"Rasim Musabəyov əqidəsiz adamdır, vaxtilə Müsavat partiyasında təmsil olunurdu" —Deputat haqqında AĞIR SÖZLƏR
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Milli Məclisin deputatı Rasim Musabəyovun Bakıda yeraltı keçiddə popkorn satan uşağı "həyasız" adlandırması və onun vergi ödəməyini tələb etməsinə sərt reaksiya verib.
Yenixeber.org: S.Cəlaloğlu saytımıza açıqlamasında bildirib ki, həmin uşaq öz zəhmətilə halal pul qazandığı üçün hökumət ona heykəl qoymalıdır:
"Əgər küçədə hansısa uşaq qarğıdalı, salfet və yaxud gül satırsa, bunun günahı həmin uşaqda deyil. Bunun günahı uşaqpulunu verməyən hökumətdədir ki, bu cür adamları öz himayəsi altına almır. Əgər bu uşaqlara dövlət tərəfindən lazımı maddi təminat göstərilsəydi, o zaman həmin uşaqlar gedib təhsilləri ilə məşğul olardılar. Əksinə, həmin uşaq gedib oğurluq etsəydi, bu zaman onu qınamaq olardı. Ancaq qarğıdalı satdığına görə hər hansı deputatın bu uşağı qınamağa haqqı çatmır. Bəlkə də həmin uşaq özünə kitab-dəftər almaq üçün bu cür halal yolla pul qazanır. Ona görə də sözügedən uşağa abidə qoymaq lazımdır. Mənim üçün bu uşaq Rasim Musabəyovdan daha çox qiymətli və Vətənə faydalıdır. Saxta mandat alan bu cür insanların millətimizə yuxarıdan aşağı baxmasında da təəccüblü nə isə görmürəm. Çünki Rasim Musabəyov həqiq millət vəkili olsaydı, o zaman millətimizin bütün problemlərini başa düşərdi, o uşağın qarğıdalı satmasına qarşı vergi tələb etməzdi. Əksinə, məsələ qaldırardı ki, dövlət həmin uşaqlara sahib çıxsın, onların təhsil alması üçün lazımı addımlar atılsın. Normalda dövlət bu cür uşaqlara yardım etməlidir ki, onlar da gedib yaxşı təhsil alsınlar. Rasim Musabəyov, axı bu uşağın nə günahı var ki, onu təhqir edirsən?".
Partiya sədri Rasim Musabəyovu Azərbaycan xalqını parçalamaqda ittiham edib:
"Xalqı kəndli və şəhərliyə bölmək, halal zəhmətlə pul qazanan insanları təhqir edib alçaltmaq milləti parçalamağa və milli həmrəyliyə zərbə vurmağa hesablanıb. Rasim Musabəyov bilməlidir ki, Azərbaycan elminin əsas daşıyıcıları kəndlərdən çıxmış insanlardır. Bu, bütün dünyada belədir. Çünki kəndlər şəhərlərin urbanizasıyasından kənarda qaldığı üçün oradan daha çox milli dəyərlərə malik olan ziyalı və görkəmli şəxslər çıxır".
S.Cəlaloğlu qeyd edib ki, Rasim Musabəyov əqidəsiz adamdır:
"O, vaxtilə Müsavat partiyasında təmsil olunurdu. Sonra hökumət ona şirnikləndirici təkliflər edən kimi dərhal əqidəsini dəyişdi və hakimiyyətin tərəfinə keçdi. Digər tərəfdən isə hər kəs öz zatını biruzə verir. Bilirsiniz ki, bu adam Musabəyov ailəsinin üzvüdür. Musabəyovlar isə müstəqil Azərbaycanın süqut etməsində və yenidən rus imperiyası tərkibinə daxil edilməsində müstəsna xidmətlər göstərib. Yəni, Rasim Musabəyov mənsub olduğu tayfanın əqidəsinin daşıyıcısıdır. Bu adam milli təfəkkürdən uzaq olan şəxsdir. Rasim Musabəyov öz ana dilində danışmağı bacarmayan, məntiqsiz, əqidəsiz, mövqeyini dəyişən adamdır".(demokrat.az)
Zaur Hacılı