Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Döyüş bölgəsindən birbaşa:dronların savaşı, qanlı qış, “feyk hücumları”

İdrak Camalbəyli: “Prezidentlə Baş Qərargah rəisi arasında hakimiyyət uğrunda mübarizə getmir, əksinə...”

“Hazırda Avdiyevka və Kupyansk istiqamətində şiddətli döyüşlər gedir. Rusiya ordusu bu istiqamətlərdəki qanlı döyüşlərdə gün ərzində minə yaxın hərbçisini itirir”.

Yenixeber.org: Bu sözləri bizimlə müsahibəsində Ukraynada yaşayan və mütəmadi olaraq döyüş bölgələrindən “Amerikanın Səsi” üçün reportajlar hazırlayan azərbaycanlı jurnalist İdrak Camalbəyli deyib.

Ukraynadakı müharibənin hazırkı vəziyyəti haqqında danışan jurnalist bildirib ki, ümumilikdə Ukrayna ordusunun əks-hücum əməliyyatı ləng gedir:

- Avdiyevka və Kupyansk istiqamətində, əsasən artilleriya döyüşləri və dron hücumları həyata keçirilir. Ukrayna ordusu böyük dron ordusu yaradıb. Xalq orduya əlindən gələn köməyi etməkdədir. İncəsənət adamları, idmançılar, imkanlı şəxslər, sadə vətəndaşlar ianələr toplayır, dronlar alırlar. Dronlarla bağlı orduya güclü mütəxəssislər cəlb olunub. Bunların da sayəsində həmin istiqamətlərdə Rusiya ordusuna ağır zərbələr endirilir.

Ümumilikdə isə digər istiqamətlərdə döyüş səngiyib, əməliyyatlar ləng gedir. Bunu da hər iki tərəfin yorulması ilə əlaqələndirmək olar. Lakin Ukrayna ordusunun Zaporojye, Xerson istiqamətlərində işğalda olan ərazilərini qarış-qarış azad etməsinin şahidi oluruq. Bəli, proses zəif gedir, uzun müddətdir ki, əks-hücum əməliyyatı az ərazilərin geri qaytarılması ilə nəticələnir. Bunun da bir çox obyektiv və subyektiv səbəbləri var.

- Bunlar hansı səbəblərdir?

- Birincisi, dediyim kimi, orduda müşahidə olunan yorğunluqdur. Əsas səbəb isə Ukraynaya Qərb müttəfiqləri tərəfindən silah verilməsinin ləngiməsidir. Bundan əvvəl də, indi də müttəfiqlər tərəfindən Ukraynaya silahlar az-az göndərilir. Lazım olan silahlar mərhələli şəkildə verilir ki, bu, Ukrayna ordusu üçün çətinliklər yaradır.

Düzdür, Ukrayna ordusunun əks-hücum əməliyyatı aparılır, amma bu, sürətli deyil. Belə proqnozlaşdırılır ki, gələn ilin yanvar ayının ortalarında genişmiqyaslı əks-hücumu olacaq. Nəzərdə tutulan əks-hücum əməliyyatı ilə Ukrayna ordusu işğalda olan ərazilərinin böyük hissəsini azad etməyi planlaşdırır.

- Qərbin silah yardımının ləng getdiyini dediniz. Belə fikirlər var ki, Yaxın Şərqdə baş verənlər, HƏMAS-İsrail müharibəsi Ukraynaya qarşı Qərbin diqqətini azaltdı, bununla həm də Kiyevə yardımlar azalmış oldu. Bu, nə dərəcədə doğrudur?

- Yaxın Şərqdə baş verən proseslər Rusiya-Ukrayna müharibəsindən diqqəti bir qədər yayındırdı. Ola bilsin ki, Qərbin Ukraynaya silah tədarükündə də müəyyən axsamalar müşahidə edilir. Amma müttəfiqlərin yardımı, ümumiyyətlə Ukraynadakı qanlı müharibə ilə bağlı Qərbin siyasətində dəyişiklik yoxdur. Pentaqon rəhbərinin dünən Kiyevə səfər etməsi, açıqlamaları onu göstərir ki, Qərbin siyasətində hansısa dəyişiklik yoxdur. Düzdür, Yaxın Şərqdəki münaqişə Kiyevə silah-sursat tədarükünə, maliyyə yardımlarına təsirsiz ötüşmədi. Amma əsas odur ki, yardımlar davam edir.

