İranda ali lider ayətullah Əli Xameneinin mümkün ölümü və ya hakimiyyətdən getməsi məsələsi ölkədə varislik sualını yenidən gündəmə gətirib.
Yenixeber.org: CNN bu mövzu ilə bağlı geniş təhlil dərc edib.
İranın ali dini rəhbəri ayətullah Əli Xamenei təxminən dörd onillikdir ölkəni sərt idarə üsulu ilə idarə edir. Lakin onun rəsmi varisi elan edilməyib. Konstitusiyaya əsasən, yeni ali lideri 88 nəfərdən ibarət Ruhani Ekspertlər Məclisi seçməlidir.
Bu qurum indiyədək bu prosesi yalnız bir dəfə - 1989-cu ildə ayətullah Ruhullah Xomeyninin ölümündən sonra həyata keçirib. Həmin vaxt Xamenei tələsik şəkildə ali lider seçilmişdi.
Hazırda İran hakimiyyəti mümkün varislik prosesində sabitlik görüntüsünü qorumağa çalışacaq. Lakin ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatların davam edə biləcəyi ilə bağlı bəyanatları fonunda belə bir yığıncağın keçirilməsinin özü belə riskli görünür.
Konstitusiyaya görə, ali lider kişi olmalı, yüksək dini rütbəyə malik ruhani kimi tanınmalı, siyasi səriştəyə, mənəvi nüfuza və İslam Respublikasına sədaqətə sahib olmalıdır. Qaydaların şərhi islahatçı ruhani fiqurların prosesdən kənarlaşdırılması üçün istifadə oluna bilər.
CNN ekspertlərin rəyinə əsaslanaraq mümkün namizədlərə nəzər salıb.
Möctəba Xamenei, 56 yaş
Ali liderin ikinci oğlu Möctəba Xamenei rəsmi vəzifə tutmasa da, pərdəarxası təsir imkanlarına malik şəxs kimi tanınır. Onun İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) və “Bəsic” yarımhərbi qüvvələri ilə sıx əlaqələri olduğu bildirilir.
Lakin şiə dini ənənəsində atadan oğula hakimiyyət ötürülməsi xoş qarşılanmır. Xüsusilə monarxiyanın devrilməsi ilə yaranmış inqilabi sistemdə bu, əlavə həssaslıq doğurur. Digər problem isə Möctəbanın yüksək dini rütbəyə malik olmaması və rəsmi post tutmamasıdır. O, 2019-cu ildə ABŞ tərəfindən sanksiyaya məruz qalıb.
Əlirza Ərafi, 67 yaş
Ərafi daha az tanınan, lakin dövlət institutlarında təcrübəyə malik ruhani fiqurdur. O, Ekspertlər Məclisinin sədr müavinidir və seçkiləri və parlament qərarlarını təsdiqləyən Nəzarət Şurasının üzvü olub. Eyni zamanda İranın dini seminariyalar sisteminə rəhbərlik edir.
Yaxın Şərq İnstitutunun eksperti Aleks Vatankanın fikrincə, Xameneinin Ərafini mühüm vəzifələrə təyin etməsi ona yüksək etimadın göstəricisi idi. Bununla belə, Ərafi siyasi baxımdan ağır çəkili fiqur hesab edilmir və təhlükəsizlik strukturları ilə güclü əlaqələri yoxdur.
Məhəmməd Mehdi Mirbaqeri, 60 yaş
Mirbaqeri sərt mövqeli ruhani kimi tanınır və dini elitanın ən mühafizəkar qanadını təmsil edir. O, Qum şəhərində yerləşən İslam Elmləri Akademiyasına rəhbərlik edir.
İranWire nəşrinin məlumatına görə, Mirbaqeri Qərbə qarşı açıq şəkildə düşmən mövqedədir və inanclılarla “kafirlər” arasında qarşıdurmanı qaçılmaz sayır. O, İsrailin Qəzza müharibəsi ilə bağlı açıqlamalarında son dərəcə radikal mövqe sərgiləyib.
Həsən Xomeyni, 50 yaş
İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeyni dini və inqilabi legitimliyə malikdir. O, Xomeyni məqbərəsinin rəhbəridir.
Lakin dövlət aparatında mühüm vəzifə tutmayıb və təhlükəsizlik strukturları ilə ciddi təsir imkanları yoxdur. O, digər namizədlərlə müqayisədə daha yumşaq mövqeli sayılır və 2016-cı ildə Ekspertlər Məclisinə namizədliyinə icazə verilməmişdi.
Haşim Hüseyni Buşəhri, 60 yaşın sonları
Buşəhri ali lider seçimi prosesinə birbaşa bağlı olan qurumlarda təmsil olunur və Ekspertlər Məclisinin sədrinin birinci müavinidir. Onun Xameneiyə yaxın fiqur olduğu deyilir.
Lakin o da ölkə daxilində geniş ictimai nüfuza malik deyil və SEPAH-la sıx əlaqələri barədə açıq məlumat yoxdur.
CNN-nin qənaətinə görə, İranda ali lider postu üçün aydın və birmənalı varis yoxdur. Seçim yalnız dini kriteriyalarla deyil, həm də təhlükəsizlik strukturlarının və hakim elitanın daxili balansı ilə müəyyənləşəcək. Bu isə prosesin həm mürəkkəb, həm də potensial olaraq qeyri-sabit olacağını göstərir.(musavat)









AZ
RU