İslamofob, türkofob Rusiya - Kremlin təhlükəli oyunu -ŞƏRH
Ukraynada müharibə girdabında boğulan Rusiya bir yandan da ölkədə yaşayan miqrantlara və qeyri-rus xalqların nümayəndələrinə qarşı “savaş” açıb. Sanki Moskva müharibədən bezmiş rus cəmiyyətini hakimiyyətin ətrafında səfərbər etmək üçün yollar axtarır və bunun üçün ona yeni “düşmən” obrazı lazımdır.
Yenixeber.org: Son vaxtlar Rusiya hüquq-mühafizə orqanlarının Özbəkistan, Qırğızıstandan olan miqrantlara, ardınca da Azərbaycan diasporasının nümayəndələrinə, iş adamlarına qarşı etdiklərinin heç birinin qanuni əsası yoxdur. Şovinist tələblər, "Rusiya ruslar üçündür!" tipli çağırışlar yenidən Rusiya cəmiyyətində aparıcı xəttə çevrilir. Hətta bu siyasət artıq bütün əndazələri aşıb.
Əgər belə davranışın səbəbi sadəcə miqrantların Rusiya qanunvericiliyinə əməl etməməsi və ya qeyri-rus iş adamlarının guya hansısa cinayətlərdə iştirakı ilə bağlı şübhələr olsaydı, o zaman yayılan xəbərlərdə, məsələn, Ermənistandan və ya Gürcüstandan olan miqrantların da adı keçmiş olardı. Xüsusilə, nəzərə alsaq ki, Ermənistanın Qərbin qucağına atılması Kremldə, yumşaq desək, alqışlanmır.


Mərkəzi Asiya və Qafqazdan, xüsusən də Azərbaycandan olan miqrantları təhdid etmək isə islamofobiyadan, türkofobiyadan qaynaqlanır. Hazırda Rusiyada türk və müsəlman xalqların nümayəndələrinə qarşı həyata keçirilən bu siyasət təsadüfi deyil. Bu, əsrlər boyu müxtəlif xalqlara qarşı həyata keçirilən imperiya siyasətinin daha sərt və açıq formaya keçmiş davamıdır. Görünür, postsovet məkanında geosiyasi mövqelərini itirməkdə olan Moskva həm də başını itirmək həddinə çatıb.
Rusiyanın indiki daxili və xarici siyasətinin mahiyyətini anlamaq üçün Ukraynada baş verənlərə diqqət yetirmək kifayətdir. Əgər Rusiya rəhbərliyi onunla eyni kökdən olan xalqa qarşı amansız siyasət həyata keçirirsə, şəhərlərində dinc sakinləri öldürürsə, kənd və qəsəbələri yer üzündən silirsə, milyonlarla insanı didərgin salırsa, onun digər xalqlara qarşı daha amansız münasibət nümayiş etdirməsi təəccüblü deyil.
1990-cı illərdə Mərkəzi Asiya və Qafqaz mənşəli insanlara qarşı amansızlığı ilə seçilən “skinhed” dəstələri xüsusi xidmət orqanlarının himayəsində idi. Bugünkü Rusiyada belə qruplaşmalara ehtiyac qalmayıb. Bu vəzifəni birbaşa polis, OMON və Federal Təhlükəsizlik Xidməti yerinə yetirir, özü də daha açıq və amansız şəkildə. Yekaterinburqda və digər yerlərdə azərbaycanlılara qarşı törədilmiş cinayətlər bunun əyani sübutudur. Hadisənin təfərrüatları göstərir ki, Rusiyada digər xalqlara qarşı nifrət dövlət səviyyəsində dəstəklənir. Rusiya hüquq-mühafizə orqanları tərəfindən tətbiq edilən "etnocinayət" anlayışı da bu siyasətin bir hissəsidir. Məqsəd Mərkəzi Asiya və Qafqaz mənşəli insanları əvvəlcədən cinayətkar elan etmək, ictimai rəyə təsir göstərmək və gələcək təqiblər üçün hüquqi baza yaratmaqdır. Bugünkü Rusiya repressiyaları artıq Stalin dövrünün metodlarını belə üstələyib. O vaxt belə insanları heç olmasa, formal olaraq məhkəməyə cəlb edir, Sibir düşərgələrinə göndərirdilər. İndi küçədə və evdə işgəncələr və qətllər adi hala çevrilib.
Moskvanın sadaladığımız siyasətini təsdiq edən daha iki fakt var. Rusiya mediasında 2025-ci ilin may ayının sonları - iyun ayının əvvəllərində iki "parlaq" islamofob bəyanat yer aldı. Din xadimi Qavril və bloger Areq Şepixinin çıxışları böyük ictimai rezonans doğurdu. Bunun ardınca keşiş vəzifədən azad edilsə və bloger həbs olunsa da, problemlərin nə qədər ciddi olduğu üzə çıxdı. Sosial şəbəkələrin Rusiya seqmentində müntəzəm olaraq müsəlmanları, yəhudiləri və Şimali Qafqaz sakinlərini, eləcə də konkret şəxsləri təhqir edən videolar da geniş yayılır.


Bir mühüm məsələ də var. Rusiya unudur ki, ölkə ərazisində Mərkəzi Asiya və Qafqazdan, xüsusilə Azərbaycandan olanlara qarşı zorakılıq, total hücumlar həyata keçirməklə təhlükəli oyun oynayır. Miqrantlara, hətta vətəndaşlığı olan müsəlman, türk xalqlara qarşı total hücumlar imperiya daxilindəki digər xalqlara da təsirsiz ötüşməyə bilər. Söhbət Rusiyanın müsəlman və türklərin yaşadıqları əyalətlərdəki xalqların ayağa qalxmasından, narazılıqların arta biləcəyindən gedir. Onsuz da, bu xalqlar arasında ara-sıra etirazlar və mərkəzdənqaçma meyilləri üzə çıxır. Çeçenistan, Dağıstan, Kabardin-Balkar, İnquşetiya, Adıgey, Tatarıstan və s. subyektlər hər an partlaya bilən mina rolunu oynayır. Bu səbəbdən də Rusiyanın aqressiv addımları cəmiyyətin parçalanması ilə nəticələnə bilər.
Göründüyü kimi, Rusiya özünü beynəlxalq arenada multikultural dəyərləri müdafiə edən çoxmillətli dövlət kimi təqdim etsə də, ölkə daxilində atılan addımlar bu imicin göstərişdən başqa bir şey olmadığını təsdiqləyir. Dünyaya sırınan tolerantlıq imici dərindən sarsılıb. Etimad və tərəfdaşlıq sadəcə yüksək səviyyəli bəyanatlarla deyil, həm də vətəndaşlara münasibətlə formalaşır. Konkret olaraq qonşu xalqlara belə yanaşmalar nə strateji tərəfdaşlığa, nə də regionda sabitliyə xidmət edir. Moskva anlamalıdır ki, etnikyönümlü davranış təhlükəsizliyi təmin etmir və sosial sabitliyi möhkəmləndirmir. Əksinə, bu, həm sosial parçalanmaya, həm də beynəlxalq münasibətlərdə gərginliyin artmasına səbəb olur. Dövlətlərarası münasibətlərin davamlılığı insan hüquqlarına hörmətdən başlayır - əgər bu təməl sarsılıbsa, onun üzərində heç bir əməkdaşlıq modeli qurula bilməz.(Report)