Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“DİQQƏTLƏ BAXIN, BU ADAM İRANIN GƏLƏCƏK DİNİ LİDERİ OLA BİLƏR”–Vaşinqtondakı Yaxın Şərq İnstitutunun rəyi

Aleks Vatanka

“Middle East Institute”, 06.06.2020

 

Yenixeber.org: 1979-cu il İran inqilabından sonra ölkəni nəzarətə alan İranın ilk nəsil mübariz ruhaniləri ya ölüb, ya da ölməkdədir. Hazırda varislik prosesi haqqında fərziyyələr geniş yayılıb və yalnız ən yüksək mükafatı – Ali Liderin kürsüsünü kimin ələ keçirəcəyi ilə məhdudlaşmır.

Yaxın Şərq İnstitutundakı İran Proqramı çərçivəsində bir sıra məqalələrdə, İslam Respublikasında ən yüksək səviyyəyə qalxmaq üçün yaxşı perspektivləri olan əsas şəxslər müəyyənləşdiriləcək və şansları qiymətləndiriləcək.

 

O, İranın növbəti lideri ola bilər

İrandakı ruhani dairələrindən kənarda Əlirza Ərafi az tanınır, amma daha çox diqqətə layiqdir. Onun bütün karyerası Ali Rəhbər Ayətullah Əli Xamnəinin təyinatları ilə formalaşıb. Əslində, Ərafi, gün gəldikdə, Xamnəinin yerinə namizəd ola bilər.

1959-cu ildə anadan olan Ərafi kök-mənşəcə İranın mərkəzi Yəzd əyalətindəki tarixi Meybod şəhərindən, din xadimi ailəsindəndir. İranda Ərafilərin XIX əsrdə İslamı qəbul etmiş zərdüştilər olduğu deyilir. Ərafinin atası Ayətullah (Şeyx Hacı) Məhəmməd İbrahim Ərafi, adətən, İran dövlət mediasında İslam Respublikasının mərhum qurucusu Ayətullah Ruhullah Xomeyninin yaxın silahdaşı kimi təsvir olunur.

Ancaq Xomeyni və ağsaqqal Ərafi arasındakı yaxın şəxsi əlaqə Xamnəi 1989-cu ildə Ali Lider olandan qəsdən şişirdilir. Sual: Niyə?

Ən çox ehtimal olunan səbəb – gənc Əlirza Ərafinin nüfuzunu artırmağa hesablanmış səydir. Məsələn, bu gün Meybod şəhərini “inqilab üçün Ərafi ailəsinin səfərbər etdiyin”dən bəhs olunur. Ancaq sadə həqiqət budur ki, bu nisbətən kiçik şəhər 1979-cu il inqilabında heç bir əhəmiyyətli rol oynamayıb.

1989-cu ildə Xamnəinin ali lider kimi hakimiyyətə gəlməsindən sonra İran rejiminin Ərafi nəslinin adını sistematik olaraq yüksəltməsinin sübutu var. 1969-cu ildə Əlirza cəmi 11 yaşında ikən, atasının yanında, Meybodda başladığı dini təhsili davam etdirmək üçün Qum şəhərinə köçüb. Qumda onun müəllimlərinin əksəriyyəti, məsələn, Ayətullah Əli Meşkini, 1979-cu il inqilabından sonra yeni rejimin nüfuzlu üzvləri sayılıblar. Dini hövzədə Əlirzanın digər əsas müəllimlər ayətullahlar – Məhəmməd Fazil Lənkərani, Mehdi Haeri Yəzdi, Hüseyn Vəhid Xorasani və Abdullah Cavadi Amoli olub.

İllər boyu etdiyi araşdırmalar, nəticədə, ona müctəhid adını qazandırıb və mütəxəssislik sahələri İslam fiqhi və fəlsəfədir. Onun ərəb və ingilis dillərini mükəmməl bildiyi deyilir, 24 kitab və məqalə nəşr etdirib. Texnoloji sahədə də fərasətli olduğu bildirilir.

 

Xamnəi onu sərbəst əsgər kimi görür

1979-cu ildə İranda inqilab baş verəndə, Əlirza cəmi 21 yaşında idi və hər hansı bir əhəmiyyətli rol oynamaq üçün çox cavandı. Buna görə də, onu “birinci nəsil inqilabçısı” kimi qeyd etmək doğru deyil. Əslində, 1980-ci illər ərzində gənc Ərafi özünü İslam Respublikasının sıralarına qoşulmuş bir çox digər gənc ruhanilərdən fərqləndirmək üçün heç bir şey etməyib.

1989-cu ildə Xamnəi Ali Lider olduqdan sonra onun adı məşhurlaşmağa başlayıb. Bir neçə il ərzində Xamnəi öz dostlarını və həmfikirlərini dövlət aparatında əsas vəzifələrə təyin edib. Ərafiyə gəldikdə, ilk dəfə 1992-ci ildə məmləkəti Meyboda imam-cümə təyin olunub. O vaxt cəmi 33 yaşında idi, amma bu, Xamnəinin etibarına bariz bir işarədir.

