Etibar Məmmədovun sirr dolu “qızıl kart”ı
“İstiqlalçı”ların liderinə siyasətdən gedişinin müqabilində “biznes pəncərəsi” açılmasının detalları; o, son aylaradək tikinti sahəsində monopolistlərdən biri olub; “Hyatt Regency” hoteli ilə sabiq AMİP sədrini hansı tellər bağlayır...
Xeberinfo.com: Hər il iyun ayında gündəmə gələn şəxslərdən biri də Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovdur. Nədən ki, o, 1993-cü ildə Əbülfəz Elçibəy hakimiyyətinin devrilməsi prosesində fəal iştirakçı olub. Elçibəyin vəzifəsindən vaxtından əvvəl getməsi üçün ona qarşı “etimadsızlıq layihəsi” birbaşa AMİP tərəfindən hazırlanmışdı. Etibar Məmmədov 4 iyun qiyamı ərəfəsində və ondan sonrakı dönəmdə AXC hakimiyyətinin yıxılması üçün açıq fəaliyyət göstərib...
Sonrakı illərdə də Etibar Məmmədovun müxalifətçilik fəaliyyəti mübhəmlərlə zəngin olub. 1995, 1998, 2000, 2003-cü illərdə keçirilən prezident və parlament seçkilərində müxalifətin birliyinin alınmamasında onun siyasi iddiaları mühüm rol oynayıb...
2003-cü il seçkilərindən sonra siyasətdən getdiyini bəyan edən Etibar Məmmədov bundan sonra yalnız Cənubi Azərbaycanda gedən proseslərlə məşğul olacağını bildirmişdi. Ritorik desək, Şimalı Azərbaycanla bağlı missiyası artıq başa çatmış oldu, o, Cənubi Azərbaycanı “səhmana salmağa” qərar verdi. Bir qədər sonra isə məlum oldu ki, Güneydəki proseslər də Etibar Məmmədovu ilgiləndirmir; çünki onun bu yöndə heç bir fəaliyyəti nəzərə çarpmadı. Əslində bunun siyasi blefdən başqa bir şey olmadığı öncədən də aydın idi...
Gerçəkliklər ictimai-siyasi həyatla maraqlanan insanlar üçün sirr olmadığından bəlkə bu məsələyə toxunmamaq da olardı. Amma iyun olayları ilə bağlı Etibar Məmmədova jurnalistlər suallar ünvanlayarkən onun köntöy cavablar verməsi, cəmiyyəti, mətbuatı suçlaması, aqressiv davranışlar sərgiləməsi, hətta söyüş janrına keçərək “aydan arı, sudan duru” obrazını yaratmağa cəhd etməsi aşağıda oxuyacağınız faktları yazmağa vadar edir...
***
Etibar Məmmədovun siyasətdən qəfil gedişinin əsl mahiyyəti zaman keçdikcə üzə çıxdı; bəlli oldu ki, Etibar Məmmədova cəmiyyətdə “artıq müxalifətçilik öldü” rəyinin yaranması üçün siyasətdən getməsi müqabilində “biznes pəncərəsi” açılıb. Düzdür, hələ uzun illər öncədən çoxlarına məlum idi ki, Etibar Məmmədovun tikinti biznesi var. Amma de-fakto həmin işlərə Etibar Məmmədovun mərhum qardaşı rəhbərlik edirdi. Etibar Məmmədov siyasətdən gedəndən sonra isə özü birbaşa bu məsələlərə rəhbərlik edib. Yəni öz biznesinin başına özü keçərək, təbii ki, iqtidarın dəstəyi ilə tikinti biznesini genişləndirib. Hətta ora qədər ki, ona Bakı şəhərində müxtəlif yerlərdə çoxmənzilli binalar tikməklə yanaşı, ölkəyə alçipan idxalında monoplistlərdən biri olmağa icazə verilib. Bu barədə müsavat.com-un əldə etdiyi məlumata görə, son aylarda Etibar Məmmədovun dikt biznesində müəyyən axsama baş verib. Bu da ölkə iqtisadiyyatında, gömrük sistemində həyata keçirilən islahatlar, monopolistlərin əl-qolunun yığılması ilə bağlıdır. Bir tikinti mütəxəssisinin deməsinə görə, dikt biznesində monopolist olmaq bir il ərzində 10 milyonlarla manat pul qazana bilmək deməkdir... Bu iş ilə isə E.Məmmədov illərlə məşğul olub.
Musavat.com-u bilgiləndirən mənbə deyib ki, bu illər ərzində Etibar Məmmədovun “Şamaxinka” adlanan ərazidəki yanacaqdoldurma məntəqəsi və onun qarşısındakı maşın satışı məntəqəsi də var gücü ilə çalışıb... Bakı şəhərində yol kənarındakı maşın satış məntəqələri hələ illər öncə yığışdırılan zaman Etibar Məmmədovun bu biznesinə dəyilmədi və bu gün də fəaliyyət göstərir...
Mənbəmizin açıqladığı digər bir fakt isə daha maraqlıdır; qaynağımız deyir ki, Etibar Məmmədov uzun illərdir“Hyatt Regency” hotel və əyləncə mərkəzinin xidmətlərindən sərhədsiz istifadə edən müştərisidir. Bakının ən bahalı hotel və istirahət komplekslərindən biri olan “Hyatt Regency” hotelindən “öz obyekti kimi” istifadəsi üçün isə Etibar Məmmədova təxminən 10 il öncə ömürlük “qızıl kart” verilib. Bu kartı ona “Hyatt Regency”nin keçmiş rəhbəri, bir neçə il öncə Azərbaycandan qovulan iş adamı Paulo Pərviz təqdim edib. Əlbəttə, bunu P.Pərviz icazəsiz etməyib, çox güman ki, o, tapşırıq icra edib. Mənbə bunu belə ifadə etdi: “Pərvizə deyilib ki, Etibar Məmmədova ömürlük bir kart ver, gəlsin orada üzsün, dincəlsin, əylənsin, bütün VİP xidmətlərdən istifadə etsin, başı qarışsın, siyasətdən gedib, darıxmasın”...
Bu kartın Paulo Pərvizin öz hədiyyəsi olmadığını bir məqam təsdiqləyir: P.Pərviz arzuolunmaz şəxs kimi, bir neçə il öncə Azərbaycandan kənarlaşdırıldı. “Hyatt Regency” bu gün tamamilə ayrı adamlara məxsusdur. Amma Etibar Məmmədovun “qızıl kart”ı özündə qalır, etibarlıdır və hazırda “Hyatt Regency”nin bütün xidmətlərindən pulsuz olaraq yararlanır...
Xalqın çiyinləri, silahdaşlarının faciəsi üzərində öz komfortunu qurmasına rəğmən isə o, keçmişdəki səhvlərinə görə üzr istəmək əvəzinə, ondan haqlı olaraq hesabat tələb edənləri aşağılamağa, təhqir etməyə və bununla mətləbdən yayınmağa çalışır...
Heç şübhəsiz ki, bütün bunlar elə bu şəkildə də tarixə yazılır...
Musavat.com