Tarixdə ikinci Türkiyə-Rusiya yaxınlığı: Azərbaycan uduşda ola bilər, əgər...
Qabil Hüseynli: “Atatürk-Lenin yaxınlığı ciddi ittifaqa çevrilməmişdi”
ABŞ-ın Rusiya, Türkiyə və İrana qarşı təzyiqləri artırması hər üç ölkədən ibarət “Üçlər ittifaqı”nın yaradılması yönündə ehtimalları artırıb. Çinin də burada yer ala biləcəyi istisna edilmir.
Yenixeber.org: Belə bir birlik yaranarsa, Amerikan sanksiyaları qarşısında onun üzvlərinin duruş gətirib-gətirməyəcəyi ilə bağlı müxtəlif fikirlər var. “Üçlər ittifaq”ı ətrafında gedən müzakirələrdə Azərbaycanın da adı keçir. Belə ki, yarana biləcək birlikdən ölkəmizin zərər çəkəcəyi, yoxsa xeyir götürəcəyi ilə bağlı mülahizələr fərqlidir. Dağlıq Qarabağ kimi problemimizin həlli üçün daim yanımızda olan Türkiyənin bu problemin həll edilməməsində əsas rol oynayan ölkələrlə bir ittifaqda təmsil olunacağı təqdirdə bunun Azərbaycanın ziyanına ola biləcəyi ilə bağlı rəylər də var. Müzakirələrdə tarixi bir təcrübəyə də istinad edilir. Belə ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ötən əsrin 20-cı illərində SSRİ rəhbəri Vladimir İliç Leninlə yaxınlığı önə çəkilir və məhz bu birliyin ölkəmizə zərər verdiyi vurğulanır. Ozamankı Türkiyə-SSRİ yaxınlığının fonunda Azərbaycanın bir sıra tarixi ərazilərini itirdiyi qeyd olunur. İndi də Dağlıq Qarabağın timsalında bunabənzər hadisənin yaşanıb-yaşanmayacağı suallar doğurur.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, “soyuq müharibə”nin başa çatması və SSRİ-nin dağılması yeni dünya düzəninin formalaşmasına rəvac verib: “Yeni dünya düzəni daha çox bir qütblüdür və onun da memarı ABŞ hesab olunur. Bu düzən həm də yeni dəyərlərin meydana gəlməsi və dünyanın bəlli məkanlarına yayılması prosesi ilə birgə müşahidə olunur. Söhbət liberal dünya dəyərlərindən və insan haqları, eləcə də bu kimi digər dəyərlərin bir-birinə inteqrasiya olunmasından, cəmiyyətlərə yayılmasından gedir. Bu dəyərlər son 30 ilə yaxın müddət ərzində az qala dünyanın yarısına yayılıb və insanlar tərəfindən müsbət qəbul olunur. Amma son dövrün hadisələri, xüsusilə Trampın Amerikada hakimiyyətə gəlişindən sonra dünya düzənində böhranlı vəziyyət yarandı. Hazırda yaranan xaosdan söhbət gedir. Amerikanın sağa-sola sanksiyalar tətbiq etməsi, təkcə müttəfiqlərinə deyil, onların rəqibləri ilə üz-üzə gəlməsi dünya düzəninin pozulmasına şərait yaradır. Bunun bilərəkdən edilib-edilmədiyi barədə nəsə söyləmək çətindir. Bu gün Türkiyənin NATO-dan çıxa biləcəyinin gündəmə gəlməsi, Rusiya ilə yaxınlaşması, Avropa Birliyinə arxa çevirməsi, Rusiya-Türkiyə-İran üçlüyünün formalaşması, gələcəkdə buna Çinin də daxil ola biləcəyi ehtimallarının olması vəziyyətin getdikcə təhlükəli həddə çatdığını göstərir. Dediklərimin gələcəkdə baş tutacağını birmənalı şəkildə demək çətindir. İndiki dünya düzəninin pozulması gələcəkdə xaos elementlərini daha da artıra bilər. Bu da dünyada qarşıdurmaları getdikcə artıra bilər. İdeoloji savaşlar meydana çıxa bilər ki, bu da dünyada müharibələrin başlanmasına yol açar. Dünya çox təhlükəli bir məqamlardan keçir. İqtisadi böhran cərəyan edən xaosla birləşərək dünya üzərinə ciddi təhdidlər yaradır”.
Politoloq belə bir şəraitdə Azərbaycanın seçdiyi yolun çox uğurlu olduğunu söylədi: “Azərbaycanın siyasəti ölçülü-biçili davranmağı tələb edir. Düzdür, ölkəmiz elə bir bölgədədir ki, qarşıdurma ehtimalları elə də açıq şəkildə ortaya çıxmayacaq. Olsa-olsa, ticarət müharibəsi iqtisadi müharibə şəklində müxtəlif təzahürlər meydana gətirə bilər. Amma Azərbaycan bundan özünün inkişaf etmiş iqtisadiyyatı, eləcə də inkişaf mühiti ilə xilas ola bilər. Gələcəkdə neft-qaz ehtiyatlarımızın Qərbə yönləndirməyimiz ilə qarşımızda geniş imkanlar açmaq şanslarımız da var. Əgər yeni dünya düzəninin formalaşması reallığa çevrilərsə, indiyə qədərki düzəndə mövcud olan hərbi birliklər, eləcə də Avropa İttifaqı, NATO kimi adlarını çəkməli olduğumuz qurumlar daxillərində reformalara məruz qalarlarsa, yaxud sıralarına yeni üzvlər qəbul edərlərsə, vəziyyət müsbətə doğru xeyli dəyişər. Azərbaycan da Qoşulmayanlar Hərəkatının üzvü kimi balanslaşdırılmış siyasətini yürütməyə davam etməlidir. Bloklara qoşulmama siyasətimiz daha aktiv şəkildə davam etdirilməlidir. Azərbaycanın başqa ciddi problemləri var və bunu həll etməyə bütün diqqətlər yönəldilməlidir. Yeni dünya düzənində problemlərimizin həllinə yaranan imkanlar indiyə qədərkindən çox ola bilər. Azərbaycan Türkiyə-Rusiya-İran üçlüyü arasında reveranslar etməklə işğal altındakı ərazilərini azad etmək imkanlarını xeyli artırar. Hər şey hadisələrin gedişatından asılı olacaq. Keçmişdəki Atatürk-Lenin yaxınlığı ciddi ittifaqa çevrilməmişdi. Bu ittifaq, sadəcə, geosiyasi məsələlərdə anlaşmadan o tərəfə gedə bilmədi. Müəyyən müddətdən sonra hətta bu ittifaq ideoloji qarşıdurma və Türkiyənin NATO-ya üz tutması ilə nəticələndi. Bu baxımdan hesab edirəm ki, indiki Rusiya-Türkiyə yaxınlığı da ciddi bir prosesə çevrilməyəcək. Hər iki dövlət arasında möhkəm hərbi siyasi ittifaq mümkün deyil. İranla münasibətlər də bundan o tərəfə getməyəcək. Azərbaycan bütün gedişatları yaxından izləyib, öz nəticələrini qazanmağa çalışacaq”.(müsavat)
Cavanşir ABBASLI