Kreml İrəvanı Azərbaycanla hədələdi
“2 stul”da oturmaq istəyən Paşinyana sürpriz; Rusiya “qamçı və kökə” siyasətinə sadiqdir; Moskva həm Qarabağ separatçılarına qucaq açır, həm də forpostuna “xox” gəlir; Bakının reaksiyası nə olacaq?..
Yenixeber.org: Rusiya Ermənistanın qərbyönlü sayılan yeni rəhbərliyinə münasibətini hələ ki tam formalaşdırmayıb. Belə görünür ki, rəsmi Moskva erməni baş nazir Nikol Paşinyanla nə etmək istədiyini özü üçün axıradək dəqiqləşdirməyib. Bununla belə, Kreml ənənəvi üsullarla - şirnikləndirici və hədələyici vasitələrlə “yeni Ermənistanı” öz orbitində saxlamağa çalışır. Yalnız iki təzə fakt.
Ondan başlayaq ki, Moskvada Kremlin bilavasitə rüsxəti ilə yaradıldığı şəkk-şübhə doğurmayan və əsas hədəfi İrəvanı Moskvanın təsir dairəsində saxlamaq olan “Lazerev klubu”nun ikinci iclası keçirilib (Birinci iclas ötən ilin dekabrında İrəvanda olmuşdu və Azərbaycan əleyhinə təxribatçı bəyanatlarla yadda qalmışdı. Həmin iclasa israrlı dəvətlərə rəğmən, Nikol Paşinyan nümayişkaranə şəkildə qatılmamışdı).
Elə təkcə o fakt ki, bu üzdəniraq qurumun rəhbəri Rusiya Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini, Azərbaycanın “qara siyahısı”nda olan qatı ermənipərəst deputat Konstantin Zatulindir, özlüyündə çox şeyi deyir. Eləcə də klubun üzvü olan digər anti-Azərbaycan ünsürlər.
Bu azmış kimi, Moskvadakı iclasa Azərbaycanın rəsmi etirazlarına rəğmən, Dağlıq Qarabağdakı cinayətkar rejimin nümayəndəsi də dəvət edilib. Bu, qondarma qurumun “iqtisadiyyat və infrastruktur naziri” kimi özünü təqdim edən Levon Qriqoryandır.
Çıxışında Qriqoryan “dqr iqtisadiyyatı”ndakı ağır problemlərdən danışarkən “qurumun” hələ də beynəlxalq səviyyədə tanınmamasından gileylənib. Məlumata görə, separatçı deyib: “Bu situasiya iqtisadiyyata güclü neqativ təsir edir. Ona görə ki, biz hazırda dünyada işləyən beynəlxalq institusional resursların hamısından kənarda qalmışıq. Bizim qonşularımız (Azərbaycan nəzərdə tutulur - ”YM") beynəlxalq təşkilatlarda özünün iştirakından istifadə edərək, bizim iqtisadi, siyasi və sosial təşəbbüslərimizi daima bloklayır".
Xarici iqtisadi əlaqələri qaydaya salmaqla bağlı sualı cavablandıran erməni “nazir” bu sahədə Rusiyanın birinci yerdə olduğunu bildirib. “Bizim həmçinin Qərb ölkələri ilə, ABŞ-la təmaslarımız var, dünya ilə bütün xarici ticarət isə Ermənistan vasitəsilə həyata keçirilir” - separatçı deyib və əlavə edib ki, Qarabağ separatçıları ilə Donbas separatçıları arasında da əlaqələr istisna deyil.
*****
Qeyd edək ki, Azərbaycan XİN işğal altındakı ərazilərdə yaradılmış qanunsuz rejimin nümayəndəsinin “Lazerev klubu”nun iclasına dəvət edilməsini Dağlıq Qarabağa dair dinc danışıqların hədəflərinə zidd olduğunu bəyan edib. Lakin daha önəmlisi, klubun iclasında Ermənistana ünvanlı hədələr, o sırada işğalçı ölkənin həll olunmamış Qarabağ məsələsi ilə, Azərbaycanla qorxudulmasıdır.
K.Zatulinin çıxışı bu xüsusda daha çox diqqət çəkir. Sitat: “Biz başa düşürük ki, Ermənistan müxtəlif ölkələrlə yaxşı əlaqələrə malik ola bilər. Amma qəbul edilən qərarların mahiyyəti - ayrı məsələdir. Əgər Ermənistan tutaq ki, cənab Con Boltonun (ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi - ”YM") məsləhətlərinin ardınca getsə, o zaman Ermənistan “erməni soyqırımı”nın tanınmasına dəstək proqramını qapatmalı olacaq - nəyə ki, Bolton İrəvana səfəri zamanı erməniləri sürükləyirdi. Ermənistan o zaman İranla əlaqələrini kəsməli və ABŞ-ın formalaşdırmaqda olduğu anti-İran cəbhəsində yer almalıdır. Əgər Ermənistanda bu yolu tutacaq ağıldan kəmlər varsa, o zaman mən indidən onların və Ermənistanın taleyinə acıyıram. Rusiya Ermənistan üçün müttəfiqdir, iqtisadi tərəfdaşdır, Ermənistanın uzun müddət eyni geosiyasi məkanda olduğu ölkədir, sadəcə, əvəzolunmaz ölkədir".
Yəni Zatulin işğalçı ölkəni ilk növbədə ən zəif yeri ilə - təhlükəsizlik məsələsi ilə hədələyib.
“Rusiya Ermənistanın təhlükəsizlik qarantıdır. Zatulin bununla demək istəyir ki, əgər siz Avropa və ABŞ-la əlaqələri möhkəmləndirsəniz, o halda Rusiya sizə təhlükəsizlik məsələsində dəstək verməyəcək. Yəni sətiraltı o, Ermənistanı konkret olaraq, Azərbaycanla hədələyir. Çünki heç kimə sirr deyil ki, əgər Rusiya qarışmasa, Azərbaycan işğal altındakı ərazilərini azad edəcək”.
Məlumata görə, bunu axar.az-ın rus versiyasına politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Zatulin həm də ondan narahatdır ki, Paşinyan faktiki, onunla hesablaşmır. “Paşinyan Qarabağ klanı ilə yaxından əməkdaşlıq edən Zatulini yaxına buraxmır. Ona görə də moderatorluq elədiyi ”Lazerev klubu" ilə özünə diqqət çəkməyə çalışır. Fikrimcə, hədələr davam edəcək", - deyə politoloq əlavə edib.
*****
O da maraqlıdır ki, Rusiyanın rəsmi İrəvanın ünvanına belə hədələyici mesajları, daha doğrusu, “qamçı və kökə” siyasətinin növbəti parlaq təzahürü məhz Nikol Paşinyan Brüsseldə çoxgünlük səfərdə olarkən özünü büruzə verib. Odur ki, nəticəni qoy öncə “2 stul”da oturmağa çalışan, yəni həm Qərbin, həm də Rusiyanın himayəsini almağa səy edən Paşinyan çıxarsın. Yeri gəlmişkən, bu gün onun inqilab yolu ilə hakimiyyətə gəlişinin düz 10 ayı tamam olur...(müsavat)