Suriya Əfqanıstana çevrilə bilər – “HTŞ” hakimiyyətə gəlişi ilə “Taliban”a oxşayır -ŞƏRH
Suriyadakı son günlərin hadisələri bir sıra qənaətlər əldə etməyə, müqayisələr aparmağa imkan verir. Çünki 2024-cü il dekabrın 8-dən Bəşşar Əsəd istefa verib Moskvaya sığınandan sonra ölkədə nisbi sakitlik hökm sürürdü.
Yenixeber.org: Ancaq keçmiş rejimin qalıqlarına başçılıq edən briqada generalı Qiyas Süleyman Dalanın rəhbərliyi altında qiyam rəsmi Dəməşqin gücünü, qaranlıq məsələlər üzə çıxmasına şərait yaradıb.
Məlum oldu ki, bu hadisələrdən ölkədə sabitliyin pozulmasında maraqlı olan qüvvələr var. Hətta onların təriqətlərarası iğtişaş yaratmaq istəkləri də ortaya çıxıb. Bu, Suriyada xaos yaratmaq cəhdi kimi də dəyərləndirilə bilər.
Həmin qiyam Prezident Əhməd əş-Şaraanın müvəqqəti hakimiyyətinə gücünü və qətiyyətini nümayiş etdirmək üçün də fürsət verib.
Beləliklə, üç aylıq fasilədən sonra ölkədə vətəndaş müharibəsinin yenidən alovlandırlması cəhdi uğursuzluqla nəticələnib.
Prezident “Reuters” agentliyinə müsahibəsində bildirib ki, ələvi dini azlığın kütləvi şəkildə öldürülməsi Suriyanın yeni hakimiyyət orqanlarının ölkəni birləşdirmək missiyasına təhlükə yaradır. O bildirib ki, məsələdə günahkarlar, məsul şəxslər cəzalandırılacaq. Əhməd əş-Şaraa rəsmi Vaşinqtonu Bəşşar Əsədin hakimiyyəti dövründə tətbiq etdiyi sanksiyaları ləğv etməyə çağıraraq, bildirib ki, sanksiyalar tətbiq olunduğu halda ölkədə təhlükəsizliyi təmin edə bilmirlər.
O, Suriya ərazisində hərbi bazaların yerləşdirilməsi üçün yeni şərtlər üzrə Moskva ilə Tartus dəniz bazası və Latakiyadakı Xmeymim aviabazasına dair danışıqlar apardığını qeyd edib.
Əş-Şaraa martın 10-da Suriyadakı PKK terror qruplaşmasının qolları YPG/PYD-nin təsis etdiyi “Suriya Demokratik Qüvvələri”nin komandanı Mazlum Abdi ilə görüşüb. Silahlı qruplaşma ilə əldə edilən anlaşmaya əsasən, “SDQ” Suriya Silahlı Qüvvələrində xidmət etməyə razılıq veriblər.
Prezident İrana eyham vuraraq qiyamla bağlı Bəşər Əsəd tərəfdarlarını və “Suriyadakı yeni reallıqdan uduzmuş” xarici gücləri günahlandırıb.
Bu, ilk baxışdan Suriyada ABŞ və Rusiyanın maraqlarının razılaşdırıldığı kimi görünür.
Vaşinqton rəsmi Dəməşqlə “SDQ”nin razılaşmasını, habelə gələcəkdə onların nəzarəti altında olan neft-qaz bölgələrində Suriya ilə əməkdaşlıq etməyi, habelə kürd etnik qrupunun milli maraqlarının təmin olunmasını istəyir.
Rusiyanın əsas hədəfi ölkə ərazisində mövcud bazasının fəaliyyətini davam etdirməsi, perspektivdə regional və ikitərəfli məsələlər dair qarşılıqlı əməkdaşlıq etməkdir.
Suriyada Ağ evlə Kremlin maraqlarının toqquşduğu məqamlardan biri Rusiyanın hərbi bazaları ilə bağlı ola bilər. Habelə Moskva perspektivdə Yaxın Şərqdə istəklərini həyata keçirmək məqsədi ilə Suriyadan meydan, platsdarm kimi istifadə etməyə çalışar. Çünki Rusiya ərəb ölkələri ilə gələcəkdə əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir. O bunun üçün Çinlə birlikdə fəaliyyət göstərmək niyyətindədir. Körfəzdə İran və Rusiya ilə ÇXR-in birgə hərbi manevr keçirməsi də Pekin və Moskvanın regional maraqlarının göstəricisidir.
Odur ki, güclərin maraq və mövqelərinin qarşıdurması perspektivdə Suriyanın Əfqanıstana çevrilməsi ehtimalını da istisna etmir.
Ötən əsrin 70-ci illərinin sonlarında ABŞ ilə keçmiş SSRİ-nin Əfqanıstanı ələ keçirmək, ölkəyə nəzarət uğrunda mübarizəsi başlamışdı. 1978-ci ildən başlayaraq sovetlər bu ölkəyə milyardlarla iqtisadi və hərbi yardım göndərdi.