Ümumiyyətlə, yardımların azalmasını təkcə yaxın Şərqdə baş verənlərlə əlaqələndirmək də doğru deyil. Bu gün 10 milyondan çox ukraynalı Qərb ölkələrində qaçqın həyatı yaşayır. Qaçqınlara yardımlar, onların təminatı və bəzi Avropa ölkələrinin daxilindəki maliyyə sıxıntıları da Kiyevə yardımlara təsir göstərir. Buna baxmayaraq, ABŞ yardımların davam edəcəyini açıqlayıb. Avropada Ukraynaya ən böyük yardımı ayıran Almaniyadır ki, Berlin bəyan edib ki, maliyyə yardımları daha da artırılacaq. Müharibənin Ukraynanın qələbəsi ilə başa çatması üçün Qərbin siyasətini davam etdirəcəyi güman olunur. Proqnozlar bundan ibarətdir ki, gələn ilin sonlarına yaxın Ukrayna müharibəni qələbə ilə başa vuracaq.

- Rusiya tərəfdə vəziyyət necədir, hücumlar artıbmı?

- Məlum idi ki, Rusiya ordusu qış aylarını gözləyirdi. Uzunmüddətli fasilədən sonra Rusiya ordusunun aktivləşməsi müşahidə olunur. Son 10 gündür ki, hər gün Ukraynaya “Şaheed” dronları ilə hücumlar edilir. Bu, əvvəlcədən də proqnozlaşdırılırdı. Rusiyanın qışın sərt dönəmində Ukraynaya raket hücumları təşkil edəcəyi, mülki infrastrukturları hədəfə alacağı bəlli idi. Qarşıdakı həftələrdə Rusiyanın genişmiqyaslı raket hücumuna başlayacağı gözləniləndir. Rusiya tərəfi ötən qış da bu taktikadan istifadə etmişdi. Moskvanın məqsədi mülki infrastrukturu vurmaqla Ukrayna cəmiyyətini hakimiyyətə qarşı qaldırmaqdır, narazılığı artırmaqdır.

- Raket hücumlarına qarşı Ukrayna ordusu tədbirlər görübmü?

- Ukrayna müdafiə olunur. Kiyev, Odessa, Dnepr, Xarkov, Lvov kimi böyük şəhərlərdə hava hücumundan müdafiə sistemləri yerləşdirilib, tədbirlər gücləndirilib. Bəli, hava hücumundan müdafiə sistemində bəzi boşluqlar var. Məsələn, genişmiqyaslı raket hücumları zamanı onların hamısının zərərsizləşdirilə bilinməməsi problemi mövcuddur. Eyni zamanda, bəzi raket növlərini zərərsizləşdirmək üçün lazımi qurğular yoxdur. Amma Ukrayna bu problemləri də yoluna qoymağa çalışır.

- Müharibənin gedişi ilə paralel olaraq, Ukraynanın daxilində siyasi qarşıdurmaların artdığı barədə məlumatlar var. Bu informasiyaların doğruluq payı nə qədərdir?

- Məlumdur ki, Ukraynada növbəti Prezident seçkilərinin vaxtı gələn ilin martına təsadüf edir. Amma dəfələrlə qeyd edilib ki, müharibə şəraitində seçkilər keçirilməyəcək. Təbii ki, bəzi siyasi qüvvələr bununla razılaşmır. Amma belə məlumatlar var ki, guya Ukrayna ordusunun Baş Qərargah rəisi Valeri Zalujnı ilə Prezident Volodimir Zelenski arasında siyasi qarşıdurma var və s. Bunlar Rusiya təbliğat mediasının ortaya atdığı feyk məlumatlardır. Prezidentlə ordu arasında qarşılıqlı anlaşma var və tək məqsəd mövcuddur: Ukraynanın işğal olunmuş ərazilərinin azad edilməsi.

Zelenski ordu siyasətini tamamilə Zalujnıya həvalə edib. Ordunun taktikasına, hücumuna, bütün əməliyyatlarına Zalujnı rəhbərlik edir və qərarları Zalujnı verir. Təbii ki, öhdəliyini icra etməyən, vəzifəsində səhlənkarlığa yol verən ordu rəsmiləri, zabitləri varsa, Zalujnı Zelenski ilə birgə məsləhətləşir və həmin rəsminin vəzifəsindən azad edilməsi qərarı verilir. Buna misal olaraq müdafiə naziri Reznikovun azad edilməsini göstərmək olar. Eyni zamanda, son bir həftədə Ukrayna ordusunda bir neçə kadr dəyişiklikləri həyata keçirilib. Bunlar da normal proseslərdir.

Belə halları Zelenski-Zalujnı qovğası, qarşıdurması kimi təqdim etmək doğru deyil. Zelenski ilə Zalujnı arasında hakimiyyət mübarizəsinin başlaması barədə deyilənlər Rusiya mətbuatının ortaya atdığı dezinformasiyalardan başqa bir şey deyil.(AYNA)

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam