“SOMALİLƏŞƏN” QIRĞIZISTANDA DÖVLƏTÇİLİK NİYƏ BAŞ TUTMADI:siyasi liderlər qəbilə başçısı və səhra komandirlərinə dönüblər – Təhlil
Yuri Solozobov, politoloq, Millli Strategiya İnstitutunun (Rusiya) beynəlxalq layihələr üzrə direktoru
regnum.ru, 09.08.2019
Bu gün Qırğızıstanı ağrı-aclı ilə uğursuzluq adası adlandırırlar. Məyuscasına zarafat edirlər ki, inqilabın tarixi bəzən üç dəfə təkrarlanır: birinci dəfə Rusiya faciəsi görkəmində, ikinci dəfə Ukrayna məzhəkəsi kimi, üçüncü dəfə isə Bişkekdəki kimi. Növbəti keçmiş və fəaliyyətdəki Qırğızıstan prezidentləri arasında növbəti güc qarşıdurması sadə məsələ üzərində düşünməyə vadar edir. Niyə Qırğızıstanda hər bir yeni hakimiyyət əvvəlkindən daha zəif və pisdir?
Yenixeber.org: Əslində, Qırğızıstanın siyasi sistemi mənfi seçimin qurbanı olub. Görünür, Mərkəzi Asiyanın bu kiçik respublikasının siyasiləri və ictimai münasibətləri iqtisadi, siyasi və sosial baxımdan durmadan aşınır. Deməli, riyaziyyatçı Əskər Akayev belə yonulmamış ölkə üçün son dərəcə yumşaq başçı çıxıb. O, 2005-ci il “lalə” inqilabından sonra Qırğızıstanı tərk etməyə vadar olub. Kurmanbek Bakiyevin dönəmində 2010-cu il çevrilişinədək başlıca bölgə klanları – Şimal və Cənub Qırğızıstan rəhbərliyində təmsil olunmuş və ölkədəki kövrək balans bununla necəsə təmin edilmişdi.
Qırğızıstanın siyasi liderləri bu gün tayfa başçıları və səhra komandirlərinə qədər cılızlaşıblar. Onlar ən yaxşı halda öz ata-baba kəndlərini, ya da kriminal biznes üzrə yoldaşlarının qrupunu təmsil edirlər. Qırğızıstan rəhbərliyində elə hey törəyən siyasi böhranlar bunu təsdiqləyir ki, bu iddialı adamlsrı ancaq bir səy birləşdirir – istənilən qiymətə hakimiyyət və sərvətə çatmaq.
Mənim 2016-cı il hadisələrinə – hökumətin istefası və konstitusiyanı dəyişmək – şərhim proqnozu ehtiva edirdi ki, Qırğızıstanı hakimiyyət dəyişikliyi ilə sonrakı qarışıqlıq gözləyir, bundan sonra dövlətçiliyin kollapsı mümkündür. Yanılmaq istərdik, amma Qırğızıstanda gündəlik daimi münaqişə uzunmüddətli xarakterə malikdir. Onun təməl prinsipləri birləşmiş millətin və milli maraqlara tabe elitanın yoxluğudur və ən başlıcası, kiçik dövlət durmadan “sosial pasa” qədər puça çıxır. Yavaş-yavaş “Qırğızsıtanın somaliləşməsi” qorxulu xəstəliyin simptomudur. Bu, Böyük Limitrof (Rusiya İmperiyasının ətrafındakı bitişik dövlətlər toplusu-tərc.) qurşağından geopolitik yolayrıcında görünən sovetsonrası ölkələrin çoxu üçün ümumi bəladır. Kürəsəl əmək bazarları qəddar hərəkət edir: iqtisadi cazibə mərkəzləri – istər Rusiya, istərsə də Avropa Birliyi – sovetsonrası periferiyadan anlaqlı adamları sorur. Yerlərdə qalan adamlar ən amansız mənfi seçim hiss edir: ictimai münasibətlər iqtisadi, siyasi və sosial baxımdan durmadan aşınır.
