç olmasa avans olaraq xidmət edir.
Həqiqətən, biz hansı halla qarşı-qarşıyayıq? Baş nazir daxili müqavimətə daha geniş xarici gizli məna ilə baxır, buna müvafiq olaraq da, müqavimətə qarşı durmaq üçün BMT tribunasından istifadə edərək xarici aləmdə müttəfiqlər tapmağa cəhd edir, yoxsa daha bir problem var və Nikol Paşinyan Ermənistan hakimiyətinin daxili siyasətinin anlaşılması üçün ilkin bazanın formalaşdırılması məqsədilə, beynəlxalq tribunada yaranmış, lazım gəldikdə bir qədər sərtləşdirilən mövcud durumu təsvir etməyə cəhd edib?
Ola bilsin, Baş nazir Paşinyan məsələyə BMT tribunasından baxaraq, bu sferada olan əhvali-ruhiyyəyə də toxunmağa cəhd edib.
Tərcümə: Strateq.az