Girovlar üçün yeni addım
Ata-babalarının məzarını ziyarət məqsədilə Qarabağa gedən Dilqəm Əsgərov və Şahbaz Quliyevin əsir götürülməsi və qondarma Dağlıq Qarabağ respublikasında qanunsuz olaraq məhkəməyə çıxarılması heç bir beynəlxalq hüquq normasına sığmır.
"Xeberinfo.com": Məsələyə biganə qalan beynəlxalq təşkilatlara Azərbaycan tərəfinin etirazları hər gün artır. Qarabağ Azadlıq Təşkilatının sədri isə 5 üzvü ilə birlikdə beynəlxalq qurumlara etirazlarını aclıq aksiyası ilə bildirirlər. Bu dəfə onlar təkcə Qarabağın yox, Şahbaz Quliyevlə Dilqəm Əsgərovun azadlıqlarını tələb edirdilər.
Məlumata görə, artıq 3-cü gündür ki, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı təşkilatın 5 üzvü ilə birlikdə aclıq aksiyası keçirir. Səbəb ata-babalarının məzarını ziyarət məqsədilə Qarabağa gedən Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün beynəlxalq təşkilatların diqqətini bu məsələyə çəkməkdir. Bu gündən aksiyaya əsir Dilqəm Əsgərovun qardaşı oğlu Mövlud Musayev də qoşulub.
Qarabağ Azadlıq Təşkilatının yerləşdiyi ofisdə aclıq aksiyası keçirən Akif Nağı bu addımı beynəlxalq təşkilatların Azərbaycanın girovluqda olan vətəndaşlarına qarşı göstərdiyi etinasızlıqlara görə atdqılarını deyir. Birinci Qarabağ müharibəsində döyüşən 3 hərbçi və hazırda Ermənistan tərəfinin girov saxladığı Dilqəm Əsgərovun qardaşı oğlunun qoşulduğu aclıq aksiyasının əsas məqsədi bütün beynəlxalq təşkilatların diqqətini bu məsələyə yönəltməkdir.
Bu gündən aclıq aksiyasına qoşulan Mövlud Musayev Ermənistan tərəfinin Azərbaycan torpağında girov saxladığı Dilqəm Əsgərovun qardaşı oğludur. Əmisinin 3 aydan artıqdır ki, girovluqda saxlanıldığını və onun vəziyyətinin heç də yaxşı olmadığını, Qırmız Xaç Komitəsinin isə Dilqəm Əsgərovun səhhətilə bağlı onlara yalnış informasiya verdiyini deyir.
"Dilqəm gedəndə 110 kilo idi. İndi 61 kilo, 4 aya bu qədər arıqlamaq olar? Ermənilərin vertolyotu dünən vurulur, bu gün boynunun kökünü kəsdirirlər ki, vurumusunuz. Onlar 3 nəfər idilər. Birini vəhşicəsinə oldürüblər. Nə zülümlə geri qaytardıq. İkisini isə nə zülümlə saxlayırlar orda heç bilmirik. Necə olur bu vaxta qədər heç biri onlarla maraqlanmır?”.
Artıq aclıq aksiyası barədə beynəlxalq təşkilatların Bakı nümayəndəlikləri məlumatlandırılıb. Aksiyasının nə zamana kimi davam edəcəyi isə məlum deyil.