Natic Cəfərli: “Mişustin sanksiyalar altında olan Rusiyanın Azərbaycanla harada mümkün əməkdaşlıq imkanları varsa, onları müzakirə etdi”
Yenixeber.org: Rusiyanın Baş naziri Mixail Mişustinin Azərbaycana iki günlük səfəri başa çatdı. Qeyd edək ki, Rusiya Federasiyası Hökumətinin sədri martın 5-də Bakıya səfər etdi və bir sıra görüşlər keçirdi. Əvvəlcə Mişustin Azərbaycan Prezidenti İlham Əliyevlə, daha sonra Baş nazir Əli Əsədovla görüşüb. Görüşlərdə Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığının inkişafı, energetika, nəqliyyat, sənaye, mədəniyyət-humanitar və digər sahələrdə birgə əməkdaşlıq müzakirə edilib.
Ekspertlər bildirirlər ki, Mişustinin hazırkı məqamda Azərbaycana iki günlük səfəri, müzakirələr sıradan hal deyil. Bəzi analitiklər isə hesab edirlər ki, hazırda Rusiya-Azərbaycan münasibətlərində normallıq var və iki ölkə arasında bir çox sahələrdə əməkdaşlıq mövcuddur. Bu baxımdan, Rusiya Baş nazinin səfərində qeyri-adi nəsə axtarmağa dəyməz.
Qonşu ölkənin hökumət rəhbərinin Bakıya iki günlük səfəri ilə bağlı suallarımızı cavablandıran REAL Partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli deyib ki, əslində Azərbaycan-Rusiya münasibətlərini Azərbaycan-Rusiya-Türkiyə kontekstində dəyərləndirmək lazımdır:
- Münasibətlər son vaxtlar getdikcə daha çox üçbucaq formatında cərəyan edir. Azərbaycanla Türkiyənin strateji əməkdaşlığı, müttəfiqliyi Rusiya ilə münasibətlərə təsir göstərir. Yeri gəlmişkən, Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra adı hallanmayan ölkələrdən biri Azərbaycandır ki, Rusiyaya sanksiyalardan yan keçməyə kömək etməkdə ittiham olunmur. Beynəlxalq mediada Rusiyaya yardım etməkdə adı keçən Ermənistan, Qırğızıstan, Qazaxıstandır, hətta Türkiyənin də adı hallanır. Azərbaycanın isə adına rast gəlinmir. Çünki Azərbaycan bu məsələyə həssaslıq nümayiş etdirir. Mənə elə gəlir ki, Mişustin səfəri zamanı sanksiyalar altında olan Rusiyanın Azərbaycanla harada mümkün əməkdaşlıq imkanları varsa, onları müzakirə etdi.
- Yəni ki, Rusiya Baş naziri ölkəsinin sanksiyalardan yan keçmək üçün Azərbaycandan da kömək istədi?
- Təbii ki, Rusiya harada imkan və fürsətlər varsa, o sahədə əməkdaşlığı istəyir. Hansılar ki, Azərbaycanın həssasiyyətinə toxunmayacaq, o sahələrdə əməkdaşlıqla Moskva maraqlıdır. Sanksiyalarla bağlı Azərbaycan üzərinə hansısa məsuliyyət almaq istəmir, buna ehtiyac da yoxdur. Onu da deyim ki, Azərbaycan Cənubi Qafqaz ölkələri arasında Rusiyadan iqtisadi cəhətdən ən az asılı olan dövlətdir. Bizim ixracatda Rusiya heç ilk onluqda da deyil. İdxal isə əsasən sanksiyaya düşməyən məhsullarla bağlıdır. Sanksiyalara düşməyən məhsulların alınmasında, satılmasında isə problem yoxdur.
- Səfərdə məqsəd təkcə bu idimi?
- Əlbəttə ki, yox. Səfərin detalları demək olar ki, açıqlanmadı. Fikrimcə, bir çox sahələrlə bağlı müzakirələr aparılıb. Çox güman ki, əsas müzakirə məsələsi logistika ilə bağlıdır. Şimal-Cənub Dəhlizi və Şərq-Qərb Dəhlizi müzakirə edilib. Logistika ilə bağlı spesifik problemlər var. İndi Şimal-Cənub marşrutu gələcək üçün perspektiv vəd edir. Amma problem odur ki, bu marşrutun əsas iki ölkəsi – Rusiya və İran sanksiyalar altındadır. Beynəlxalq aləm bu marşrutdan istifadə etmək istəmir. Heç bir beynəlxalq sığorta şirkəti sanksiyalar səbəbindən nə İran, nə Rusiya məhsullarını sığortalamaq istəyir. Şimal-Cənub Dəhlizi əsasən Rusiya-İran münasibətləri əsasında formalaşıb. Bu yol Rusiya və İran üçün çox vacibdir, Azərbaycan isə bu marşrutun əsas həlqəsidir. Güman ki, bu məsələ müzakirə olunub, əməkdaşlığın mümkünlüyü barədə fikir mübadiləsi aparılıb.
İkinci məsələ isə Şərq-Qərb Dəhlizi, o cümlədən Zəngəzur dəhlizi məsələsi müzakirə olunub. Rusiya Zəngəzur dəhlizinə nəzarət məsələsində son dərəcə israrlıdır. Bu dəhlizin açılması məsələsində fikir mübadiləsinin aparılmaması mümkün deyil.
Eyni zamanda, Baş nazir Əli Əsədovla görüş zamanı turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb.
Səfər zamanı digər bir çox məsələlər – iqtisadi əlaqələr, mədəni əlaqələr və s. müzakirəsi aparılıb. Bir çox sahələrlə bağlı Rusiya ilə Azərbaycan arasında imzalanmış sənədlər var ki, onların icrası ilə bağlı müzakirələr aparılıb, bu da normaldır.(AYNA)