Rusiya məqsədinə tam çatmayıb, amma: Putin müharibəni başa çatdırmağa hazırdır
Yenixeber.org: Rusiya Prezidenti Vladimir Putin artıq işğal olunmuş Ukrayna ərazilərinə nəzarəti saxlamaq şərti ilə üçüncü ilində müharibəni dayandırmağa və barışığa hazırdır. Bu barədə “Reuters” Rusiya Prezidentinə yaxın 5 mənbəyə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Putin başa düşür ki, növbəti hücum kütləvi səfərbərliyin təkrarlanmasını tələb edəcək, onun birinci dalğası - 2022-ci ilin payızında hökumətin reytinqini aşağı salıb və yüz minlərlə Rusiya vətəndaşının xaricə qaçmasına səbəb olub.
Buna görə də, mənbələr bildirirlər ki, Putin müharibəni başa çatdırmağa hazırdır, baxmayaraq ki, onun ilkin məqsədləri - Ukraynanın Donetsk və Luqansk vilayətlərinin (DXR və LPR) ərazilərinin tam ələ keçirilməsi yerinə yetirilməmiş qalır.
Kreml əmindir ki, işğalın nəticəsini vətəndaşlarına “qələbə” kimi sırıya biləcək.
“Putin deyəcək ki, biz qalib gəldik, NATO bizə hücum etdi, suverenliyimizi qoruyub saxladıq və Krıma quru dəhlizimiz var”, - deyə “Reuters” mənbələrindən biri söyləyib.
Agentliyin bütün həmsöhbətləri deyiblər ki, Putinin heç bir güzəştə getməyə hazır olmadığı əsas şərti Rusiya ordusu tərəfindən ələ keçirilən bütün ərazilərdir. Əgər Qərb onun təklifini rədd edərsə, Putin mübarizəni davam etdirməyə hazırdır.
Maraqlıdır ki, Kreml ötən ilin sonunda oxşar təkliflə çıxış etmişdi, lakin vasitəçilər səviyyəsində aparılan danışıqlardan sonra bu ideya rədd edildi. Mənbələrin verdiyi məlumata görə, fevralda ABŞ Kiyevin iştirakı olmadan atəşkəsi müzakirə etməkdən imtina edib. Amma o vaxtdan Qərbin köməyi olmadan qalan, Donbass və Xarkov vilayətindəki əraziləri təslim etməyə məcbur olan Ukrayna Silahlı Qüvvələri üçün cəbhə xəttində vəziyyət daha da mürəkkəbləşib. Putin ordusunun Ukraynaya doğru yavaş-yavaş irəliləyəcəyini gözləyir. Nəticədə, mənbələrinə görə, Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin özünün sülh təklifi ilə çıxış edəcəyinə ümid bəsləyir.
Putin Qərbin Ukraynaya hərbi yardımı gecikdirməkdə davam edəcəyinə inanır və eyni zamanda, Rusiyanın demoqrafik üstünlüklərinə ümid edir ki, bu da ən azı hələlik Kremlə döyüş meydanında Ukrayna Silahlı Qüvvələri üzərində sayca üstünlüyünü qoruyub saxlamağa imkan verir.
Lakin Qərb kəşfiyyat mənbələrinə görə, İkinci Dünya müharibəsindən sonra Avropada baş verən ən böyük müharibə artıq Rusiyaya təxminən yarım milyon insanın ölümünə və yaralanmasına səbəb olub. Kreml isə ehtiyat edir ki, cəbhədən qayıdan “veteranlar” iş tapmaqda və gəlir əldə etməkdə problem yaşayacaqlar. Və bu, öz növbəsində, cəmiyyətdə gərginliyə səbəb ola bilər.
ABŞ Dövlət Departamentinin sözçüsü “Reuters” agentliyinə bildirib ki, Putinin təşəbbüsləri ilə bağlı ABŞ-ın rəsmi mövqeyi dəyişməz olaraq qalır: Ukraynada sülh nizamlanması onun beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü nəzərə almalıdır.
“Rusiya Ukrayna şəhərlərinə, limanlarına və insanlarına qarşı hər gün amansız hücumları davam etdirməkdənsə, qoşunlarını Ukraynadan çıxarsa, istənilən vaxt müharibəni dayandırmaq olar”, - diplomat əlavə edib.(AYNA)