Deputat: “Paşinyan daxili auditoriyanı kəndlərin qaytarılmasına alışdırmağa çalışır”
Yenixeber.org: Ermənistanın işğalında olan Azərbaycan kəndlərinin – Qazağın 7, Sədərəyin Kərki kəndinin qaytarılması ilə bağlı müzakirələr davam etməkdədir. Azərbaycan-Ermənistan sərhədlərinin delomitasiyası üzrə komissiyanın sonuncu iclasından sonra rəsmi Bakı ilkin mərhələdə Qazağın anklav olmayan 4 kəndinin qaytarılmalı olduğunu bəyan etdi. Bundan sonra Ermənistan tərəfindən rəsmi və qeyri-rəsmi bəyanatlar verildi. Ermənistanın Baş naziri Nikol Paşinyan bəyanatında ziddiyyətlər müşahidə edilsə də, erməni cəmiyyəti rəsmi İrəvanın kəndləri təhvil verməyə hazır olduğunu düşünür.
Ermənistan kəndləri dinc yolla təhvil verməsə, Azərbaycan Ordusunun əməliyyat keçirə biləcəyi ehtimalı da tez-tez səsləndirilir. Ermənistan ictimaiyyətində və Azərbaycan ictimaiyyətində kəndlərimizin savaşla qaytarılacağı variantının mümkün olduğu fikri aktuallaşıb.
Mövzu ətrafında suallarımızı cavablandıran Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib ki, Ermənistan tərəfi də, Azərbaycan tərəfi də sərhədlərin delimitasiyası barədə ortaq mövqedən çıxış edir:
- Azərbaycan sülh sazişi ilə bağlı haqlı şərtlərini İkinci Qarabağ müharibəsindən dərhal sonra irəli sürüb. Bu şərtlər beynəlxalq hüquqla tam şəkildə uzlaşır. Azərbaycanın güclü mövqeyinin təsiri ilə Ermənistan da sərhədlərin delimitasiyası üzrə komissiya yaratsın. Bu istiqamətdə də müzakirələr getməkdədir. Rəsmi İrəvan delimitasiyada maraqlı olduğunu bəyan edib. Burada Ermənistan nə qədər səmimidir, onu zaman göstərəcək.
- Komissiyanın yeddinci iclasından sonra Azərbaycan işğalda olan 8 kəndindən dördünün ilkin mərhələdə qaytarılması gündəmdədir, digər 4 kənd isə komissiyanın növbəti iclaslarında müzakirə olunacaq. Amma Ermənistan tərəfindən ikibaşlı açıqlamalar verilir. Sizcə, bu məlumatların əsasında nə dayanır?
- Azərbaycanın tələbi ondan ibarətdir ki, anklav olmayan 4 kənd ilkin mərhələdə qaytarılmalıdır və burada hansısa müzakirə predmeti yoxdur. Prezident İlham Əliyev yanvar ayında yerli televiziyalara müsahibəsində bildirmişdi ki, anklav olmayan 4 kənd qeyd-şərtsiz Azərbaycana təhvil verilməlidir. Təbii ki, əsas məsələ sərhədlərin delimitasiyasının aparılmasıdır. Amma bütün hallarda bu, imzalanacaq sülhün başlıca şərti olmamalıdır. Çünki Azərbaycan bundan istifadə edərək sülh sazişinin imzalanmasını süni şəkildə uzada bilər.
Dörd kəndin ilkin mərhələdə Azərbaycana qaytarılması ilə bağlı Ermənistanın mövqeyi fərqli ola bilər. Lakin İrəvanın bir çıxış yolu var - dörd kənd heç bir müzakirə aparılmadan təhvil verilməlidir. Bu kəndlər Azərbaycanın ərazi bütövlüyünə daxildir. İndi Ermənistanda hansısa fikirlər səslənə bilər, fərqli danışa bilərlər. Amma qapalı iclaslardan birincə Paşinyan bəyan edib ki, 4 kənd qaytarılmalıdır. Bəli, bu gün Paşinyan hökumətinin mövqeyi Ermənistanda kifayət qədər zəifləyib. Baş nazirə qarşı çıxmağa hazır olan qüvvələr var. Ona görə də Paşinyan daxili auditoriyanı kəndlərin qaytarılmasına alışdırmağa çalışır. Daxili auditoriyanın buna hazırlanması istiqamətində Azərbaycana qarşı da müəyyən əsassız iddialar səsləndirir. Məncə, İrəvandan verilən ziddiyyətli bəyanatlar da bununla bağlıdır.
- Belə fikirlər var ki, Ermənistan dinc yolla kəndləri qaytarmasa, Azərbaycan Ordusu hərəkətə keçə bilər. Bu fikirlərlə razısınızmı?
- İnanmıram ki, Ermənistan belə səhvə yol versin. Artıq təcrübə göstərir ki, Azərbaycan ərazilərini işğalda qoymayacaq, bunun üçün diplomatik imkanlar tükəndikdə hərbi varianta əl atıla bilər. Məncə, diplomatik yolla məsələnin həlli imkanı hələlik tükənməyib.
- Məlumdur ki, Ermənistan havadarları tərəfindən silahlandırılır. Bu silahlanma Cənubi Qafqazda yeni hərbi münaqişənin yaranması ilə nəticələnə bilərmi?
- Düşünmürəm ki, rəsmi İrəvanın regionda vəziyyətə ciddi təsir edə biləcək hansısa addımlar atmaq imkanı var. Bəli, Paşinyan hökumətinin Qərblə siyasi-diplomatik və hərbi-texniki müstəvidə yaxınlaşması Cənubi Qafqazda ciddi gərginlik elementlərinin formalaşmasına hesablanıb. Amma Ermənistan bu gün təkbaşına Azərbaycanın təhlükəsizliyinə təhdid yaratmaq gücündə deyil. İstək var, amma güc yoxdur. Yeri gəlmişkən, sistemli şəkildə həm Fransa, həm də Hindistan tərəfindən Ermənistanın silahlandırılması gələcəkdə regionda - Cənubi Qafqazda yeni münaqişə ocağının yaradılmasına hesablanıb. Bunun da nəticələri region üçün çox təhlükəli ola bilər.(AYNA)