“Seçim anıdır, bunu etmişəm, geriyə yol yoxdur”
“Dünyada qəbul olunan bir norma var ki, jurnalistlər konkret partiya üzvü olmurlar. Buna görə də çoxdan, neçə illər öncə verdiyim bir qərarı həyata keçirəcəyəm”
"Xeberinfo.com": Məlumata görə, bunu APA-ya açıqlamasında “Yeni Müsavat” qəzetini baş redaktoru Rauf Arifoğlu deyib.
R. Arifoğlu bildirib ki, partiyadan getmək barədə qərarı çoxdan qəbul edib və onun həyata keçirilməsi zaman məsələsidir: “Hələ qurultaydan öncə başqan namizədlərinin demək olar ki, hamısına elan etmişdim ki, qurultaydan sonra partiya üzvlüyündən gedəcəyəm. Bir neçə ay öncə bu qərarı icra edəcəkdim, indiki başqanın xahişi ilə təxirə saldım. Artıq Müsavat Partiyasında vəziyyət stabilləşib, hər şey başqanın kontrolundadır, bütün strukturlar işləyir. Hesab edirəm ki, cəmiyyəti alışdıra-alışdıra mənim də Müsavat Partiyasından getməyimin zamanı gəlib. Uzun müddətdir Müsavatın opponentləri mənim qəzetçi kimi sərbəst fəaliyyətimi təşkilata qarşı şantaja çeviriblər. Bəzi partiya üzvləri də belə durumdan rahatsız olurlar və mənə qarşı əsassız ittihamlara yol verirlər”.
R. Arifoğlu qeyd edib ki, jurnalistika özü bir dünya partiyasıdır və onun öz qızıl prinsipləri var, bu prinsiplər partiyalılıq prinsipləri ilə ziddiyyət, özü də tam diametral ziddiyyət təşkil edir: “Biri hər şeyi açıq tutmağı, gündəmə çıxartmağı, digəri isə gizlətməyi, qapalılığı tərcih edib. Bunların ikisi bir yerdə əslində mümkün deyil. Əminəm ki, Azərbaycanda da bu proses mütləq getməlidir və jurnalistlər “öz” partiyalarına - məsləklərinə aid olmalıdırlar. Onların partiya nizamnaməsinə tabe olması nonsensdir, söz azadlığı prinsiplərinə ziddir. Çünki partiya üzvü olan jurnalist bir sıra azadlıqları ilə yanaşı, söz azadlığının verdiyi imkanlardan da könüllü olaraq imtina edir, onu məhdudlaşdırır, buna məcbur qalır. Siyasi liderin yanında sirr tutan jurnalist artıq jurnalist deyil, o, peşəsinə xəyanət edir“.
R. Arifoğlu əlavə edib ki, partiyadan getmək kimi strateji və həyati qərarının başqa özəl səbəbləri də var:“Bütün səbəbləri partiyadan istefa verəcəyim gün yazacağım məqalədə göstərəcəyəm. Amma bunun Müsavat Partiyasının perspektivi, indiki rəhbərliyinin mənə münasibəti ilə əlaqəsi yoxdur. Hesab edirəm ki, Müsavat Partiyası Azərbaycanın keçmişi, bu günü və sabahında mühüm rol oynayan-oynayacaq təşkilatdır. Lakin mənim həyatımda əsas rolu 26 il öncə yaratdığım qəzet oynayır. Seçim anıdır, bunu etmişəm, geriyə yol yoxdur. Bundan sonra da müstəqil şəxs kimi ictimai-siyasi fəaliyyət göstərəcəyəm. Məsələn, təsisçilərindən biri olduğum Milli Strateji Düşüncə Mərkəzində fəaliyyətimi davam etdirəcəyəm. Mənə də, Müsavata da bu cür daha rahat olacaq”.
R. Arifoğlu onu da deyib ki, rəsmi istefa ərizəsini Müsavat rəhbərliyinə doğum günündən sonra yollayacaq: “49 yaşı müsavatçı kimi tamamlayım, sonra ərizəni göndərəcəyəm. Bundan sonra da həyatımın 26 ilini sərf etdiyim bir layihə ilə - Müsavatla mənəvi bağlılığım təbii ki, qalacaq. Lakin mənim üzərimdə heç bir öhdəlik, heç bir məsuliyyət olmayacaq. Təşkilata informasiya dəstəyini isə davam etdirəcəyəm. Ancaq Müsavatın yeni rəhbərliyi istəməsə, bunu məcburi edəsi deyiləm ”.
“Yeni Müsavat”da çalışan digər müsavatçı jurnalistlərin qərarı ilə bağlı suala R. Arifoğlu belə cavab verib: “Özləri bilərlər. Mən bir neçə ay öncə onlara “qalın” deyə xahiş etdim. Çünki təşkilatda vəziyyət fərqli idi. İndi kimsəyə “gedin” deməyəcəyəm. Hər kəs özü qərar verəcək”.