ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills səfir postunu tərk etməyə hazırlaşdığı vaxtda Dağlıq Qarabağla bağlı İrəvanı çalxalayan açıqlama verdi. Amerikalı diplomat bildirdi ki, “münaqişənin nizama salınması üzrə istənilən variant işğal altındakı ərazilərin bir qisminin Azərbaycana qaytarılması ilə nəticələnəcək”.
Yenixeber.org: Ermənistanda baş nazir vəzifələrini icra edən Nikol Paşinyan bunu “vəzifəsini başa çatdıran səfirin son mesajı” kimi qiymətləndirdi və məsələnin üzərində o qədər də dayanmaq istəmədi. Paşinyanın opponentləri isə onu əraziləri qaytarmağa hazırlaşmaqda ittiham etdi.
Ermənistan Demokrat Partiyasının sədri Ara Sarkisyan iddia etdi ki, Paşinyan əraziləri qaytarmağa hazırlaşır, amerikalı diplomatın açıqlaması da təsadüfi deyil.
“ABŞ səfirinin işğal altındakı ərazilərin qaytarılması ilə bağlı fikirlərini təkcə öz missiyasını başa çatdıran diplomatın son sözləri olaraq qiymətləndirmək olmaz. Çünki Mills təkcə postunu tərk edən səfir yox, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin nümayəndəsidir. Bu baxımdan, onun fikirləri bütün həmsədr ölkələrin birgə mövqeyi ola bilər. Ermənistanın yeni hökuməti əraziləri Azərbaycana qaytarmağa hazırdır”, - deyə o bildirib.
Ermənistanın “Lragir” saytında yayımlanan məqalədə də deyilir ki, ABŞ İrəvana “sülh əvəzinə ərazilərin qaytarılması” düsturunu təqdim edir.
“Əslində Ermənistanın keçmiş hakimiyyəti bunun “status əvəzinə ərazilərin qaytarılması” düsturu olduğunu deyirdi, reallıqda isə bu, “sülh əvəzinə ərazilərin qaytarılması” düsturudur. Hətta bu, deyildiyi kimi, “status əvəzinə ərazilərin qaytarılması” düsturu olsa belə, Ermənistan bundan heç nə qazanmır. Çünki əvvəlcə Qarabağ ətrafındakı ərazilər qaytarılır, buradan gedən azərbaycanlılar geri qayıdır, daha sonra Qarabağın statusu müzakirəyə çıxarılır, hərçənd, statusun nə vaxt veriləcəyi qeyri-müəyyəndir. İndi ABŞ eyni düsturu İrəvanın qarşısını qoyur. Paşinyan da sələfləri kimi bu düsturla razılaşır”, - deyə məqalədə qeyd olunur.
Sayt yazır ki, ABŞ səfirinin fikirlərində iki mesaj gizlənir: “Birincisi, postunu tərk edən diplomatın formal olaraq son söz deməsi, ikincisi, Ermənistan ictimaiyyətini münaqişənin yeganə həll yoluna kökləməkdir”.
Sayt onu da qeyd edir ki, amerikalı diplomatın sözləri ABŞ-ın Ermənistanın yeni hakimiyyətinə xəbərdarlığı da ola bilər.