Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycan hesabat verdi

 

    Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında 2012-2013-cü illəri əhatə edən qeyri-daimi üzvlüyü 2013-cü ilin 31 dekabr tarixində sona çatıb.

"xeberinfo.com": Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən verilən hesabata əsasən, müstəqillik tarixində ilk dəfə bu ali qurumun üzvü kimi ölkəmiz beynəlxalq gündəlikdə duran ən aktual məsələlər üzrə müxtəlif səviyyələrdə müzakirələr və qərarların qəbul edilməsinin bilavasitə iştirakçısı olub. Şurada üzvlüyün yaratdığı imkanlardan tam istifadə edən Azərbaycan bir sıra vacib mövzularda öz prinsipial mövqeyini ortaya qoymağa nail olub.

  Beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunması, qanun aliliyi, münaqişələrin qarşısının alınması və həll edilməsi, münaqişəli vəziyyətlərdə mülki əhalinin müdafiəsi, terrorçuluqla mübarizə, BMT və regional təşkilatlar arasında əməkdaşlıq mövzuları ilə yanaşı, Yaxın Şərq sülh prosesi, Suriya, Əfqanıstan və Afrikanın bir sıra dövlətlərində vəziyyət ölkəmizin böyük əhəmiyyət verdiyi məsələlər sırasında idi.

Bu iki il ərzində Azərbaycan Təhlükəsizlik Şurasında iki dəfə - 2012-ci ilin may ayında və 2013-cü ilin oktyabr ayında sədrlik vəzifəsini həyata keçirib və bir sıra əhəmiyyətli mövzular üzrə müzakirələr və yüksək səviyyəli tədbirlər təşkil edib. 2012-ci ilin may 4-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi və BMT-nin Baş katibi Ban Ki-Munun iştirakı ilə "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhdidlər: Terrorçuluqla mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi" mövzusunda Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirilib və yekun sənəd kimi Təhlükəsizlik Şurasının sədrinin bəyanatı qəbul edilib. 

Bəyanatda terrorçuluğun bütün forma və təzahürləri pislənib və terrorçuluğa qarşı bütün vasitələrlə mübarizənin vacibliyi bildirilib.

Bundan əlavə, dövlətlərin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etməmək prinsipi vurğulanıb, habelə terrorçuluğun qarşısının alınması və onunla mübarizədə dinlər və mədəniyyətlər arasında hörmət və dialoqun təşviq edilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd edilib.

Ölkəmizin Təhlükəsizlik Şurasında ikinci sədrliyi də çox səmərəli keçib. Əsas mövzu kimi 28 oktyabr tarixində "Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi" mövzusunda qurumun yüksək səviyyəli iclası təşkil edilib. 

Şuranın tarixində ilk dəfə bu mövzu üzrə keçirilən və Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun sədrlik etdiyi iclasda BMT-nin Baş katibi Ban Ki-Mun və İƏT-in Baş Katibi Əkmələddin İhsanoğlu iştirak ediblər. İclasın yekun sənədi kimi qəbul edilmiş Təhlükəsizlik Şurasının sədrinin bəyanatında BMT və İƏT arasında əməkdaşlığın hazırkı vəziyyəti alqışlandı və onun gücləndirilməsinin vacibliyi, həmçinin, münaqişələrin BMT Nizamnaməsi və TŞ-nın qərarları əsasında həll edilməsinə dair hər iki təşkilatın eyni mövqedən çıxış etdiyi qeyd edilib. Bu tədbirdən əlavə, ötən ilin oktyabr ayında beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində qadınların rolu, Yaxın Şərqdə vəziyyət və Təhlükəsizlik Şurasının iş metodlarına dair Şuranın açıq müzakirələri də təşkil edilib.

Təhlükəsizlik Şurasında üzvlüyü dövründə Azərbaycan dövlətimizin milli maraqlarının qlobal səviyyədə irəli aparılması istiqamətində fəal səylər göstərib. 

