"Azərbaycan Respublikasının prinsipial mövqeyindən çıxış etmişəm"
Xarici işlər nazirinin müavini: “Suriyanın ərazi bütövlüyünün saxlanması təkcə Azərbaycanın deyil, Türkiyənin də maraqlarına cavab verir”
"Bu mənim peşəkar həyatımda ilk müsahibəm deyil. Hər dəfə olduğu kimi bu dəfə də mən Azərbaycan Respublikasının prinsipial mövqeyindən çıxış etmişəm. Hansı ki, beynəlxalq nüfuzunu beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyinə görə əldə edib".
Xeberinfo.com: Məlumata görə, bunu APA-ya müsahibəsində Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.
A. Əzimov bildirib ki, avstraliyalı jurnalistə cavabında qınanmalı heç nə görmür: "Onu deməliyəm ki, mənim cavablarım daha ətraflı idi. Lakin ya materialın həcmini çox hesab etdikləri üçün, ya da mənə məlum olmayan digər səbəblərdən yayımlanmış müsahibə kifayət qədər qısaldılmış şəkildə olub.
Lakin yenə də qeyd edirəm ki, mənim müsahibəmdə iki gündür polemika həvəskarlarının danışıq mövzusu olacaq bir şey yoxdur. Etiraf edim ki, XİN-ə qarşı aparılan tənqid kampaniyasının fonunda əlavə güc qazanan bu süni ajiotajdan təəccübləndim. Düşünürəm ki, bu kampaniyanın arxasında Azərbaycanın xarici siyasət sahəsində uğurlarını gözü götürməmək zəminində birləşmiş müəyyən daxili və xarici qüvvələr dayanır. Mənim jurnalistin Suriya ilə bağlı sualına cavab sözlərimdə Suriya prosesində iştirak edən hər hansı qüvvəyə dəstək yoxdur. Suriyadakı prosesi birmənalı dəyərləndirmək mümkün deyil: müxalif qüvvələrin rəngarəng tərkibə malik silahlı qruplaşması beynəlxalq terror qrupları ilə yanaşı, həndəsi çevikliyə malik İŞİD adlı struktur və etnik prinsip üzrə silahlı qruplaşmalar, o cümlədən kürd dəstələri.
Suriya ətrafında davam edən beynəlxalq böhran əsas maraqlı ölkələr arasında ciddi fikir ayrılıqları ilə də xarakterizə olunur. Rəqib koalisiyalar aviahücumlar edir, lakin biz görürük ki, bu, müxtəlif səbəblərdən az effektlidir. Lakin mən hər hansı tərəfin mövqeyini dəstəkləmirəm.
Azərbaycanın mövqeyinə gəlincə, biz hələ 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının üzvü olanda Suriya böhranının müzakirəsi və TŞ-nin qətnamələrinin qəbulunda iştirak etmişik. Biz həmçinin Suriya dostları qrupuna daxil olmuşduq və müəyyən yardım etmişik. Bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyev Londonda Suriya ilə bağlı konfransda iştirak etdi. Mən bu barədə də müsahibəmdə danışmışam. Həmçinin o barədə də bildirmişəm ki, Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, BMT TŞ-nin qətnamələrinə sadiqliyə, Suriyanın ərazi bütövlüyünə və ölkənin bütün siyasi qüvvələrinin, o cümlədən prezident Əsədin daxil ola biləcəyi siyasi prosesə dəstəyə əsaslanır.
Biz heç kimi yox, prinsipləri dəstəkləyirik. Əgər sabah Bəşər Əsəd hakimiyyətdən getmək qərarına gəlsə, bunun əleyhinə olmayacağıq. Eyni ilə onun qeyd-şərtsiz qalmasında da təkid etmirik. Amma necə ki, arabanı atdan qabağa qoymaq olmaz, eləcə də davam edən hərbi böhran vəziyyətində siyasi prosesin ciddi nəticələrinə ümid etmək olar. Bu barədə müsahibədə danışmışam.
Biz Suriyanın ərazi bütövlüyünün qorunub-saxlanılmasının tərəfdarıyıq. Ölkə hakimiyyətinin taleyini isə Suriya xalqı müəyyən edəcək. Lakin bunun üçün lazımi şərait yaradılmalıdır ki, biz bunu görmürük".
A. Əzimov bildirib ki, Suriyanın ərazi bütövlüyünün saxlanması təkcə Azərbaycanın maraqlarına cavab vermir: "Bizim strateji tərəfdaşımız və qardaş Türkiyə də bunda bilavasitə maraqlıdır. Təbii ki, bu kontekstdə Türkiyə bizim hərtərəfli dəstəyimizə malikdir.
Müsahibəmdə qeyd etmişəm ki, Türkiyənin ərazi bütövlüyü və sərhəd toxunulmazlığı təkcə onun milli marağı deyil. Bu, bütövlükdə Avropa ictimaiyyətinin maraqlarına daxil olmalıdır, necə ki, Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığı milli səviyyədə deyil, ümumi Avropa səviyyəsində də əhəmiyyət daşıyır.
Lakin avstriyalı jurnalistin hansı səbəblərdən bu fikirlərimi məqaləsinə daxil etmədiyini bilmirəm.
Sonra isə artıq Azərbaycanın media məkanında nələrsə baş verir. Hansısa agentlik müsahibəmdən bilərəkdən cümləni kontekstdən çıxarır və başlığa verməklə, ona hansısa siyasi çalar verir. Ardınca isə gördüyümüz kimi insinuasiyalar və yanlış nəticələrin təkrar qaldırılması prosesi gedib.
Qara otaqda qara pişiyi axtarmağı sevənlər üçün: yəqin ki, sizin intizarlı gözləntilərinizi doğrultmayacağam və boş polemikaya baş qoşmayacağam. Bunu snobizm kimi qəbul etməyin, ancaq mən məşğulam. Boş tənqid və ümumiləşdirmələrdən çəkinməyi xahiş etmək istəyirəm. Zəhmət olmasa, təhqirlərə yol verməyin, hərçənd bunun sizin üçün necə çətin olduğunu anlayıram.
Yekunda qeyd etmək istərdim ki, heç bir kampaniya - istər daxili, istər də xarici - Azərbaycanın xarici siyasətinə, o cümlədən onun strateji tərəfdaşlarla münasibətlərinə və Azərbaycanın milli maraqlarını şərəf və ləyaqətlə müdafiə edən XİN-in peşəkar əməkdaşlarının fəaliyyətinə təsir etməyəcək".