BRÜSSELDƏ İRƏVANA YARIMÇIQ DƏSTƏK VƏD EDİLDİ – Ermənistan yenə Rusiyaya möhtac buraxıldı
"Brüsseldə Ermənistana maliyyə və informasiya dəstəyinin veriləcəyi açıqlandı. ABŞ dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrell mətbuat qarşısında çıxışlarında Ermənistana təhlükəsizlik təminatı və ya hərbi yardım veriləcəyi barədə heç nə demədilər".
Yenixeber.org: Bunu politoloq Elxan Şahinoğlu görüşün yekununu şərh edərkən bildirib.
"Mümkündür ki, bu mövzu qapalı dairədə müzakirə olunub, hərbi yardımın indiki mərhələdə açıqlanması lazım bilinməyib", - o, qeyd edib.
Politoloq xatırladıb ki, ABŞ və Avropa İttifaqı rəsmiləri Brüsseldə Qarabağı tərk etmiş ermənilərə maliyyə ayıracaqlarını bildirdilər.
Onun sözlərinə görə, bu maliyyənin Qarabağı tərk etmiş ermənilərin Ermənistan cəmiyyətinə inteqrasiya və yerləşməsi üçün ayrılacağı vurğulandı: "Elə bizə də o lazımdır ki, Qarabağı tərk etmiş ermənilər Ermənistanda qalıb yaşasınlar, çünki onlar geri dönüb Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlər. Vaşinqton və Brüssel ermənilərin Qarabağa qayıtmayacağı reallığını qəbul edib".
E.Şahinoğlu deyir ki, ABŞ və Avropa İttifaqı Brüssel görüşü vasitəsilə Ermənistanı himayəsi altına aldığını elan edir: "Brüssel görüşünün əsas nəticəsi budur. Vaşinqton və Brüssel faktiki bəyan etdilər ki, Nikol Paşinyanın hakimiyyətini Rusiyanın təzyiqlərindən qorumağa hazırdılar. Ancaq Vaşinqtonun və Brüsselin Ermənistana ayırmağa planlaşdırdıqları maliyyə böyük deyil. Bu Ermənistanı Rusiyanın iqtisadi təzyiqlərindən qorumaq üçün kifayət etməyəcək. Rusiya Ermənistana satdığı qazın qiymətini artırarsa və ya ümumiyyətlə kəsərsə İrəvanın bu vəziyyətdən neçə çıxacağı bəlli deyil".
Ekspert təəssüflə qeyd edir ki, Entoni Blinken və digərləri Brüsseldəki ortaq açıqlamalarında Ermənistanın Azərbaycanla sülh sazişi imzalaması vacibliyi barədə heç nə demədilər. "Onlar Paşinyanın “sülh kəsişməsi” ideyasına dəstək verdiklərini söylədikləri halda Prezident İlham Əliyevin daha geniş “Qafqaz evi” ideyasına münasibət bildirmədilər.
Ursula von der Leyen onu da söylədi ki, Ermənistan Qara dəniz sualtı kabeli vasitəsilə Avropaya təmiz enerji nəqlində maraqlıdırlar.
“Biz Ermənistanın “yaşıl enerji” istehsalına və Gürcüstanla daha yaxşı əlaqələnməsinə dəstək verəcəyik” – deyən Avropa İttifaqı rəsmisi bu mövzuda danışarkən layihənin əsas iştirakçısının Azərbaycan olduğunu söyləmədi. Halbuki, Avropaya yaşıl enerjinin nəqli ideyası Azərbaycana məxsusdur və Qara dənizin dibi ilə sualtı kabel çəkiləcək. Ermənistanın bu layihəyə qoşulması üçün mütləq şəkildə Azərbaycanla sülh sazişi imzalaması lazımdır, əks halda Qara dənizin dibi ilə ikinci sualtı kəməri çəkiləcək" – deyə, E.Şahinoğlu vurğulayıb.(Azpolitika)
Rasim Əliyev