Ölkəmizin üzləşdiyi ən böyük problem olan Ermənistanın Azərbaycana qarşı təcavüzünün müxtəlif aspektləri Şuranın müvafiq iclaslarında mütəmadi olaraq diqqətə çatdırılıb. Bundan əlavə, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət, həmçinin münaqişələr zamanı müharibə və insanlığa qarşı cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyi ardıcıl olaraq qaldırılırdı və müvafiq müddəalar Şuranın qəbul etdiyi sənədlərdə əks etdirilib.

Bu kontekstdə, 2012-ci il mayın 30-da Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən təşkil edilmiş "Mübahisələrin dinc yolla nizamlanması, münaqişələrin qarşısının alınması və həlli: vasitəçilik, məhkəmə həlli və ədalət" mövzusunda Təhlükəsizlik Şurasının qeyri-rəsmi müzakirələri ("Arria" formulası çərçivəsində) böyük maraq doğurub. Tədbirdə Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərlə yanaşı, BMT-nin digər üzv-dövlətləri, BMT Katibliyi, beynəlxalq hökumətlərarası təşkilatları, vətəndaş cəmiyyəti və elmi dairələrin 120-dən artıq nümayəndəsi iştirak edib. Müzakirələrdə əsas natiqlər qismində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Araz Əzimov və aparıcı beynəlxalq hüquqşünaslardan biri, Böyük Britaniyanın Kembric Universitetinin professoru Malkolm Şou çıxış ediblər.

Afrika dövlətləri ilə ikitərəfli münasibətlərin inkişafına böyük önəm verən Azərbaycan qitənin üzləşdiyi müxtəlif problemlərin həllinə Təhlükəsizlik Şurasında üzvlüyü dövründə də fəal töhfə verməyə çalışıb. Təsadüfi deyil ki, məhz Azərbaycanın Şuraya hər iki sədrliyi müddətində Şuranın Qərbi Afrika bölgəsinə (Liberiya, Kot Divuar və Sierra Leone) və Afrikanın Böyük Göllər regionuna (Konqo Demokratik Respublikası, Ruanda və Uqanda) səfərləri təşkil edilib. Bundan əlavə, sonuncu səfər çərçivəsində həmçinin Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyevin həmsədrliyi ilə Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurası və BMT Təhlükəsizlik Şurasının 7-ci illik birgə müşavirəsi baş tutdu və yekunda Birgə Kommünike qəbul edilib.

Bununla yanaşı, Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev Təhlükəsizlik Şurasının 2013-cü ilin oktyabr ayında sədri qismində Afrika İttifaqının İcraiyyə Şurasının Beynəlxalq Cinayət Məhkəməsi üzrə Əlaqələndirmə Qrupunu təmsil edən Efiopiya, Burundi, Mavritaniya, Uqanda, Seneqal, Namibiya və Keniyanın xarici işlər nazirlərini qəbul etdi. Həmçinin, adıçəkilən Əlaqələndirmə Qrupunun yüksək səviyyəli üzvlərinin iştirakı ilə oktyabrın 31-də Təhlükəsizlik Şurasının qeyri-rəsmi müzakirələri təşkil edilib.

Ümumiyyətlə, Azərbaycanın Təhlükəsizlik Şurasında hər iki sədrliyi müddətində qurumun 59 açıq və qapalı iclası keçirildi, 7 qətnamə, Şura sədrinin 3 bəyanatı və 13 mətbuat bəyanatı qəbul edilib.

Keçən iki il ərzində Azərbaycan BMT-nin üzv dövlətləri, BMT Katibliyi və qeyri-hökumət təşkilatları və araşdırma mərkəzləri ilə sıx işbirliyi və əməkdaşlıq münasibətlərini daha da inkişaf etdirib. Şurada üzvlüyü müddətində Azərbaycanın yüksək fəaliyyəti və hər zaman ədalət və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqedən çıxış etməsi onlar tərəfindən dəfələrlə təqdir edilib. 

Təhlükəsizlik Şurasında qazanılmış təcrübə Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi və milli maraqlarının təmin edilməsinə xidmət edəcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam