İsrailə qarşı yeni cəbhə: İranın dəstəklədiyi qruplaşma müharibəyə qoşulur
İsrail və HƏMAS arasında davam edən müharibə Qırmızı dənizdə də vəziyyəti gərginləşdirib.
Yenixeber.org xəbər verir ki, Bəhreynə səfər edən ABŞ-ın müdafiə naziri Lloyd Ostin Qırmızı dənizdə və Əsən körfəzində ticarət gəmilərini Yəməndəki İran tərəfindən dəstəklənən husi qiyamçılarının hücumlarından qorumaq üçün yeni koalisiya yaradılmasına çağırış edib.
O bildirib ki, koalisiyanın tərkibində müxtəlif ölkələrdən ibarət hərbçilər olmalıdır.
"Bu, kollektiv fəaliyyət tələb edən beynəlxalq çağırışdır. Buna görə də bu gün mən mühüm yeni çoxmillətli təhlükəsizlik təşəbbüsü olan Rifah Qoruyucusu Əməliyyatının yaradılmasını elan edirəm", - Ostin deyib.
Pentaqon rəhbəri Birləşmiş Ştatların başçılıq edəcəyi koalisiyaya Bəhreyn, Britaniya, Kanada, Fransa, İtaliya, Niderland, Norveç, Seyşel adaları və İspaniyanın daxil olacağını açıqlayıb.
Qeyd edək ki, son günlər Qırmızı dənizdə və Əsən körfəzində üzən ticarət gəmiləri pilotsuz uçuş aparatları və raketlərlə hücuma məruz qalır. Hücumlar Yəməndə beynəlxalq aləm tərəfindən tanınmayan, ancaq ölkə ərazisinin böyük bir hissəsinə nəzarət edən husi qiyamçıları tərəfindən həyata keçirilir. İranın dəstəklədiyi husilər Yəmənin paytaxtı Sənadan 1000 mildən çox məsafədə yerləşən həyati əhəmiyyətli ticarət yollarındakı gəmilərə hücum edir. Qruplaşma hətta İsrailə pilotsuz uçuş aparatları və raketlərlə hücum edərək İsrail-HƏMAS qarşıdurmasına daxil olublar.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında deyilir ki, husilər bazar ertəsi Qırmızı dənizin cənubunda iki ticarət gəmisinə hücum ediblər. Kimyəvi məhsul və neft daşıyan "Swan Atlantic" tankeri pilotsuz uçuş aparatları və gəmi əleyhinə ballistik raketlə hücuma məruz qalıb. CENTCOM-un verdiyi məlumata görə, təxminən eyni vaxtda və fərqli yerdə "MSC Clara" yük gəmisi yaxınlığında partlayış baş verib. Hər iki gəmidə xəsarət alan olmayıb.
Husilər İsraili və ABŞ-ı təhdid edir
Husi qiyamçılarının sözçüsü Yəhya Sari bazar ertəsi günü gəmilərin hücuma məruz qaldığını təsdiqləyib. O bildirib ki, gəmi ekipajları zənglərə cavab vermədiyi üçün pilotsuz uçuş aparatlarından istifadə edilib.
Husilər milliyyətindən asılı olmayaraq İsrailə gedən bütün gəmiləri hədəf alacaqlarını bildiriblər və beynəlxalq gəmiçilik şirkətlərinə İsrail limanlarından istifadə etməmələri barədə xəbərdarlıq ediblər.
Husilərin siyasi bürosunun üzvü Məhəmməd əl-Buxaiti "Əl-Cəzirə" telekanalına müsahibəsində deyib ki, qruplaşma Qırmızı dənizə yerləşdiriləcək ABŞ-ın rəhbərlik etdiyi istənilən koalisiyaya qarşı çıxa biləcək.
ABŞ dövlət katibi Antoni Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan ilə telefon danışığında Husilərin ticarət gəmilərinə hücumlarını pisləyib.
Qəzada humanitar vəziyyət pisləşir
HƏMAS-ın hücumuna cavab olaraq İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyat isə davam edir. İsrail İran tərəfindən dəstəklənən və husilərlə əməkdaşlıq edən HƏMAS hərəkatını məhv edəcəyinə söz verib.
Qəzza zolağına endirilən zərbələr və qurudan əməliyyat anklavda humanitar vəziyyəti pisləşdirib. Ümumdünya Səhiyyə Təşkilatının rəsmisi bazar ertəsi günü bildirib ki, Qəzzanın şimalında yerləşən Kamal Advan xəstəxanası artıq fəaliyyət göstərmir və xəstələr evakuasiya edilib.
ÜST-ün Qəzza üzrə nümayəndəsi Riçard Piperkorn bildirib ki, anklavın cənubundakı Xan Yunus şəhərində Nasser tibb kompleksinin ərazisinə sığınan təxminən 4000 nəfər risk altındadır.
Bu gün səhər saatlarında Xan Yunis bölgələrində yaşayan şəxslər jurnalistlərə HƏMAS döyüşçüləri ilə İsrail qüvvələri arasında şiddətli atışmaların olduğunu bildiriblər. Sakinlərin sözlərinə görə, İsrail tankları və təyyarələri şəhər mərkəzinə yaxın əraziləri bombalayıb
HƏMAS tərəfindən Qəzzada yaradılan Səhiyyə Nazirliyinin məlumatına görə, döyüşlər zamanı 19 453 fələstinli ölüb, 52 286 nəfər yaralanıb.
İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS üzərində tam qələbə qazanacağına söz verib. Bazar ertəsi İsraildə səfərdə olan ABŞ müdafiə naziri Ostin Vaşinqtonun İsrailə dəstəyinin “sarsılmaz” olduğunu bildirib, lakin o, müttəfiqini mülki insanları qorumaq üçün daha çox səy göstərməyə çağırıb.
HƏMAS girovların videosunu yayıb
Bu arada HƏMAS girov saxladığı israillilərin videosunu yayımlayıb. 79 yaşlı Xaim Peri, 80 yaşlı Yoram Metzger və 84 yaşlı Amiram Kuper adlı şəxslərin olduğu bildirilən video HƏMAS-ın "Telegram" kanalında paylaşılıb. Onlardan biri girovların "çox ağır şəraitdə çox əziyyət çəkdiklərini" deyib. O, İsraildən onların qeyd-şərtsiz azad edilməsini təmin etməyi xahiş edib.
Qeyd edək ki, İsrail və HƏMAS noyabrın sonunda Qətər və Misirin vasitəçiliyi ilə bir həftəlik atəşkəs barədə razılığa gəliblər. Bu zaman HƏMAS 100-dən çox girovu, İsrail isə 240 fələstinli məhbusu azad edib.
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi, İsrailin Mossad kəşfiyyat agentliyi və Qətərin baş nazirinin daha çox girovların azad edilməsi ilə bağlı danışıqlar apardığı bildirilir. Bu barədə hələlik rəsmi məlumat verilməyib.(Modern)