Stoltenberqin Ermənistanda dəhşətli bəyanatı... -"...Ermənistan üçün sarsıdıcı olacaq"
NATO-nun Baş katibi Yens Stoltenberqin Ermənistanda “Mən sizin (Ermənistanın – red.) Ukrayna ilə həmrəyliyinizi alqışlayıram və bütün tərəfdaşları Putinin işğalçılıq müharibəsində qalib gəlməsinin qarşısını almaq üçün əllərindən gələni etməyə çağırıram. Əgər Putin Ukraynada uğur qazansa, onun aqressiyasının bununla da dayanmayacağı və digər avtoritar qurumların bundan ruhlanacağı riski realdır” sözləri siyasi müşahidəçilər arasında ciddi rezonans doğurub.
Yenixeber.org: Erməni mediası xəbər verir ki, bəzi erməni politoloqlar KTMT üzvü, Rusiya ilə strateji müttəfiqlik müqaviləsi olan Ermənistanın paytaxtında, Baş nazir Nikol Paşinyanla keçirdiyi mətbuat konfransında Stoltenberqin belə ifadələr işlətməsini “dəhşətli açıqlama” adlandırıb.
Mövzu ilə bağlı danışan ekspert Qriqor Balasanyan deyib ki, Stoltenberqin səfərinə və Bakıda verdiyi bəyanata da baxmaq lazımdır:
“Onun səfəri kifayət qədər maraqlı keçdi və təəccüb doğuran açıqlamalar verildi. O, Bakıda Azərbaycanı NATO-nun tərəfdaşı elan etdi və qeyd etdi ki, Azərbaycan heç vaxt NATO-ya üzv olmaq arzusunu ifadə etməyib.
Ermənistana gəlincə, təəssüf ki, o, səfərinin əsl məqsədini göstərdi və bildirdi ki, onlar Ermənistanın Ukrayna ilə bağlı mövqeyini yüksək qiymətləndirirlər və hesab edirlər ki, İrəvan da hər şeyi etməlidir ki, Putin Ukraynada qalib gəlməsin. Bu, dəhşətli bəyanat idi, Ermənistan tərəfinin buna ümumiyyətlə reaksiya verməməsi təəccüblüdür. Bu çətin sərhəd vəziyyətində belə bəyanatlara reaksiya verməmək çox ciddi təhlükələrlə doludur”.
O qeyd edib ki, bu bəyanata artıq Moskvadan cavab var:
“Qorxuram ki, bu cavab həm də hərəkət formasında ola bilər, yəni müharibə olarsa, Rusiya müdaxilə etməyəcək və bu, ilk növbədə Ermənistan üçün sarsıdıcı olacaq. Peskovun reaksiyası dərin narahatlıq doğurur”.
Beynəlxalq ekspertin fikrincə, Stoltenberqin “digər avtoritar qurumlar” ifadəsi İrana aiddir, ona görə də belə çıxır ki, Ermənistan ölkəmiz üçün təhlükəli olan geosiyasi oyunlara girib.