15 gündür ki, aclıq edən NİDA-çı gənclərin səhhəti ağırlaşır
Əsabəli Mustafayev: “Gənclər həkim müayinəsindən imtina ediblər”
Səidə Qocamanlı: ”Gəncləri daim nəzarətdə saxlayır, onların haqqında beynəlxalq təşkilatlara məlumatlar ötürürük”
"xeberinfo.com": NİDA-çı gənclərin aprelin 17-də keçirilmiş məhkəmədə dövlət ittihamçısının onlara uzunmüddətli həbs cəzası istəməsinə etiraz olaraq, başlatdıqları aclıq aksiyasının 15-ci günü tamam olur. Onların yaxınları və saxlanıldıqları təcridxananın rəhbərliyi gənclərdən aclığı dayandırmalarını istəsələr belə, gənclər aksiyanı davam etdirməkdə israrlıdırlar.
NİDA-çı gənclərin vəkili Əsabəli Mustafayev onlarla görüşdüyünü və gənclərin səhhətinin yaxşı olmadığını dedi: “İki gün öncə Rəşad Həsənov, Məhəmməd Əzizov, Üzeyir Məmmədli və Bəxtiyar Quliyevlə görüşdüm. Vəziyyətləri yaxşı deyil. Məhəmməd Əzizovun vəziyyəti isə çox pis idi, çox zəifləyib, güclə gəzirdi. Amma gənclər özlərini şux göstərməyə çalışırlar. Ancaq hiss olunur ki, çox zəifləyiblər”.
Vəkil onların saxlanıldıqları Kürdəxanı təcridxanasının rəhbərliyinin gənclərə aclıq aksiyasını dayandırmağı təklif etdiyini bildirdi: “Təcridxana rəhbərliyi təklif edib ki, gənclərə aclığı dayandırsınlar. Həm də bildiriblər ki, onları məcburən yedizdirmək səlahiyyətləri var. Bəzi saytlar Penitensiar Xidmətin bu günlərdə aclıq edən NİDA-çı gənclərlə bağlı yaydığı məlumatı elə verirlər ki, guya Pentensiar Xidmət gənclərin aclıq etmələrini inkar edir. Amma bu, belə deyil. Onların yaydığı məlumatı diqqətlə oxumaq lazımdır. Bəzi insanlar elə başa düşürlər ki, bu adamlar aclıq keçirmirlər. Mən də məsləhət görürəm ki, o bəyanatı diqqətlə oxusunlar. O bəyanatda göstərilir ki, guya bu şəxslər təcridxana rəhbərliyinə aclıq etmələri üçün rəsmən müarciət etməyiblər. Rəsmən müraciət etməmək o demək deyi ki, gənclər aclıq etmirlər. Bəzən aclıq edənlər müraciət edirlər ki, daim nəzarətdə olsunlar, tez-tez müayinə olunsunlar. Ancaq gənclər bundan imtina ediblər. Buna baxmayaraq, həkim tez-tez onlara nəzarət edir, gənclərin təzyiqini ölçmək istəyir, gənclər də bununla razılaşmır. Yenə deyirəm, rəsmi müraciətin olunmaması, o demək deyil ki, təcridxana gənclərin aclıq aksiyası keçirtmələrini inkar edir. İkincisi də o, məlumatda deyilir ki, kameralara yemək verilir. Ancaq yada salmaq istəyirəm ki, kameralarda bir neçə məhbus saxlanılır. Digərləri yeyirləsə, bu, o demək deyil ki, aclıq edənlər də həmin yeməkdən yeyirlər. O bəyanatda birbaşa göstərilməyib ki, bu insanlar yemək yeyirlər. Sadəcə, üstüörtülü, müxtəlif yerlərə yozula biləcək məlumatlar yayırlar. Bu da həmin şəxslərinin adının çəkilməsində şübhələr yaradır. Onu vurğulayım ki, həkimin tez-tez həmin gənclərlə maraqlanması da onu göstərir ki, gənclərin səhhətində nə isə problem var ki, o həkimlər gəlir və nəzarət edir. Müdriyyətdən gələnlər olur, aclığı dayandırmaları üçün gənclərlə söhbət edirlər. Ancaq gənclər aclıq aksiyasını davam etdirirlər. Hətta biz vəkillərə də deyiblər ki, siz bizim bu işimizə qarışmayın”.
Vəkil Ə.Mustafayev Qırmızı Xac Cəmiyyətinin nümayəndələrinin gənclərlə görüşdüyünü də dedi: “Qırmızı Xac Cəmiyyətinin təmsilçiləri təcridxanada NİDA-çı gənclərlə görüşüb, onların vəziyyətləri ilə maraqlanıb. Onlar deyiblər ki, həmin cəmiyyətin öz həkimi var, hələlik ölkədə deyil. O həkim qayıdandan sonra gəncləri müayinə edəcəklər”.
Türkan Hüseynova həyat yoldaşı, NIDA VH-nın İdarə Heyətinin üzvü Rəşadət Axundovun artıq aclıqdan başının gicəlləndiyini dedi: “Bu günlərdə Rəşadətlə telefonla danışmışam. 1-2 dəfə başı gicəllənib. Halsızdır. Amma buna baxmayaraq, sabah gənclərin hamısının məhkəməyə gələcəklərini dedi”.
Hüquq müdafiəçisi Səidə Qocamanlı gəncləri daim nəzarətdə saxladıqlarını dedi: “Biz aclıq edən NİDA-çı gəncləri nəzarətdə saxlayırıq, beynəlxalq təşkilatlarla da daim təmasdayıq. Beynəlxalq təşkilatlar davamlı olaraq məhkəmələrdə iştirak edirlər və məhkəmə qüsurlarını qeydə alırlar. Bizim borcumuz odur ki, mütəmadi olaraq, onlara məlumatlar göndərək. Təbii ki, bu işin müsbət sonluqla bitməsinin tərəfdarıyıq. Çünki bir neçə gündən sonra Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə artıq sədrlik etməyə başlayacaq. Təbii ki, belə məhbusların həbsxanada olması, Azərbaycan üçün heç də yaxşı vəziyyət sayılmaz. Hüquq müdafiəçiləri prezidentə əfvlə bağlı müraciət də ediblər və NİDA-çıların da adları həmin müraciətdə var. ”
Onu da qeyd edək ki, Nida Vətəndaş Hərəkatı may ayının 1-də keçiriləcək növbəti məhkəmə prosesi ilə bağlı sosial şəbəkədə “event” yaradıblar.
“Event”də deyilir: Mayın 1-də Nida Vətəndaş Hərəkatının saxta ittihamlarla həbs olunan 8 üzvünə hökm oxunacaq. Hər birimiz vicdan borcumuzu yerinə yetirək və məhkəmə önünə gələrək, dostlarımıza dəstək olaq!
Zaman: 1 may, saat 10:30
Məkan: Bakı Ağır Cinayətlər Məhkəməsi
Ünvan: Səməd Vurğun küçəsi, 30, "AF Mall" ticarət mərkəzinin yanı
https://www.facebook.com/events/527974197312617/?ref_newsfeed_story_type=regular
Xatırladaq ki, aprelin 17-də NIDA-çıların məhkəməsində dövlət ittihamçısının gənclərə 6 ildən 8 il 6 aya qədər həbs cəzası istəməsinə etiraz olaraq, gənc vicdan məhbusları həbsxanada aclıq aksiyasına başlayıblar.