"Çalışırıq ki, siyasi söhbətlərə yer verməyək"
Müdafiə Nazirliyi Mətbuat Xidmətinin sabiq rəhbəri, tanınmış YAP-çı Eldar Sabiroğlunun bugünlərdə prokurorluq orqanlarından istefa verərək müxalifətə keçdiyini elan edən oğlu Rüfət SəfərovBaş Prokurorluğa çağırılıb.
Xeberinfo.com: Lakin keçmiş müstəntiq şifahi çağırışla Baş Prokurorluğa getməkdən imtina edib. Bu fakt R.Səfərovun həbsinə zəmin hazırlandığı haqda şübhələrə yol açıb. Belə bir təhlükə varmı? Bu və digər məsələlərlə bağlı suallarımızı Eldar Sabiroğluna ünvanladıq.
- Eldar müəllim, oğlunuz Rüfətin işində nə kimi yeniliklər var? Bir evdə fərqli düşüncənin, əqidənin daşıyıcısı olan ata-bala münasibətləri nə yerdədir?
-İşi ilə bağlı məsələləri onun özündən soruşmağınızı xahiş edərdim. Mən mudaxilə etmirəm. Bu mövqeni özü seçib, məsuliyyətini də özü daşımalıdır. Yenə sözümün sahibiyəm, atdığı addım səhvdir. Evdə heç bir müzakirə aparmırıq. Çalışırıq ki, siyasi söhbətlərə, mübahisələrə yer verməyək. Şükür ki, bir gərginlik yoxdur, belə saxlaya bilsək, əla olardı.
- Rüfətin təhsilində, prokurorluq orqanlarında işə düzəlməsində yəqin ki, köməyiniz olmamış deyil…
– Yaxşı sualdır. Maraqlanıb özünüz də öyrənə bilərsiniz. Bəlkə çoxları da eyni fikirdədir. Tam səmimi deyirəm: zərrəcə yardımım olmayıb. Öz qabiliyyəti, savadı ilə gedib. Orta məktəbi müvəffəq qiymətlərlə başa vurub, test imtahanı verərək hüquq fakültəsinə daxil olub. Həm bakalavrı, həm də magistraturanı fərqlənmə ilə bitirib. Sonra kənd təssərrufatı nazirliyində hüquqşünas kimi fəaliyyətə başlayıb. Həmin dövrdə Prezident yanında İdarəçilik Akademiyasının rəhbər kadrlar hazırlayan fakültəsinə qəbul olaraq oranı da müvəffəqiyyətlə başa vurub.
Çox savadlı uşaqdır. Amma yerini tapa bilmədi. Öz peşəsindən savayı tariximizi, ədəbiyyatımızı, məntiq elmini gözəl mənimsəmişdir. Mirzə Fətəli Axundovun, Cəlil Məmmədquluzadənin, Ordubadinin, Huseyn Cavidin yaradıcılığının vurğunudur. “Kitabi Dədə Qorqud”u üçüncü dəfə oxuyarkən dedim ki, başına girmir ki ? Cavab verdi ki, ata, o qədər dərin mətləblər var burda, hər oxuyanda bir şey tapıram.
Həyat yoldaşı da ingilis dili mütəxəssisidir. Deyəsən, indi hansısa araşdırma üzərində çalışırlar. Bir sözlə, pis uşaq deyil.
- Özünüzə və oğlunuza hər hansı basqı hiss edirsinizmi?
– Hələlik yox. Bir də ki, əlimizdən alınası bir şeyimiz varmı ki?! Nə baş verməsindən asılı olmayaraq dözməliyik.
- Oğlunuzun həbsi barədə xəbərlər gəlir. Buna nə deyə bilərdiniz?
– Mən də sizin kimi ordan-burdan eşidirəm. İnanmıram ki, belə bir iş olsun. Amma qanun nəyi söyləyəcəksə, ona da uyğun ölçü götürülməsinin tərəfdarıyam. Ümumiyyətlə isə hər şey mümkündür…
- Sizin partiyadan xaric edilməniz haqda da məlumatlar dolaşır…
– Partiyaya qarşı elə bir günah işlətməmişəm ki, məni onun sıralarından azad etsinlər. Bu o zaman ola bilərdi ki, YAP-ın strateji xəttinə, partiya rəhbərinin əleyhinə hansısa düzgün sayılmayan bir yanlışlığa yol verəydim. Bu yoxdur axı! Ola da bilməz! İndi bir-iki adamı haqlı tənqid etmişəmsə, burada bir faciə görmürəm. Hörmətli sədrimiz ədalətli insandır. Hər şeyi özü saf-çürük edəndən sonra qərar qəbul edir. İnanıram ki, mənim haqqımda belə fikrə düşənlərə fürsət verilməyəcəkdir. İlham Əliyevin xarakteri belədir ki, o dözür, qarşıdakı həddini lap aşanda cəzasını verir. Fikirmcə, bu da düzgün münasibətdir.
- Eldar müəllim, Azərbaycan reallığında adətən, belə hadisələr baş verəndə ətraf boşalır, dost-tanış seyrəlir, bəzi qohumlar da adamdan uzaqlaşırlar. Sizdə necədir?
– Başqalarının üzərində belə xoş olmayan münasibətləri az görməmişəm. Vaxtilə bir neçəsinə də səbrli olmağı məsləhət bilmişəm. İndi özüm bu cür vəziyyətlə qarşılaşmışam. Bəzi etibarlı dostlar arayıb-axtarır. Desəm ki, yox, yalan olar. Qohumlardan da dönük çıxanlar oldu. Onlara vaxtilə ya rəhmətlik atam, ya da mən dayaq durmuşuq, övladlarına qədər köməkliyimizi göstərmişık. İndi görünmədilər. Çox şeyi bəzən sistemin, zamanın ayağına yazırıq, amma bütün günahları da burada axtarmamalıyıq. Millətimizin xasiyyətində belə şeylər var. 1937-ci ilin Stalin represiyası dövrü Azərbaycanda ağır cəzalara məhkum olunmuşların sayını Ermənistanla müqayisə etsək, mübaliğəsiz burda da öncüllüyu əldən buraxmamışıq. Bunu boş yerə söyləmirəm, tarixi araşdırmalara söykənib deyirəm. Ermənistanda da “plan” azərbaycanlılar hesabına doldurulub. Danos verən də, həbs edilən də soydaşımız olub. Orda da, burda da mühakimə edən erməni olub. Dəhşət burasıdır. Ona görə də, kimsədən incimirəm. Bir də neyləsinlər, əlaqə yaradıb əngələ düşməyəcəklər ki!
AzPolitika.info