Sonrakı illərdə Xamnəi Ərafiyə, o cümlədən 2015-ci ildə Qum şəhərinin imam-cüməsi kimi bir çox mühüm vəzifələri tapşırıb. Ərafi bir qrup gənc ruhani dairəsinin üzvü idi – Xamnəidən təxminən 20 yaş kiçik – və bu adamlar onun gündəliyini inkişaf etdirəcək və bunun müqabilində himayəsindən həzz alacaq sadiq şəxslərdir.

Xamnəinin ona olan etibarı, eyni zamanda, Ali Rəhbərin İranın və rejimin gələcəyi ilə əlaqəli ona tapşırdığı rollarından biri – Qumdakı Ali-Mustafa Beynəlxalq Universitetinin rəhbərliyidir. Rəsmi olaraq 2009-cu ildə hazırkı formatında qurulan bu universitet Xamnəinin düşüncə məhsuludur, lakin Ərafi bu işdə Xamnəiyə praktiki cəhətləri tərtib etməkdə kömək edib.

Universitetin ikili vəzifəsi var:

– İslami təbliğata diqqət yetirmək (rejimin rəsmi ideologiyasına görə)

– qeyri-iranlı şiə ruhaniləri yetişdirmək

Ali-Mustafa Universiteti 1979-cu ildən bəri qeyri-iranlıların şiə ruhanisi olmaları üçün maarifləndirməyə yönəlmiş bir sıra mövcud təşəbbüslərin konsolidasiyasının nəticəsi idi. Lakin Xamnəi siyasi cəhətdən yetkinləşdikcə və daha yaşlı ayətullahlar öldükdə (tarixən dövlətdən müstəqil olublar), Qumda və ölkənin digər yerlərində mədrəsələrin fəaliyyətini tənzimləmək, modernləşdirmək və mərkəzi nəzarətə götürmək üçün yola çıxıb. Bu, həm də son dərəcə həssas məsələ idi: bir çox ayətullah öz maliyyə və teoloji müstəqilliyini Ali Lider Aparatına verməkdən imtina edib, eyni zamanda, Xamnəinin nöqteyi-nəzərinə istinadla, rejimin siyasi komissarı kimi çıxış etməkdən.

Ərafinin bu böyük yeni təşəbbüsə rəhbərlik etmək üçün seçilməsi Xamnəinin qəlbinə yaxın olmasının nümunəsidir. Ali-Mustafa Universiteti fəaliyyətə başlayanda, Xamnəi Ərafiyə demişdi: “Qarşınıza qoyduğunuzun məqsədin 30 faizinə nail olsanız belə, bu müvəffəqiyyətdir”.

Bu gün Ali-Mustafa Universitetinin həm İranda, həm də xaricdə çox sayda mədrəsə və dini mərkəzi var. 2016-cı ilin iyul ayına qədər Xamnəi, daha sonra 57 yaşında olan Ərafi, ölkə daxilindəki bütün mədrəsələrin rəhbərlərini təyin edib. 2019-cu ilin iyul ayında Xamnəi onu hər hansı bir hökumət siyasətinə və ya siyasi namizədə veto qoya biləcək İslam Cümhuriyyətinin ən son filtri olan 12 nəfərlik Nəzarətçilər Şurasına təyin edib. Yəni Ərafi 93 yaşlı Əhməd Cənnətinin (1992-ci ildə təyin olunub) rəhbərlik etdiyi Nəzarətçilər Şurasının siyahısındadır.

Bu təyinat da Xamnəinin Ərafiyə olan dərin etimadının təzahürüdür.

Kontekst bu halda vacibdir. 1990-cı illərin əvvəllərindən başlayaraq siyasi baxımdan sərbəst olduğu müddətdə, Ayətullah Xomeyninin varisi olandan bir neçə il sonra, Xamnəi şiə ruhaniləri üzərində sistematik mərkəzləşdirilmiş siyasi nəzarəti həyata keçirib. Bu səylərin bir hissəsi olaraq, o, bir sıra əsas şəxsi öz baxışını həyata keçirə biləcək, eyni zamanda, İslam Respublikasının ideologiyasını ixrac edə biləcək bürokratlar kimi yetişdirib. Ərafi, Xamnəinin təxminən 30 ilə yaxındır diqqətlə yetişdirdiyi bu elit bürokratik sinfin nüfuzlu üzvlərindən biridir.

 

Ərafinin Ali Lider olma keyfiyyətləri

Xamnəinin Ərafini yüksək səviyyəli və tez-tez strateji baxımdan həssas vəzifələrə təkrar təyin etməsi onun bürokratik qabiliyyətlərinə böyük etimad göstərdiyini vurğulayır. Bundan əlavə, bir çox iddiaya görə, Ərafi İslam Respublikasının gələcək trayektoriyası ilə bağlı Xamnəi ilə eyni düşüncəni bölüşür.

