Aclığın 5-ci günündə olan NİDA-çıların vəziyyəti pisləşdi
“Övladlarımız azadlığa çıxmayana qədər aclığı davam etdirəcəyik”
"xeberinfo.com": “Aclıq aksiyasını günahsız yerə həbs olunmuş övladlarımızın azad olunması üçün başlamışıq, mübarizəmizi sona qədər davam etdirəcəyik. Biz aclıq etməklə uşaqlarımızın günahı olmadığına diqqət çəkmək istəyirik. Günahsız uşaqlar üçün prokurorun 6 il yarımdan, 8 il yarım iş istəməsi heç bir məntiqə, hüquqa və insaniyyətə sığmır. Ya öləcəyik, ya da övladlarımız azad olunana qədər aksiyamızı davam etdirəcəyik” – bunu artıq üç gündür aclıq aksiyası keçirən “Nida”çı Zaur Qurbanlının anası Səkinə Qurbanova deyir.
Müsavat Partiyasının qərargahında aclıq aksiyası keçirən Nida-çı gənclərin valideynlərini olaraq müxalifətçilər, jurnalistlər, gənclər təşkilatlarının üzvləri davamlı ziyarət ediblər.
“Noyabrın 5-də oxunan ittiham aktı elə olduğu kimi də aprelin 17-də bir də təkrar oxundu. Elə bil heç məhkəmə keçirilməyib. Yəni bu uşaqlar bu qədərmi dəhşətli cinayət törədiblər ki, prokuror bu qədər iş istəyir. Prokuror bu işi istəyəndə, gərək öz vicdanının səsinə qulaq asardı. Öz övladlarını gözünün qarşısına gətirərdi, öz anasını düşünərdi. Özünü heç olmasa, bir anlığa bizim yerimizə qoysun. Fikirləşsin ki, biz 1 il 2 aydır ki, buna dözürük. Artıq dözməyə gücümüz yoxdur. Qərara almışıq ki, uşaqlarımız içəridə aclıq aksiyası keçirir, biz də onlara dəstək olaraq, ölənə qədər aclıq edəcəyik. Heç kəs bizi bu aksiyada əvəz etməsin, o vaxta kimi ki, o günahsız gənclər həbsdən qeyd-şərtsiz azad edilsin. Bunun başqa yolu yoxdur”, - deyə Nida-çıların valideynləri bildirirlər.
Həbsdəki Nida-çı gənc Şahin Novruzlunun anası Mehparə Novruzlu hələ də, ümidlərini itirmədiklərini dedi: “Prokurorun bu qədər haqsızlıq etməyi biz valideynlərə çox pis təsir etdi. Elə bil ki, bu uşaqlar ağır bir cinayət işlədiblər. Heç adam öldürənə bu qədər iş vermirlər. Biz də isə tam tərsinədir. Heç bir günahı olmayan, savadlı gəncləri şərləyib həbs ediblər. Baxmayaraq ki, məhkəmə heç nəyi sübuta yetirə bilmədi, aylar əvvəl oxunan ittihamı yenə təkrar oxudular”.
“Tələbimiz odur ki, haqsız yerə uşaqlarımız 1 il 2 aydır həbsdədir. İndi də onlara iş istəyiblər. Heç bir variantı yoxdur, uşaqlarımız azad olunmalıdır. Ölüm aclığı olsa belə uşaqlarımızın azadlığını istəyirik”, - Rəşadət Axundovun anası Mətanət Axundova bildirib.
Mətanət Axundova onu da bildirdi ki, keçirilən məhkəmə proseslərində bir dənə də sübut yoxdur: “Övladlarımızın sağlamlığını istəyirik, onların gəncliyindən bir il iki ayını aldılar, bundan sonra da 6 il yarım 8 il yarım kəsmək fikirləri var. Sona qədər aclıq edəcəyik”.
Rəşadət Axundovun həyat yoldaşı Türkan Hüseynova “BBC Azərbaycanca”ya deyib ki, gənclərin səhhəti yaxşı deyil: “Rəşad Həsənovun başı gicəllənib, Üzeyir Məmmədlinin mədəsi ağrayır, Zaur Qurbanlının gözü qaralır, Bəxtiyar Quliyevi “əsməcə” tutur, Rəşadət Axundov da halsızdır”.
Onun sözlərinə görə, Şahin Novruzlu və İlkin Rüstəmzadə barədə isə məlumat yoxdur, “yəqin onların telefona çıxışlarını məhdudlaşdırırlar”.
Aprelin 22-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə vəkillərin müdafiə çıxışları başlanacaq.
Gənclər 2013-cü il mart-may aylarında həbs olunublar. Onlar 2013-cü il martın 10-da əsgər ölümlərinə etiraz aksiyasında kütləvi iğtişaşlar hazırlamaqda ittiham olunurlar.
Dövlət ittihamçısı aprelin 17-də Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il 6 ay, Bəxtiyar Quliyev, Məmməd Əzizov, Rəşad Həsənova 8 il, Üzeyir Məmmədliyə 7 il 6 ay, Şahin Novruzluya 6 il 6 ay həbs cəzası verilməsini istəyib.
Beynəlxalq hüquq-müdafiə təşkilatı Amnesty İnternational onları vicdan məhbusu sayır.