Ciddi demoqrafik çətinliklər yaşayan varlı iqtisadiyyatlar öz inkişafı üçün sadə yol tapıb. Onlar sovetsonrası əhalinin cavan, sağlam və təhsilli kəsiminin köçünü sadələşdirib. Bununla yanaşı, xəstə, qoca və təhsilsiz kəsimlə bağlı sosial problemlər belə də yerlərdə qalır. Və bunlar necə həll olunmalıdır – hələlik heç kim bilmir.
Kiçik Qırğızıstanda baş verən proseslər keçmiş SSRİ-nin başqa sərhədyanı ölkələri üçün bir növ siyasi zaman maşınıdır. Məsələn, zahirən firavan, millətin aktiv hissəsini Avropa Birliyində dönməzcəsinə itirən Baltikyanı ölkələrin demoqrafik problemləri yaxşı bəllidir. Bu gün AB ölkələri Baltikyanını və Şərqi Avropa ölkələrini üryan edib, Rusiya isə Ermənistan və həmin Qırğızıstandan kadrları maqnit kimi çəkir.
Budur, daha bir örnək. Bu gün Rusiya və Polşa heç bir fəal savaşsız qonşu Ukraynanı bölür. Əmək bazarı o qədər çevikləşib ki, silahla vuruşmaq və sərhədləri formal dəyişmək artıq gərək deyil. Xüsusən də Rusiya gələn ukraynalılara sadələşdirilmiş rejimdə öz pasportlarını verdiyi, Polşa isə polyak Kartını ukraynalı və belaruslara fəal payladığı üçün.
Ölkədən gedənlərin xaricdə bir qədər qazanaraq sonra doğma torpağı qaldırmaq üçün qayıdacaqları haqda illüziyalar Şərqi Avropa ölkələrinin praktikası ilə təsdiqlənmir. Tək-tük adam və yalnız öz uşaqlarını götürmək üçün qayıdır. Belə ki, Qırğızıstan öz problemlərilə unikal deyil.
Mənfi ssenari gerçəkləşəcəyi halda Rusiyanın çevrəsində həqiqi dövlətçiliyi olmayan ölkələrin “kabus dövlətlər”çevrəsi yarana bilər. Bu proseslər Moldovanın aşınması timsalında mənim “Böyük Limitrofda həyat varmı”əsərimdə ayrıntılı araşdırılıb.
Qanunauyğun sual meydana çıxır ki, sərhədlərimizdəki bu “qara deşiklər”lə sonra nə edəcəyik? Başlanmış “somaliləşmə” prosesini təkcə yerli hökumətlərin səyləri ilə dayandırmaq mümkün deyil – qonşu ölkələr arasında maaşlar və yaşayışın keyfiyyəti bu gün dəfələrlə fərqlənir.
Hətta xarici təsir olmadan, artıq, çətin ki, Qırğızıstanı normal duruma gətirmək mümkün olar. Bu gün respublikada ölkəni uğurlu dövlət halına gətirməyi bacaracaq həqiqi siyasi elitalar yoxdur. Orada qalanlar isə özlərini ölkənin strateji inkişafı ilə səsləşdirmirlər.
Mənim fikrimcə, Qırğızıstanı xilas etmək üçün təcili kollektiv proqram gərəkdir. Qırğızıstanı “iflasa uğramış dövlət” statusundan çıxartmaq üçün Avrasiya Birliyi və KTMT ölkələrinin bunu birgə qaldırıcı qurğu kimi yaratmağı məntiqli olardı.
Lakin belə beynəlxalq proqram Qırğızıstan elitaları tərəfindən də məsuliyyətli iş tələb edir. Yada salaq ki, Qazaxıstan artıq belə bir iş aparmağa cəhd edib, amma o zaman bütün təşəbbüslər və pullar qara Qırğızıstan deşiyində izsiz qeyb olub. Buna baxmayaraq, yenə də bu respublikadakı problemlərin həllinə konstruktiv və sistemli yanaşmaq gərəkdir. Əks halda Qırğızıstada növbəti inqilabi sarsıntılar AİB-in cənub hüdudlarının təhlükəsizliyini və Rusiyanın özünün sakitliyini təhdid edə bilər.Tərcümə: Strateq.az