Beynəlxalq cəbhədə, Xamnəi kimi, Ərafi də İran rejiminin “vəhhabilik” adlandırdığı İslamın Səudiyyə versiyasını şiə İslamın əsas düşməni sayır. Bununla birlikdə, Ərafinin fəaliyyəti təkcə İrandakı rejim yönümlü ruhanilərin siyasi rolunu möhkəmləndirməklə deyil, həm də rejimin ideoloji mesajını dünyaya yaymağı da əhatə edir. Ərafi illər boyu İslam Respublikasının gündəliyini beynəlmiləlləşdirən şəxslərdən biridir; İrandakı bütün mədrəsələrin rəhbəri və Ali-Mustafa Universitetinin müdiri kimi bu vəzifəni icra edib.

Ərafinin açıqlamalarına görə, bu gün İranda 40.000-ə yaxın qeyri-iranlı təhsil alır və 80.000 nəfər illər ərzində Ali-Mustafa Universitetini bitirib. Onun siyasi fəlsəfəsi budur: “İrandakı mədrəsələr xalqla, əzilənlərlə həmrəy olmalı, siyasi islamçı, inqilabi və beynəlxalq yönlü olmalıdır”. Bu tezis bir ideoloqun düşüncə tərzinə aydın şəkildə göstərir.

Ərafinin İslam Respublikasına siyasi bağlılığı mübahisəsizdir, Xamnəinin xeyir-duası və razılığı ilə bürokrat xidməti yüksək qiymətləndirilir, amma siyasətçi kimi çox az müəyyənləşə və ya proqnozlaşdırıla bilər.

Nümunə: 2016-cı ilin fevral seçkilərində onun Ekspertlər Məclisində yer qazanma cəhdi uğursuz olub. Bu, kifayət qədər alçaldıcı bir itki idi. O, Tehran dairəsində 33 namizəddən biri idi və Qum Müəllimləri Cəmiyyətinin siyahısında yer almışdı.

Seçkilərdən əvvəl Ərafi “Xalq ekspertləri” olaraq bilinən Ayətullah Haşimi Rəfsəncaniyə yaxın şəxslərin siyahısında namizəd olması barədə xəbərləri danırdı. Ərafi açıq şəkildə mühafizəkar düşərgəyə yaxın olmaq istəyib, baxmayaraq ki, “Xalq ekspertləri” siyahısında bu seçkilərdə daha şanslı ola bilərdi. Amma Xamnəi ilə Rəfsəncaninin münasibətləri o vaxt korlanırdı.

Əlirza Ərafinin 2016-cı ilin fevralındakı məğlubiyyəti rejimin sıralarında yüksəlişinə maneə olmayıb. Seçki məğlubiyyəti ilə eyni zamanda Xamnəi ona İrandakı bütün dini mərkəzlərə nəzarət səlahiyyəti verib.

Ərafi son illərdə daha çox ictimai xadimə çevrilib. Onun rəsmi vəzifələrinə xarici rəsmilərlə görüşmək, ölkənin qərbindəki zəlzələ bölgələrinə baş çəkmək və hətta milli təhlükəsizlik məsələlərindən danışmaq daxildir. O, İranın hərbi müdafiəsini inkişaf etdirmək əzmini dayanıqlı etməyə çağıraraq İnqilab Keşikçilərinə dəstək verib. Ərafi Ayətullah Sistaniyə açıq məktub yazaraq onu İŞİD üzərində qələbə münasibətilə təbrik edib.

Siyasi karyerası kimi, ictimai profili və fəaliyyətində də hər şey Ali Lider Aparatı ilə təşkil olunub. Bununla birlikdə, ictimaiyyət və medianın daha ciddi araşdırma hədəfi olub. Belə bir vəziyyətdə Ərafinin bir qəribə iddiası – “dünyada 50 milyon insanın Ali-Mustafa Universiteti sayəsində şiə olması” istehza mənbəyinə çevrilib.

Ümumən, Ərafi dayanıqlı, diqqətlə əlaqələndirilmiş və bu günə qədər problemsiz yüksəliş trayektoriyasındadır. Onun adı, ehtimal ki, yaxın gələcəkdə Xamnəi üçün mümkün varisi olaraq daha tez-tez xatırlanacaq. Şübhəsiz ki, özünü pərdə arxasında işləyən etibarlı və bacarıqlı texnoloqdan Xamnəinin başmağını geyinə biləcək siyasi xadimə çevirə biləcək şəxsdir.

Belə bir transformasiya prosesi hələ başlanğıc mərhələdə olsa da, son nəticədə uğur qazanmaq üçün bir vacib komponent tələb olunur: Xamnəinin Ərafinin siyasi yüksəlişini davam etdirməsi. Digər bir əminlik budur: Ərafi Xamnəinin məhsuludur, buna görə də, Ali Liderdən başqa, müstəqil siyasi bazası yoxdur.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam