Fransanın düşmən ölkə axtarışı – həbsxana qiyamlarına görə Əlcəzair və Rusiya ittiham edilir -ŞƏRH
Prezident Emmanuel Makron və komandasının yanlış idarəçiliyi və yersiz qərarlarının nəticəsində Fransa daxilində siyasi böhran pik həddə yüksəlib. Başı digər ölkələrin daxili işlərinə müdaxilə etməyə qarışan Makron hakimiyyəti öz xalqının problemlərinin həlli ilə məşğul olmaq istəmir. Sosial tələblər səsləndirən insanlara zor tətbiq edilir, həbs olunurlar, polis onların üzərinə atlarla hücum edir, gözyaşardıcı qazlardan, dəyənəklərdən istifadə edir.
Yenixeber.org: İndi isə rəsmi Paris baş verənlərlə bağlı "kənar müdaxilə" axtarışına çıxıb. İlk yerdə də Əlcəzair və Rusiya göstərilir. Onların hər ikisi Fransa daxilində baş verən qarşıdurmalarda ittiham olunur.
Məsələ ondadır ki, artıq neçə gündür, ölkə həbsxanalarının ətrafını qarşıdurma, etirazlar bürüyüb, yanğınlar və silahlı qarşıdurmalar səngimir. Əlcəzair və Rusiyanın baş verənləri qızışdırmaqda günahlandırılması bir daha göstərir ki, Makron hökuməti problemləri həll etməyə, səbəblərini aradan qaldırmağa tələsmir. Günahı özünün yarıtmaz siyasətində deyil, xarici qüvvələrdə axtarmağa çalışır.
Həbsxanalar ətrafında yaşananlara gəldikdə, bazar günü axşamdan bu müəssisələrdə insidentlərin sayı 12-yə yüksəlib. Bəzi məlumatlara görə, insidentlər narkotik alverçilərinin iri dəstələri tərəfindən - hakimiyyətin son addımlarına cavab olaraq törədilib.


Fransanın daxili işlər naziri Bruno Retayo bildirib ki, o narko-qopniklərlə (fransızca-narco-racaille) qarşı-qarşıya qaldıqlarına əmindirlər. "Onlar bizə müharibə elan etməyiblər. Biz narkotik alveri haqqında yeni qanun qəbul edərək onlara müharibə elan etmişik. Bilirlər ki, biz onların ciblərinə zərbə vurmaq niyyətindəyik", - nazir deyib.
Üç gecə ərzində bandalar həbsxanaların və həbsxana işçilərinin təlim mərkəzinin yaxınlığında avtomobilləri yandırıblar. İki yerdə isə odlu silahdan atəş açıblar. Bir çox hallarda cinayətkarlar DDPF hərfləri şəklində qraffit qoyublar. Bu, "Droits des Prisonniers Français" - Fransız məhbusların hüquqları uğrunda" sözlərinin qısaltmasıdır. Maraqlıdır ki, bu təşkilat haqqında indiyə kimi heç kim heç nə eşitməyib. Təşkilatın yaydığı məlumatda ədliyyə naziri Jerald Darmanen məhbuslara müharibə elan etməkdə ittiham edilir.
“Biz yalnız insan hüquqlarına riayət olunmasını istəyirik. Əgər 2025-ci ildə kameralarda rahatca televizora baxa, siqaret çəkə və yemək yeyə bilirlərsə, bu, yalnız atalarımızın bu fundamental hüquqlar uğrunda mübarizə aparması sayəsindədir", - təşkilatın yaydığı bəyanatda deyilir.


İstintaq orqanları yanğın törədənlərin xarici dövlət tərəfindən manipulyasiya edilməsi versiyasına çox ciddi yanaşır - xüsusilə də Rusiyanın ötən il HƏMAS-ın İsrailə hücumundan dərhal sonra Parisdə divarlarda Davud ulduzlarının peyda olması kimi hallarda iştirakının sübut olunduğu qabardılıb. Fransa tərəfi Rusiya ilə yanaşı, hazırda diplomatik münaqişədə olduğu Əlcəzairi də ittiham edir.
Qeyd olunur ki, Fransa üçün ciddi problem ən təhlükəli 100 narkobaronun köçürüləcəyi iki xüsusi həbsxananın yaradılması olacaq. Ən ciddi rejimli həbsxanalarda ziyarət və xarici aləmlə əlaqə üçün daha sərt qaydalar tətbiq ediləcək. Orada, xüsusilə, mobil telefonların gətirilməsinə qarşı əlavə tədbirlər görüləcək - hazırda Fransa həbsxanalarında on minlərlə belə telefon var. Bütün bunlar başçıların həbsxanadan öz narkotik bandalarını idarə etməsinə mane olmalıdır ki, bu da indi hər yerdə baş verir.
Fransanın “həbsxana qalmaqalında Rusiyanı ittiham etməsi, şübhəsiz ki, Ukrayna müharibəsi ilə bağlıdır. Əlcəzairə gəldikdə isə burada məsələ başqadır. Belə ki, artıq iki ölkə arasında münasibətlər pik dərəcədə pisləşib. 12 fransız diplomatın Əlcəzairdən çıxarılması ilə bağlı son diplomatik qalmaqal, görünür, Fransanı çox ciddi şəkildə narahat edib. Rəsmi Paris Əlcəzair tərəfinə qarşı əsassız ittihamlarla çıxış edib.


Aydındır ki, Paris sakitləşmək və öz səhvlərini qəbul etmək niyyətində deyil. Görünür, elə bu səbəbdən də, Makron hökuməti Əlcəzairi ittiham etmək qərarına gəlib. Fransa sadəcə lokal insidenti uzunmüddətli diplomatik böhrana çevirir. Əlcəzair hesablanmış və diplomatik mexanizmlər çərçivəsində hərəkət edərkən, Paris vəziyyəti gərginləşdirməyə davam edir, ritorikanı gücləndirir və cəlb olunan şəxslərin dairəsini genişləndirir.
Belə təəssürat yaranır ki, fransız hakimiyyəti münaqişənin həllini axtarmır, əksinə özünü şüurlu şəkildə elə bir küncə sıxışdırır ki, orada yalnız ucadan danışmaq və nümayişkaranə təhdidlər qalır. Bu çıxışlar nə qədər ucadan səslənsə də, bir o qədər aydın görünür: onların arxasında heç bir strategiya yoxdur.
Qeyd edək ki, Fransa-Əlcəzair münasibətləri 2024-cü ilin yayında Fransanın Qərbi Sahara münaqişəsində Mərakeşin tərəfini tutması ilə daha da pisləşib. Etiraz əlaməti olaraq Əlcəzair öz səfirini Parisdən geri çağırıb. Bununla yanaşı, Fransa keçmiş müstəmləkəsində yüzminlərlə insanı qətlə yetirməkdə, soyqırımı törətməkdə ittiham olunur. Rəsmi Paris törətdikərinə görə hələ də üzr istəməyib.(Report)