SSRİ-nin yardımı ilə 1978-ci il aprelin 30-da Əfqanıstan Demokratik Respublikası yaradıldı. Kasıb, elmi, texniki və iqtisadi cəhətdən geri qalmış olduqlarından onlar sovetlər özləri üçün nümunə olaraq seçmişdi. Bu həm də SSRİ-nin Asiyada nüfuzunun artması, nəzarət miqyasının genişlənməsi demək idi. Odur ki, ABŞ onun Əfqanıstana hakim olmasına imkan vermədi.
SSRİ-nin bu ölkəni işğalı ilə razılaşmayan ABŞ Konqresi 1980-ci ilin aprelində Əfqanıstan müxalifətinə birbaşa yardım məqsədilə 15 milyon dollar yardım ayrılmasına razılıq verdi. Bundan başqa ABŞ və Qərbi Avropa hökumətləri SSRİ qarşı döyüşən əfqan mücahidlərinə külli miqdarda silah-sursat ayırmağa başladı. Bununla da dünya ictimaiyyəti SSRİ-ni işğalçı olaraq tanıdı. Sovetlərin müqaviməti 1989-cu il fevralın 15-də qoşunlarını Əfqanıstandan çıxarmaqla nəticələndi.
Əfqanıstan Vaşinqtonun nəzarəti altına keçdi. Ancaq bu ölkə daxilindəki siyasi-silahlı qruplaşmalar hakimiyyət uğrunda müharibə aparmağa başladı. Onların hamısını ölkədən qovub, çıxarmaq, yaxud neytrallaşdırmaq üçün ABŞ-nin dəstəklədiyi “Taliban” hərəkatı hakimiyyət gətirildi. 1994-cü ildə yaradılan bu qruplaşma 1996–2001-ci illərdə Əfqanıstanın əksər ərazisini idarə etdi. ABŞ bir müddət onları dünyəvi qüvvələrlə əvəzlədi. 2001-ci ildən 2021-ci ilədək həmin qüvvələr hakimiyyətdə qaldı. Onlar yenidən “Taliban”la əvəz edildi.
Hazırda hərəkat Əfqanıstana rəhbərlik edir. Ancaq onları heç bir dövlət de-yure, o cümlədən ABŞ başda olmaqla Qərb ölkələri hələ də tanımır. Onlar Əfqanıstana tətbiq edilən sanksiyaları hələ də ləğv etməyiblər.
Suriyada Hafiz Əsəd hakimiyyəti və onun sosialist BƏƏS Partiyası Moskvanın himayəsi altında olub. O, öləndən sonra oğlu Bəşşar da Kreml tərəfindən müdafiə və himayə olundu. Ancaq bu dəfə varis Rusiya etdi. Onun hakimiyyəti İŞİD terror qruplaşmasına qarşı mübarizədən qalib çıxmadı. Bunu ABŞ başda olmaqla beynəlxalq koalisiya etdi. Habelə ölkənin şimalında PKK terror qruplaşmasının YPG/PYD adlı təşkilatları fəaliyyət göstərməyə başladı.
Bəşşar Əsəd ölkəyə bütövlükdə nəzarət qabiliyyətini itirmişdi. İran bu ölkə ərazisindən İsrailə qarşı döyüş meydanı kimi istifadə etməyə başladı. Bəşşar Əsədin legitimliyi də Qərb dövlətləri, Türkiyə, Azərbaycan tərəfindən qəbul olunmurdu. HƏMAS-ın və Livanda “Hizbullah”ın İsraillə müharibədə zəifləməsi ona rejimini sürdürməyə problem yaratmışdı. Belə ehtimal etmək olar ki, sponsorları, xüsusi ilə Moskva ona ölkəsinin tərk etməyi məsləhət görmüş, bu da reallaşmışdı.
Bəşşar Əsəd Suriyanı tərk etməməklə Rusiya və İranın təmin olunmuş maraqlarını da Moskvaya aparıb. Suriyada döyüşən qrupların, “Həyat Təhrir əş-Şam” lideri Əhməd əş-Şaraanın başçılıq etdiyi silahlı qüvvə “Taliban” kimi hamıdan güclü olaraq hakimiyyət gəlib. O, ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanın yardımı və razılığı ilə Suriyanın prezidenti elan olunub.
Ona müxalif olan İranyönlülər, Əsəd rejimindən qalma, habelə Əş-Şaraa hakimiyyətini qəbul etməyən silahlı qruplaşmalar mövcuddur. Bundan başqa ABŞ başda olmaqla qərbin yardım etdiyi PKK qruplaşmasının YPG/PYD silahlıları da hələ tam Suriya ordusunun tərkibinə keçməyib. Çünki bu məsələdə hələ ki yalnız “SDQ”-nin adı hallanır. O birilərinin perspektivdə Əhməd əş-Şaraaya təzyiq vasitəsi kimi saxlanılmasını da ehtimal etmək olar. Suriyada qarşıdan gələ bir il yarımda parlament və prezident seçkilərinin keçirilməsi nəzərdə tutulub. Bu isə ölkədə siyasi vəziyyətin yenidən gərginləşə biləcəyini istisna etmir.
Vəziyyət tam olaraq eyni olmasa da Suriya ilə Əfqanıstandakı vəziyyət arasında müəyyən yaxınlıq var. “Həyat Təhrir əş-Şam” isə hakimiyyətə gəlişi ilə “Taliban”a oxşayır.(Report)